Gümrüdəki hərbi bazanın Ermənistanda qalma müddətinin uzadılması - bu, Azərbaycana və Gürcüstana xəbərdarlıqdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Qafqaz üzrə ekspert Mamuka Areşidze jurnalistlərə açıqlamasında bildirir.
Rusiyanın prezidenti D.Medvedev Rusiya-Ermənistan arasında Gümrüdəki hərbi bazanın icarə müddətinin uzadılması və bu sənəddə dəyişikliklər edilməsi barədə məlumat bildirib. Dəyişikliklər 1995-ci ildən fəaliyyətdə olan müqavilənin müddətinin 25 ildən 49 ilə qədər uzadılması barədədir. Belə demarş Rusiya tərəfindən həm Azərbaycana, həm də Gürcüstana xəbərdarlıqdır. Regionda Rusiya hərbi mövcudiyyətinin gücləndirilməsi faktiki olaraq Gürcüstanın üzərində Domokl qılıncıdır. O hər an istifadə oluna bilər,- Areşidze qeyd edib.
Gürcü ekspert bildirib ki, Rusiya öz təcavüzünü yenidən təkrar etsə, Ermənistan tərəfdən hücum qaçılmazdır. O bildirib ki, Rusiya öz hərbi idarəetmə strukturunu Cənubi Qafqaz tərəfə yönəldib:
"2008-ci ilin avqust müharibəsində idarəetmə bir olmamışdı. Lakin indi vəziyyət dəyişir və təhlükə görünür. Əgər təcavüz başlanarsa, Rusiya Ermənistan ərazisindən istifadə edəcək və Ermənistan buna icazə verməkdən boyun qaçıra bilməyəcək".
Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Rusiyanın 102-ci bazası Ermənistan ərazisində 1995-ci ildən fəaliyyət göstərir. Burda rus hərbçiləri Birləşmiş MDB Hərbi Hava Qüvvələri çərçivəsində hərbi növbə çəkirlər. Baza Rusiya Şimali Qafqaz Hərbi Dairəsinin Zaqafqaziyada Rusiya Qoşunlar Qrupuna tabedir.
|