çap et  
Dəmiryol nəqliyyatında qiymət artımı gündəmdə
Dəmiryol nəqliyyatında qiymət artımı gündəmdə
Bu halda keyfiyyətin yüksələcəyi vəd edilir
Şənbə, 21.08.2010

A.Akif

Dəmiryol nəqliyyatında qiymət artımı gündəmdədir. Azərbaycan Dəmir Yolları QSC sərnişindaşımada qiymətlərin qaldırılmasına dair Tarif Şurasına rəsmi təklif göndərib. Amma bu halda keyfiyyətin yüksələcəyi vəd edilir.

Dəmiryol İdarəsi mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, onlar son qərarı Tarif Şurasından gözləyirlər: "Yəqin ki, orta qiymət 5 manatdan yuxarı olmayacaq. Qiymətləri bir az qaldırmaq lazımdır ki, təsərrüfatı saxlamaq mümkün olsun. Böyük qiymət olmayacaq".

Bakı Dəmiryol Vağzalının rəisi İlyas Məmmədov qiymət artımını qaçılmaz sayır:

"Bu gün yerli qatarlarda gediş qiyməti orta hesabla 3 manat 50 qəpikdir. Bu isə çox aşağıdır. Həmin pulla belə böyük sərnişindaşımanı saxlamaq mümkün deyil. Vağzal rəisi iddia edir ki, qiymət artımından sonra dəmiryolunda keyfiyyət dəyişikliyini hiss edəcək.

Dəmiryol hazırda ölkədə ən ucuz nəqliyyat vasitəsi hesab olunur. Belə ki, hazırda dəmiryol biletinin orta qiyməti 3,5 manatdır (4,3 dollar). Avtomobil nəqliyyatında isə bir sərnişinin daşınması 8-10 manatdır. Azərbaycan Dəmir Yolları QSC rəhbərliyinin əsaslandırmasına görə, qiymətlərin aşağı olması sərnişindaşıma təsərrüfatında problemlər yaradır. Vaqonların daim yaxşı saxlanmasını və sərnişindaşımanın təhlükəsizliyini təmin etmək olmur. Xatırladaq ki, dəmiryolunda sonuncu dəfə gediş haqqı 2000-ci ildə artırılıb.

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov isə deyir ki, qiymət artımı ilə bağlı qərar qəbul ediləndə əhalinin real vəziyyəti, gəlirləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, qiymət artımı xidmətin keyfiyyətinə təsir edəcəksə, yaxşıdır. Amma əgər qiymətlər çox qaldırılsa və keyfiyyət baxımından inkişaf olmasa, bu, tənqid olunacaq.

Hazırkı qiymətlərin bu sahənin rentabelli işləməsinə imkan vermədiyini etiraf etmək lazım gəlir. Qonşu ölkələrlə müqayisədə Azərbaycan daxilində dəmiryolunda qiymətlər aşağı sayıla bilər. Lakin tariflərin artırılması xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaqmı? Əgər qiymətlərin qaldırılması müzakirə obyektidirsə, bunun müqabilində dəmiryolunda keyfiyyət də artırılmalıdır. Azərbaycanda dəmiryol sərnişindaşımasında keyfiyyət qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Qiymət artımları ilə yanaşı, elektron biletlərin satışının təşkili vacibdir. Çünki bu halda bilet satışında rüşvət də aradan qalxa bilər. Eyni zamanda vətəndaşlar asanlıqla bilet ala bilərlər. Məsələ ondadır ki, dəmiryolunda qiymətlərin aşağı olmasına baxmayaraq, heç də dəmiryolu xidmətindən istifadə edənlər həmin tariflərə uyğun bilet almaq imkanlarına malik deyillər. Qonşu dövlətlərdən, hətta Gürcüstandan fərqli olaraq vətəndaşlar internet vasitəsilə qatarlara bilet əldə edə bilmirlər.

Tarif Şurasından isə bildirilir ki, hələ Dəmiryol İdarəsinin təklifləri müzakirə olunmayıb. Nə vaxt müzakirə olunacağı da bəlli deyil.