Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qafqaz Rusiyanın əməliyyat ssenarisində
Qafqaz Rusiyanın əməliyyat ssenarisində
Moskvanın məqsədi - regionda təkbaşına hegemonluq
Şənbə, 21.08.2010

C.Sümərinli mətn ölçüsü  

Dünən Ermənistan və Rusiya müdafiə nazirləri bir həftədir haqqında müzakirələr gedən protokolu imzaladılar. Gümrü şəhərindəki 102 saylı hərbi bazanın fəaliyyətinə dair 1995-ci ildə iki ölkə arasında imzalanmış müqaviləyə dəyişiklikləri nəzərdə tutan protokola görə, Rusiyanın Ermənistandakı hərbi bazası federasiyanın maraqlarının müdafiəsindən başqa, Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir, Moskva erməni tərəfin müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur. Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu 2044-cü ilə qədər uzadılır.

Sənəd RF prezidentinin dövlət səfəri çərçivəsində imzalanıb. Təkbətək görüşdən sonra Ermənistan və Rusiya prezidentləri geniş heyətlərin iştirakı ilə bir araya gəliblər. Dünən Yerevandakı görüşə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, prezident köməkçisi Sergey Prixodko, Ermənistandakı səfir Vyaçeslav Kovalenko, nəqliyyat naziri İqor Levitin, müdafiə naziri Anatoli Serdyukov, "Rosatom"un rəhbəri Sergey Kiriyenko, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Agentliyin direktor müavini Aleksandr Fomin və başqaları qatılıb.

Ermənistan tərəfini Prezident Aparatının rəhbəri Karen Karapetyan, onun müavini Vigen Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan və başqaları təmsil edib.

Qeyd edək ki, Gümrüdəki 102 saylı hərbi baza 1953-cü ildə - Türkiyə NATO-nun üzvü olmasından sonra Kremlin göstərişi ilə yaradılıb. O zaman bu birləşmənin yaradılmasında məqsəd SSRİ-nin cənub sərhədlərini NATO-dan qorumaq idi.

Hazırda baza Rusiya Federasiyasının Cənub qruplaşmasına daxildir. Bazada S-300 zenit-raket kompleksi və MiQ-29 qırıcıları da var. Şəxsi heyətin 4,5 min nəfər olduğu bildirilir.

Artıq erməni mətbuatı prokotolun bir sıra müddəalarının işə düşdüyündən yazır. Məlumatlara görə, Rusiya yaxın günlərdə lizinqlə Ermənistana S-300 raket kompleksləri satacaq. Amma Rusiyanın müdafiə naziri Anatoli Serdyukov hələ ki bu məlumatları təkzib edir. "Rusiya Ermənistana lizinqlə S-300 raket komplekslərinin verilmə məsələsini nəzərdən keçirmir" - deyən Serdyukov bildirib ki, onlar buna hazırlaşmırlar: "İndiyədək Ermənistan tərəfindən belə təkliflər almamışıq".

Amma yardımlar doğrudan da başlayıb. "Rosatom" dövlət korporasiyasının rəhbəri Sergey Kiriyenko dünən Yerevanda jurnalistlərə açıqlama verərək deyib ki, Rusiya Ermənistandakı atom elektrik stansiyasının yeni blokunun tikintisi üçün gərək olan vəsaitin 20 faizindən çoxunu ödəməyə hazırdır. Kiriyenko ilkin qiymətləndirmələrə əsaslanaraq Ermənistan Atom Elektrik Stansiyasının yeni blokunun tikintisinin 5 milyard dollara başa gələcəyini bildirib. O qeyd edib ki, artıq tərəflər tələb olunan məbləğin ən azı 40 faizini təmin etməli olan ortaq bir şirkət qurublar, yerdə qalan 60 faiz isə investorların yatırımları hesabına əldə ediləcək.

Amerikadan münasibət

"Moskva Cənubi Qafqazda qüvvələr nisbətini dəyişmək üçün özünün bütün geosiyasi alətlərindən istifadə edəcək". APA-nın xəbərinə görə, bunu ABŞ-dakı "Heritage" (İRS) Fondunun Rusiya və Avrasiya üzrə aparıcı mütəxəssisi Ariel Koen "The Vashington Times" qəzetinin 19 avqust tarixli sayında dərc olunan məqaləsində yazıb.

REKLAM

O, Rusiyanın Abxaziyada S-300 zenit-raket kompleksi yerləşdirməsinin və Ermənistandakı hərbi bazanın müddətinin uzadılması barədə protokolun bölgədəki geosiyasi vəziyyətə necə təsir göstərəcəyini təhlil edib.

Ekspertin fikrincə, Rusiyanın bu geosiyasi təsir vasitəsi ehtiyatlı diplomatiya (Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması da daxil olmaqla), strateji informasiya əməliyyatları, silah satışı və hərbi bazalar tikintisini də ehtiva edir.

"Ermənistanda hərbi-hava qüvvələri və S-300 bazasının yaradılması ona gətirib çıxaracaq ki, Cənubi Qafqazın və Qara dənizin bir hissəsinin hava məkanı Rusiyanın nəzarətinə keçəcək. Obama administrasiyasının buna cavabı çox süst görünür. Dövlət katibi Hillari Klinton Qafqazda "yumşaq güc" siyasətinə üstünlük verirkən Moskva bu strateji cəhətdən önəmli regionda hərbi-siyasi gücə əsaslanan klassik siyasət yeridir" deyən A.Koen hesab edir ki, Moskvanın yekun məqsədi Cənubi Qafqazda təkbaşına hegemonluq qurmaqdır: "Vaşinqtonun mövcud siyasəti Amerikanın Avrasiyadakı təsirinin aradan qalxmasına səbəb olacaq. Sonradan bu təsiri bərpa etməyə isə onillər olmasa belə, ən azı illər lazım gələcək".

Azərbaycanın mövqeyi

"Azərbaycan ümid edir ki, Rusiya Ermənistandakı 102 saylı bazanın hərbi texnika və resurslarından Azərbaycana qarşı istifadə edilməməsi haqda öz üzərinə götürdüyü öhdəliklərə bundan sonra da sadiq qalacaq". Bu sözləri isə mətbuata açıqlamasında Rusiya ilə Ermənistan arasında imzalanmış protokola münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyir. Mətbuat katibi xatırladıb ki, Rusiya 2006-cı ildə Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən hərbi bazalarını çıxararkən bu bazaların Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazaya göndərilən silah və hərbi texnikasından Azərbaycana qarşı istifadə olunmaması barədə öhdəlik götürüb. "Biz ümid edirik ki, Rusiya ilə Ermənistan arasında yeni razılaşmadan sonra da belə olacaq", - deyə o qeyd edib.

"Mediaforum" saytının: "ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu addımı rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsində obyektiv və tərəfsiz olduğunu şübhə altına almırmı?" sualına XİN rəsmisi belə cavab verib:

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklər götürüb. Bu öhdəliklərə Minsk qrupunun həmsədri kimi qərəzsiz vasitəçi olmaq, beynəlxalq hüququn norma və prinsipləri əsasında münaqişənin həll yollarını axtarmaq üçün səy göstərmək daxildir. Biz Rusiyanın bu öhdəliklərə sadiq qalacağını gözləyirik".

Elə dünən Rusiya prezidenti Dmitri Medvedev erməni həmkarı ilə mətbuat konfransında bildirib ki, o, Qarabağ münaqişəsinin həlli prosesində Rusiya tərəfinin gördüyü işlərdən utanmır. Prezident bunu belə izah edib:

"Bütün çətinliklərə və bəzi bəyanatlarda həddini aşan emosiyalara baxmayaraq biz həm Azərbaycanla, həm də Ermənistanla bu işləri davam etdirəcəyik. Regionda sülh olması Rusiya üçün çox vacibdir. 2008-ci ildə biz Cənubi Osetiyadakı müharibə kimi mürəkkəb bir hadisədən keçməli olduq və istəyirik ki, Cənubi Qafqazda və Qafqazda belə hadisələr bir də heç vaxt təkrarlanmasın".

...Bu arada Ermənistan silahlı qüvvələri dünən səhər saatlarından Ağdam ərazisində hərbi təlimlərə başlayıb. Artilleriya silahlarından açılan atəş səsləri cəbhə xəttinin 10-15 kilometrliyindən eşidilib. Təlimlər əsasən Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində aparılıb. Səhər saat 9 radələrindən başlayaraq bir saat ərzində partlayış səsləri daha intensiv eşidilib. Təlimlər zamanı əsasən artilleriya silahları - qrad qurğuları, top və tanklardan müxtəlif hədəflərə atəş açılıb.

Ekspert rəyi

Ekspertlərə görə, Rusiya ilə Ermənistan arasında imzalanmış bu yeni sənəd Cənubi Qafqazda qüvvələr nisbətini dəyişəcək. Ən azı bu bölgədə mövcud olan problemlərin həlli prosesində Rusiyanın təsir rıçaqlarını artıracaq. Ən azı o səbəbdən ki, bu gün Rusiya Gürcüstanın iki separat ərazisini işğal altında saxlayır və Rusiya rəsmiləri Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunma ehtimalını 2008-ci ilin avqust ayında Gürcüstanda baş verənlərlə müqayisə edirlər. "Bu çox təhlükəlidir. Bununla Azərbaycana demək istəyirlər ki, hər hansı hərbi əməliyyatlar Azərbaycanın özünə qarşı yönələ bilər", - bunu "Ayna"nın əməkdaşı ilə söhbətində hərbi ekspert Üzeyir Cəfərov söylədi. Onun sözlərinə görə, Azərbaycan rəsmilərinin bu məsələyə gec reaksiya verməsi təəssüf doğurur. "Halbuki 2008-ci ildə Rusiyanın Ermənistana 800 milyon dollarlıq hərbi texnika verməsi ilə bağlı məlumat ortaya çıxan zaman rəsmi Bakının mövqeyi daha kəskin və davamlı idi. İndiki vəziyyət daha təhlükəlidir, belə şəraitdə Bakının süstlüyü suallar yaradır", - deyə o bildirdi.

Belə bir məqamda Azərbaycan hökumətinin Qəbələ RLS-lə bağlı Rusiyaya "xoşməramlı jest" etməsi də suallar yaradır. Bunu isə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən "Ayna"ya bildirdilər. Qeyd edək ki, Nazirlər Kabinetinin bir neçə gün öncə qəbul etdiyi qərara görə, Qəbələ RLS üzrə 1997-ci ilədək olan 14,5 milyon manat enerji borcu silinib. Doğrudur, o zamanlar da Qəbələ RLS-lə bağlı icarə müqaviləsi imzalanmamışdı. Amma bu obyekt 1991-2002-ci illərdə rus hərbçilərinin nəzarətində idi. Belə olan halda Azərbaycan tərəfinin Qəbələ RLS üzrə Rusiya Müdafiə Nazirliyinin borcunu silməsi nə ilə əlaqədar ola bilərdi? Təəssüf ki, məsələ ilə bağlı Azərbaycan hökumətinin mövqeyi ortada yoxdur. Nazirlər Kabinetindən verilən cavaba görə, sözügedən qərarla bağlı yaxın zamanlarda ictimaiyyətə geniş açıqlama veriləcək. "Doktrina" mərkəzinin araşdırmalarına görə, bu məsələ ilə bağlı 4 ehtimal üzrə düşünmək olar:

1. Azərbaycan tərəfinin borcu ödəyərək Rusiyadan həmin dəyərdə yeni silah və hərbi texnika alması mümkünlüyü;

2. Bu hərəkətlə Rusiyadan hansısa məsələyə görə siyasi və iqtisadi dəstək umması;

3. 2011-ci ildə Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair müqavilənin imzalanması perspektivi ilə bağlı hazırlıq işləri;

4. Korrupsiya ehtimalı, yəni köhnə tarixə müəyyən qədər borc yazılaraq sonradan onun mənimsənilməsinin mümkünlüyü.

"Doktrina" mərkəzinin fikrincə, bütün hallarda Rusiyanın Cənubi Qafqazla bağlı planları Azərbaycanın bu günü və gələcəyi üçün destruktiv xətlər çəkir. "Bu proses ümumilikdə Cənubi Qafqaz ölkələrinin hərbi-siyasi prioritetlərinin seçimi azadlığına ciddi zərbədir", - deyə mərkəzdən qeyd edilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir

Ermənistan dünyanı aldadır

"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar

Ermənistan ordusunun çağırışçı problemi

Miqrantların vətənə göndərdikləri pullar azalır

Bölmənin digər xəbərləri
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"
Rusiyanın 102 saylı baza ilə bağlı addımları ölkəmiz üçün təhlükələr vəd edir

"Ermənistan işğalçı və təcavüzkar dövlətdir"
Seyid Kazım Musəvi: "Ermənistan Azərbaycan torpaqlarından çıxmayana kimi İran bu ölkəyə taxıl verməyəcək"

"Rusiya Azərbaycana və Gürcüstana xəbərdarlıq edir"
Politoloq Mamuka Areşidze regionda Rusiya hərbi mövcudiyyətinin gücləndirilməsini belə dəyərləndirir

"Azərbaycanla birgə təlimlər mümkündür"
Hulusi Kılıç: "Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq ediləcəyini gözləyirik"

AŞ Azərbaycana 2 müşahidə missiyası göndərəcək
Parlament seçkilərini izləmək üçün

Müxalifət namizədlərini dəqiqləşdirir
Razılaşdırılmış şəxslərin adları açıqlanır

AXCP Müsavat ilə birləşmək qərarını verə bilər
Bu qərar sentyabrda partiya qurultayından gözlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər