![]() |
çap et |
|
|||
Sənət adamlarının həyatında idman önəmli yerlərdən birini tutur. Bəziləri buna hobbi kimi, bəziləri isə formanı saxlamaq baxımından yanaşır. Bu gün əksər sənətçilərin evlərində trenajor var. Onların bir qismi isə idman salonlarına üz tutur. Lakin elə sənətçilər də var ki, onlar idmanla güc toplamaq məqsədi ilə məşğul olublar, indi də bu peşəni davam etdirirlər. Buna misal olaraq klipmeyker Kənan M.M-i misal çəkmək olar.
Yeniyetmə yaşlarından karate və bir çox idman növləri ilə məşğul olan Kənan bir müddətdən sonra əsl peşə olaraq rejissorluğu seçib. Fiziki imkanlarını çəkdiyi kliplərdə də göstərən Kənan adi günlərdə idmanla peşəkar səviyyədə məşğul olduğunu deyir. Klipmeykerin əlavəsinə görə, əzələləri üçün yaratdığı gərginlik zamanla onun xasiyyətinə də təsir edib. Ən bahalı mahnıların müəllifi kimi tanıdığımız Gövhər Həsənzadə də idmanla məşğul olub. Özünü bu peşəyə o qədər aludə edib ki, sonradan ayrılmaq ona asan başa gəlməyib. Məktəbdə oxuyarkən onu "güləşən qız" kimi qələmə verərmişlər. Çünki idman dərsində hamının kürəyini yerə vurmağı bacarırdı: "Lakin musiqi fəaliyyətimlə bağlı, eyni zamanda, yaş öz işini gördüyü üçün indi idmanla məşğul ola bilmirəm. İndi gücümü musiqidə göstərirəm". Xalq artisti Aygün Kazımova isə həndbolçu olub. Lakin həyatında baş verən bəzi hadisələr onu bu idman növündən ayırıb: "Hələ orta məktəbdə oxuyarkən həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olmuşam. Əksər hallarda bizim komanda qalib gəlirdi. Bu qalibiyyətə görə, təvazökarlıqdan uzaq olmasın, mənə borclu idilər. Lakin VIII sinifdə oxuyarkən atamı itirdim və bir müddət bu itkinin təsiri altından çıxa bilmədim. Sonralar arabir oynayırdım. Bir neçə ildən sonra isə həndboldan tamamilə uzaqlaşdım". Xalq artisti Brilliant Dadaşovanı isə idmanda həvəskar hesab etmək olar. Sənətə gəldiyi ilk gündən idmana bağlanan sənətçi xanım mütəmadi olaraq trenajorların imkanlarından bəhrələnir. Müğənninin dediyinə görə, artıq idman onun həyat normasına daxil olub: "Fəaliyyətimlə bağlı Türkiyədə olanda da bu məşğuliyyətimi yarımçıq buraxmıram. Bakıda isə trenajorlarım var və vaxtlı-vaxtında məşğul oluram. Əks təqdirdə çəkimdə artım müşahidə olunur". İradə İbrahimova da Brilliant Dadaşovanın üsulu ilə addımlayır. Yəni müğənni arıqlamağın ən ideal üsullarından biri kimi trenajoru görür. Eyni zamanda, İradə xanım bir neçə ay öncə üzgüçülüklə məşğul olduğunu deyir. İdmanı çox sevən müğənni buna hobbi kimi yanaşır. Azərbaycanı "Eurovision-2009"da təmsil edən Aysel Teymurzadə də idman həvəskarı imiş. Gənc müğənni deyir ki, onun sağlam böyüməsində idmanın rolu danılmazdır. Belə ki, kiçik yaşlarından başlayaraq üzgüçülük və həndbol kimi idman növləri ilə məşğul olur. Bədən quruluşunu normada saxlamaq üçün idmanı uzun müddət atmamağı düşünür. |