çap et  
AXCP Müsavat ilə birləşmək qərarını verə bilər
AXCP Müsavat ilə birləşmək qərarını verə bilər
Bu qərar sentyabrda partiya qurultayından gözlənir
Şənbə, 21.08.2010

İ.Abbasov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının avqustun 21-nə təyin olunmuş növbəti qurultayı sentyabra keçirilir. Amma qurultayın keçiriləcək günü hələ dəqiqləşdirilməyib. Bu barədə AXCP sədri Əli Kərimli "Obyektiv TV" İnternet-televiziyaya müsahibəsində bildirib.

Qurultayın vaxtının dəyişdirilməsi təşkilati-texniki məsələlərlə əlaqədardır. Kərimlinin sözlərinə görə, partiya meriyaya müraciət edərək qurultayın keçirilməsi üçün yer ayrılmasını xahiş edib və bir müddət bu məsələyə dair danışıqlar aparılıb. Nəhayət, hakimiyyət "Təbriz" kinoteatrında yer ayırıb. Qərar qurultaya 2 gün qalmış qəbul olunduğuna görə, qurultay nümayəndələri və qonaqları üçün çətinlik yaranıb. Əli Kərimli:

"Əslində, qurultay əvvəlki illərdə olmalı idi. Amma 2008 və 2009-cu illərdə bizə nəinki qurultay keçirməyə, hətta rayon təşkilatlarının konfranslarının keçirilməsinə belə imkan verilmirdi. Bu il isə biz 80 rayon təşkilatında konfrans keçirə bilmişik ki, nəticədə qurultaya 600 nümayəndə seçilib. Bundan əlavə, qurultayda çoxlu sayda yerli və xarici qonaqların iştirakı gözlənir. Yəni texniki baxımdan bu qədər insanı 2 gün ərzində qurultaya dəvət etmək imkanımız olmadı, bu səbəbdən qurultayı sentyabra saxlamağa məcbur olduq".

Əli Kərimli Bakı şəhər İcra Hakimiyyətinin AXCP-nin qurultayı üçün ayırdığı "Təbriz" kinoteatrının zalını da o qədər münasib yer saymır. Baxmayaraq, AXCP-nin qurultayı məhz bu ünvanda keçiriləcək və siyasi təşkilat yaxın vaxtlarda qurultayın vaxtını müəyyən edəcək.

Qurultayın gündəliyinə gəlincə, bu, rəhbər orqanların hesabatlarını və onların yeni heyətlərinin seçilməsini əhatə edir.

Bundan əlavə, qurultay seçkilərdə partiyanın strategiyasını müəyyən edəcək, ölkə həyatının mühüm məsələləri üzrə qətnamə qəbul edəcək, həmçinin AXCP və Müsavat Partiyasının birləşməsinə münasibət bildirəcək.

"Partiya üzvlərinin əksəriyyəti birlik tərəfdarıdır, odur ki, ümid edirəm ki, problem olmayacaq", - deyə Kərimli bildirib.

AXCP və Müsavat Partiyasının birləşməsi yolunda ilk addım həmin partiyaların noyabrın 7-də keçiriləcək parlament seçkilərində birgə iştirakı olacaq. Kərimlinin sözlərinə görə, partiyalar 125 dairənin 70-dən çoxunda vahid namizədləri razılaşdıra bilib. "Qanunvericiliyə əsasən, partiyaların rəsmi seçki blokunun yaradılması üçün 60-dan çox dairədə deputatlığa namizədlərin vahid siyahısı irəli sürülməlidir", - deyə o bildirib.

Kərimli çətinlikləri etiraf edir

Çünki hər partiyanın 100 dairədə öz namizədi var. Hazırda təxminən 20 dairədə namizədləri razılaşdırmaq mümkün olmayıb. Həmin dairələrdə hər bir partiya cəmiyyətdə tanınmış adamlara, təcrübəli funksionerlərə malikdir.

"Bu, kifayət qədər mürəkkəb prosesdir, seçmək lazım gəlir. Lakin zənnimcə, müttəfiq partiyadan olan həmkarlarla mübarizə apararaq elektoratı parçalamaq əvəzinə vahid namizəd irəli sürmək yaxşıdır", - deyə AXCP sədri vurğulayıb.

Bəzi dairələrdə AXCP və Müsavat Partiyasını bitərəf namizədlərin dəstəkləməsinə toxunan Kərimli digər müxalifət partiyalarının nümayəndələrinin dəstəklənməsi imkanlarını da istisna etməyib.

Seçki blokunun adına gəlincə, hələlik bu məsələ açıq qalır. Kərimli bildirib ki, ad təklif olunmasında təkcə partiya üzvləri deyil, digər seçicilər də iştirak edə bilər.

Partiyaların birləşdirilməsinə dair danışıqlar barədə sualın cavabında Kərimli qeyd edib ki, hələlik vahid seçki blokunun yaradılması məsələsi prioritet qalır. Seçkilərdə sıx əməkdaşlıq inteqrasiya prosesinə və sonrakı dövrdə partiyaların birləşməsinə xidmət edə bilər.

Azərbaycanda siyasi vəziyyətə toxunan Kərimli bunu azad və ədalətli seçkilər keçirilməsi üçün əlverişsiz adlandırıb. "Ölkədə hələ də siyasi məhbuslar var, toplaşma və media azadlığı məhdudlaşdırılıb, müxalifət televiziyaya çıxış imkanlarından məhrum edilib, seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır", - deyə Kərimli vurğulayıb.

"Lakin müsbət məqamlar da var. AXCP və Müsavat Partiyasının əməkdaşlıq prosesi əhalidə hakimiyyətə real alternativin yaranmasına inam doğurub", - deyə Kərimli iddia edir.

İndiki hakimiyyəti "səriştəsiz" sayan Əli Kərimli inanır ki, AXCP və Müsavat birliyi əhalinin səsini qazanacaq.