Əməkdar artist Elza Seyidcahan payız aylarında səhnəyə aktrisa kimi çıxacaq. Yayın isti günlərində mütaliəyə sarılan sənətçi bir yox, bir neçə obrazda çıxış edəcəyini bildirdi. Onun bildirdiyinə görə, rejissor Məhərrəm Bədirzadənin quruluşunda "Şeytan" adlanan səhnə əsərində ona rol təqdim edilib:
"Burada mən bir neçə obrazda çıxış edəcəm. Əsas obrazım psixoloji gərginlik yaşayan bir xanımın taleyidir. İlk aktrisalıq işimi məharətlə oynaya bilim deyə əsərə bərk-bərk sarılmışam. Gecə-gündüz mütaliə ilə məşğulam. Yaxın həftələrdə məşqlərə başlayırıq. Əsər, ümumiyyətlə, psixoloji janrdadır".
Səhnə hərəkətlərini mükəmməl yerinə yetirəcəyinə inanan Elza Seyidcahan bu məharəti ilə hətta Hollivud aktyorlarını da geridə qoyacağını iddia edir. Rola gəlincə isə, belə dedi:
"Mənim nəinki bu əsərdə rolum, hətta mahnılarım da insanlara psixoloji tərəfdən məlhəmdir. İnsanlar mənim bəstələrim və ifamla gülür, ağlayır, dərdinə dərman tapır. İnanıram ki, aktrisa kimi də bu xeyirxahlığı qoruya biləcəyəm".
|