"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"
 |
Rusiyanın 102 saylı baza ilə bağlı addımları ölkəmiz üçün təhlükələr vəd edir
Şənbə, 21.08.2010
|
|
"Son 20 ildə Ermənistanın təcavüz siyasəti Azərbaycana böyük təhlükə yaradıb və bu proses davam edir. Belə bir vəziyyətdə Rusiyanın Ermənistanda olan hərbi bazasını gücləndirməsi təhlükəlidir. Çünki Azərbaycan və Ermənistan müharibənin başa çatmasına dair hər hansı sazişə imza atmayıblar. İstənilən an atəşkəs rejimi pozula və müharibə başlaya bilər. Ona görə də Rusiyanın Ermənistanla müttəfiqliyi bizi narahat etməyə bilməz".
Rusiyada mühacirətdə yaşayan Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov avqustun 20-də Rusiya və Ermənistan arasında hərbi sahədə imzalanan sənədə münasibətini "Mediforum" saytına bildirərkən belə deyib.
Ayaz Mütəllibov hesab edir ki, Azərbaycan bu məsələyə ciddi yanaşmalıdır. O, Rusiya prezidenti Dmitri Medvedevin sənədin imzalanması mərasimindəki çıxışını televiziyadan izlədiyini söyləyib:
"Dmitri Medvedev ümid verdi ki, Azərbaycan və Ermənistan arasında aparılan fəal danışıqlar müəyyən müsbət nəticələrin əldə olunması ilə yekunlaşacaq. Lakin biz görürük ki, ATƏT-in Minsk qrupu uzun illərdir heç nəyə nail ola bilməyib. Hesab etmirəm ki, qısa müddətdə danışıqlarda irəliləyiş mümkün olsun və sülh sazişi imzalansın".
Mütəllibovun fikrincə, Rusiyanın Ermənistan ərazisində hərbi baza saxlaması üçün obyektiv əsaslar yoxdur:
"Rusiyanın Ermənistanla strateji müttəfiq olması, bu ölkənin ərazisində 49 il ərzində hərbi baza saxlaması obyektivlikdən daha çox subyektiv amillərə xidmət edir. Bunun nəticəsi nə ola bilər və Azərbaycan nə etməlidir? Azərbaycan da kiminləsə müttəfiq olmalıdır. Rusiya - Ermənistan ittifaqının müqabilində Azərbaycan da özünə bir şərik tapmalıdır. Lakin bu da qarşıdurmaya səbəb ola bilər və qeyri-pozitiv həll yoludur. Eyni zamanda gərginliyi aradan qaldırmayacaq. Bununla belə, tarixə nəzər salsaq görərik ki, Ermənistan həmişə Rusiya amilindən istifadə edib. Biz bunu bilməliyik".
Eks-prezident onu da vurğulayıb ki, Cənubi Qafqazda vəziyyətin yaxşılaşması yalnız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasından, Dağlıq Qarabağa geniş muxtariyyət verilməsi barədə rəsmi Bakının təklifini qəbul etməsindən sonra mümkündür.
"Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur". Bunu isə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
O xatırladıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda əsas vasitəçilərdən biridir. Qurbanlının fikrincə, Ermənistanla yeni hərbi müqavilə imzalaması Rusiyanın bu vasitəçilikdə rolunu müəyyən mənada bitərəf yox, tərəf kimi göstərir.
"Rusiyanın Ermənistanın tərəfində olduğu faktiki olaraq açıq şəkildə ortaya çıxır. Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur. Digər tərəfdən, Qafqaz həssas bölgədir. Belə bir şəraitdə Rusiyanın bu addımı atması Qərb tərəfindən də adekvat addımlarla müşayiət oluna bilər. Bütövlükdə bu, bölgədə gərginliyi daha da artıracaq. Ona görə də Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması, bu cür müqavilə imzalaması əslində təcavüzkarı şirnikləndirmək siyasətidir", - M.Qurbanlı onu da qeyd edir ki, tarix belə hadisələrin nə qədər acı nəticələr verdiyini dəfələrlə sübuta yetirib:
"Təbii ki, Ermənistanın təmənnasız olaraq birtərəfli qaydada silahlandırılması Azərbaycan ictimai rəyində haqlı narazılıq və narahatlıq yaradır".
M.Qurbanlı qeyd edib ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşdır və Rusiya xarici siyasətində Ermənistana əlahiddə münasibət göstərilməsini düzgün hesab etmir.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikrincə, 102 saylı baza ilə bağlı imzalanmış protokol vəziyyətin gərginləşməsinə yönəlmiş addı mdır. İsa Qəmbər:
"Bütün bunlar Azərbaycan üçün təhlükələr, təhdidlər yaradır. Ona görə də Azərbaycan hakimiyyəti ölkənin təhlükəsizliyi üçün addımlar atmalıdır. Bu addımlar həm Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının sürətləndirilməsi, həm də NATO-ya üzvlüklə bağlı rəsmi müraciət istiqamətində olmalıdır. Türkiyə kimi müttəfiq dövlətlə əməkdaşlığın genişləndirilməsi də zəruridir".
Müsavat başqanının fikrincə, Azərbaycan dövləti beynəlxalq təşkilatlara Rusiyanın bölgədə təhlükəsizliyə təhdid yaradan addımları ilə bağlı müraciət etməlidir:
"İki ölkə arasında vasitəçi statusuna malik olan üçüncü dövlət iki dövlətdən biri ilə hərbi əməkdaşlığı məhdudlaşdırmaq əvəzinə daha da genişləndirir. Yolverilməz haldır".
"Azərbaycanın Rusiya və Ermənistanın bu addımlarını neytrallaşdırmaq üçün çoxlu sayda variantları və imkanları var". Bunu isə APA-ya açıqlamasında Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin hərbi müşaviri olmuş Türkiyə SQ-nin ehtiyatda olan general-leytenantı Yaşar Dəmirbulaq deyib. Onun fikrincə, Azərbaycan ilk növbədə Türkiyə və Qərb ölkələri ilə hərbi sahədə mövcud əlaqələri dərinləşdirməlidir.
"Azərbaycan Türkiyədən dəstək istəməlidir. Xüsusilə də hərbi təhsil sahəsində. Eyni zamanda bu yardımları beynəlxalq hüquqa uyğunlaşdırmaq üçün müvafiq sənədlər imzalanmalıdır. Azərbaycan bu addıma qarşı ABŞ-la da əməkdaşlıq edə bilər. Amma Türkiyə ilə əlaqələrin yüksək səviyyədə olması, hərbi əlaqələrin gücləndirilməsi təhlükəsizlik baxımından daha zəruridir. Rusiya ilə də münasibətləri pozmaq olmaz. Onlarla da təmaslar davam etdirilməlidir", - deyə o bildirib.
Y.Dəmirbulaq hesab edir ki, Türkiyə də daxil olmaqla NATO ölkələrinin hərbi məktəblərində təhsil alan azərbaycanlı kadrların sayı artırılmalı, eyni zamanda Türkiyə ilə zabit mübadiləsi aparılmalıdır. "Bunun üçün Türkiyə SQ-dən müəyyən sayda zabit Azərbaycan SQ-də, Azərbaycan zabitlərinin isə türk ordusunda xidmətə cəlb olunması vacibdir", - deyə o bildirib.
|
|
|
Oxşar xəbərlər:
İsa Qəmbər başqanlıqdan gedir
|
|
|