çap et  
Bahalaşma süni yolla yaradılır
Bahalaşma süni yolla yaradılır
Dövlət bunun qarşısını almaqda acizdir
Şənbə, 21.08.2010

A.Əhmədova

Orucluq başlanan kimi bazarlarda qiymətlər bahalaşdı. Hər il olduğu kimi, bu il də Ramazan ayı bazarda süni qiymət artımına stimul verdi. Bayram menyusuna daxil olan əsas ərzaq məhsullarının, demək olar ki, hamısında bahalaşma müşahidə edilir. Məsələn, mübarək ayın gəlişi ilə əlaqədar bahalaşan əsas məhsul xurmadır. Ramazandan öncə 1 qutusu 1 manat 60-80 qəpiyə satılan xurma indi 2 manat 60 qəpiyə, 3 manata təklif olunur. Beləliklə, orucunu xurma ilə açmaq istəyənlər 350 qramlıq xurmanın bir qutusunu 3 manata almaq məcburiyyətində qalıblar. Açıq şəkildə satılan xurmanın qiyməti isə keyfiyyətindən asılı olaraq 3 manat 50 qəpikdən 5 manatadək dəyişir. Satıcılar xurmanın qiymətinin bu məhsula tələbatın çoxalması ilə əlaqədar qalxdığını bildirirlər.

Ramazana qədər 60 qəpik və 1 manat arasında satılan pomidorun yaxşısını indi 2 manata almaq olar. Ümumiyyətlə, bu ay ən çox bahalaşan məhsullar meyvə və tərəvəzdir.

İndi qoz-fındıq mövsümü olmasına baxmayaraq, Ramazan ayının gəlişi çərəzlərin də qiymətini bahalaşdırıb. Bazarda qoz ləpəsinin qiyməti 6-9 manat arasında dəyişir. Fındıq ləpəsi isə 7-8 manata satılır. Kərə yağının qiymətində 20-40 qəpik artım baş verib. İndi mağazalarda kərə yağının qiyməti 5 manat 40, 6 manat 60 qəpik arasında dəyişir.

Düyünün də qiyməti artıb. Plov bişirmək istəyənlər adi düyünün 1 kq-na 1 manat 20 qəpik xərcləməlidirlər. Digər düyü növlərinin qiymətləri 2-3 manat arasında dəyişir. Təzə çıxan şabalıdın 1 kq-ı 6-7 manata satılır. Satıcılar son bir həftə ərzində şabalıdın qiymətində 1 manatadək bahalaşma olduğunu gizlətmədilər. Kişmişin 1 kq-ı isə 3 manat 70 qəpikdən 4 manatadək artıb. Eyni çəkidə qaysını 5-6 manata almaq mümkündür. Gavalı qurusunun da qiyməti 5-6 manat arasında dəyişir. Bir məsələni də öyrəndik ki, aş qarası üçün tələb olunan məhsulların qiymətinin, xüsusilə şabalıdın bahalaşması təkcə bayramla əlaqədar deyil. Demə, hər məhsul təzə çıxanda qiyməti baha olur. Şabalıdın bahalığı da bazara təzə gəlməsi ilə bağlıdır. Qaysı, kişmiş, gavalı qurusunun qiyməti 20-40 qəpik artıb.

Ətin qiymətində isə bahalaşma hiss edilmir. Mal əti əvvəlki kimi 6 manat, qoyun əti isə 7 manata satılır.

Amma sadalamadığımız digər ərzaq məhsullarının qiymətlərində bahalaşma baş verib. Diqqəti çəkən isə Azərbaycanda qiymətlərin artdığı halda digər müsəlman ölkələrində Ramazan ayı ilə əlaqədar əsas ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin ucuzlaşmasıdır. "Ramazan endirimləri" adlı geniş kampaniyalara start verilib. Məsələn, Türkiyədə müqəddəs Ramazan ayı boyunca ticarət obyektləri "Ramazan endirimləri" adlı kampaniyalara başlayırlar. Hətta Amerika Birləşmiş Ştatlarında milli bayramlarda əsas ərzaq məhsullarının qiymətlərində endirimlər müşahidə edilir.

Azərbaycanda isə belə bir ənənə formalaşmayıb. Əksinə, möhtəkirlər Ramazanda da adətlərinə xilaf çıxmayıblar.

Vahid Əhmədov: "İnhisarçılığı cərimələrlə dayandırmaq olar"

İqtisadçılar hesab edirlər ki, Ramazan ayının başlaması ilə müşahidə edilən bahalaşma iqtisadi baxımdan izahedilən deyil. Bir sıra müsəlman ölkələrində müqəddəs hesab edilən aylarda qiymətlərdə azalma baş verir. Bununla da aztəminatlı vətəndaşların tələb olunan məhsulları almalarına şərait yaradılır. Onu da qeyd edək ki, əksər müsəlman ölkələrində Ramazan ayı ərəfəsində süni qiymət artımları edənlərə qarşı ciddi tədbirlər həyata keçirilir. Bununla bahalaşmanın qarşısı alınır. Dindarlar hesab edirlər ki, Ramazan ayında süni şəkildə baş verən qiymət artımları haram qiymət artımlarıdır. Nəzərə almaq lazımdır ki, Ramazanda hər vətəndaş imkansız ailələrin ərzaq məhsullarına əlçatanlığının təmin edilməsinə yardım etməlidir. Son qiymət artımları heç bir halda qəbul edilən hesab olunmamalıdır.

Təzə Pir məscidinin axundu Hacı Faiz xurmanın və digər məhsulların Ramazanda bahalaşmasına dindarların qarışmaq səlahiyyətinin olmadığını bildirsə də, müqəddəs ayda qiymətlərin süni şəkildə artırılmasının düzgün olmadığını söylədi. Onun sözlərinə görə, bütün müsəlman ölkələrində Ramazan ayında ərzaq məhsullarının qiymətləri endirilir ki, hər kəsin nemətlərdən alıb dadmaq imkanı olsun. Həmçinin oruc tutanların bazar və dükanlarda satılanlardan alıb iftar süfrəsinə düzməyə maddi sıxıntıları olmasın:

"Çünki bu ay bərabərlik ayıdır. Varlı insanlar kasıbın durumunu anlayaraq imkansızlara kömək etsin. Belə bir ayda insanların imkanlarını məhdudlaşdırmaq, xüsusilə oruc tutanların istifadə etdiyi xurmanın qiymətini artırmaq dini baxımdan günahdır. Bu, müqəddəs ayda ticarətə haram qatmaq deməkdir. Əgər kimsə xurma bahalaşdığından onu alıb iftar süfrəsinə qoya bilmirsə, bunun günahı qiyməti süni artıran ticarətçinin boynuna yazılır".

Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanov bildirir ki, bahalaşma bayram əhval-ruhiyyəsini yaşamağa imkan vermir. Onun fikrincə, müsəlmanlar üçün belə əziz ayda, ümumiyyətlə, maya dəyəri və satış qiyməti arasında kəskin fərq olmalı deyil:

"Bundan başqa, qiymətlərin süni qaldırılması bayramın fəlsəfəsinə də ziddir. Hesab edirəm ki, əksinə, qiymətlər düşməlidir. Çünki bu ərəfədə alıcılıq qabiliyyəti daha da artacaq. Düzdür, bazar iqtisadiyyatı şəraitində satıcılar qiymət təyin etməkdə azaddırlar. Lakin öz aralarında razılaşdırılaraq qiymətləri qaldırmaq istehlakçıların hüquqlarının pozulması deməkdir və buna ciddi cərimə düşür".

MM İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bahalaşmanı Ramazan bayramı ilə əlaqədar psixoloji amillər də daxil olmaqla bir neçə səbəblə bağlayır. Səbəblərdən biri də rayonlarda baş verən təbii fəlakət və iqlimin sərt keçməsidir. Millət vəkili qiymət artımında ərzaq bazarında hökm sürən inhisarçılığın da mühüm rol oynadığını vurğulayır. Onun fikrincə, qiymət artımının səbəblərindən biri bazarlarda satılan bəzi ərzaqların müəyyən insanların inhisarında olmasıdır:

"Çox təəssüflər olsun ki, ərzaq bazarlarında olan inhisarçılıq problemi hələ də aradan qaldırılmayıb. Bazarlarda bir çox xarici məhsullara rast gəlirik. Halbuki həmin məhsullar Azərbaycanda da istehsal olunur. Bu həm daxili bazarları təmin edər, həm də xaricə idxal oluna bilər. Lakin bu yerli məhsullar bazarda sıxışdırılır".

Millət vəkili bu qənaətdədir ki, Ramazanda hər vətəndaş imkansız ailələrin ərzaq məhsullarına əlçatanlığının təmin edilməsinə yardım etməlidir. "İnhisarçıların əməllərinin qarşısını artıq inzibati yollarla almaq mümkün deyil. Onlar barəsində ciddi sanksiyalar tətbiq olunmalıdır. İnhisarçılar Amerika və digər ölkələrdə olduğu kimi cinayət məsuliyyətinə cəlb edilməlidir".

V.Əhmədov dünyada ərzaq qıtlığının Azərbaycan bazarlarına da təsir etdiyini bildirir. Bunun qarşısını almaq üçün dövlət ehtiyat ərzaq fondunun yaradılmasının vacib olduğunu deyir:

"Hazırda regionlarda soyuducu anbarlar tikilir. Lakin bu tam olaraq hazır deyil. Bu da bahalaşmaya səbəb olan faktorlardan biridir. Hazırda yalnız taxılla əlaqədar ehtiyat fondu yaradılıb. Bu da ölkədə yarana biləcək çörək qıtlığının qarşısını alır. Ərzaq təhlükəsizliyinin təmini üçün dövlət proqramları üzərində iş gedir".

Bazarlar inhisarçıların ixtiyarında

KTN ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, həftəsonu təşkil olunan yarmarkalara çıxarılan məhsulların həcmini və çeşidini artırmaqla süni qiymət artımına qarşı mübarizə aparılır. Məsələn, ötən həftəsonu Bakının 7 rayonunda növbəti satış yarmarkası təşkil olunub. Hər həftənin şənbə və bazar günləri təşkil olunan yarmarkalar bu dəfə 11 ünvanda idi. Yarmarkaya ümumilikdə 500 tondan çox məhsul çıxarılıb. Məhsulların çeşidinə və həcminə görə ən iri yarmarka Xətai rayonunda təşkil olunub, burada alıcılara 155 tondan artıq müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təklif edilir. Bunların 50 tonunu tərəvəz, 30 tona yaxınını bostan məhsulları, 37 tonunu meyvə, 10 tonunu ət və süd məhsulları, 25 tonunu kartof təşkil edir".

M.Hacıyevin dediyinə görə, yarmarkalarda bayram menyusu məhsullarının həcmi artırılacaq.

KTN şöbə müdiri Sabir Vəliyev deyir ki, yerlərdəki qiymətlərlə bazarlardakı qiymətlər arasında bəzən 10 dəfəyədək fərq olur. Bunun səbəbi kimi məhsulun bazarlara gətirilməsi zamanı yollarda ayrı-ayrı dövlət qurumları tərəfindən yaradılan maneələri göstərir. Şöbə müdiri deyir ki, ikinci problem, bazarlardakı inhisarçılardır. Demə, onlar kəndlini, istehsalçını bazara buraxmırlar. Həmin adamlar məhsulu ucuz qiymətə alır və bazarda qat-qat baha qiymətə satırlar. O səbəbdən də bütün bazarlarda tərəvəzin, meyvələrin qiymətləri eynidir. Hər hansı məhsul növü üzrə rəqabət şəraitinin olmadığını söyləyən Sabir Vəliyev bazarlarda qiymətlərin inhisarçılar tərəfindən müəyyən edildiyini xatırladır və qeyd edir ki, İİN nəzdindəki İstehlak Bazarına Dövlət Nəzarəti Departamenti çox ciddi işləməlidir.