çap et  
Şirin "Qarabağ" röyası bitdi!
Şirin "Qarabağ" röyası bitdi!
Ağdam klubu ən uğurlu kampaniyasına faktiki olaraq son qoydu
Şənbə, 21.08.2010

İ.Rəfiyev

Avropa Liqasının pley-off mərhələsinin ilk görüşləri keçirilib. Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" cari mövsümdə beynəlxalq səviyyədə 7-ci görüşünü keçirib.

Makedoniyanın "Metallurq", Şimali İrlandiyanın "Portadaun" və Polşanın "Visla" klublarını mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri bu dəfə daha ciddi sınağa çıxıb. Ağdam komandası Almaniya "Borussiya"sının qonağı olub ki, bu qarşılaşmada öz qapılarından 4 cavabsız top buraxıblar.

Almanlar matçın taleyini ilk 45 dəqiqədə həll etdilər. Kaqava və Barrioasın dublları sayəsində 4:0 hesablı qələbə qazanan "Borussiya" avqustun 26-da Bakıda keçiriləcək cavab matçına rahat gələcək.

"Qarabağ"ın 38 yaşlı baş məşqçisi Qurban Qurbanov pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini açıqlayıb. O, "Borussiya" klubu tərəfindən darmadağın edilən yetirmələrindən narazı qalıb: "Futbolçularımız kobud səhvlər buraxdılar. Bütün bunları təhlil edəcəyik. Cavab oyununda layiqli cavab gözləyirəm. Əlimizdən gələni edəcəyik ki, Avropa Liqası ilə başıaşağı vidalaşmayaq".

Xatırladaq ki, "Qarabağ" - "Borussiya" cavab matçı avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.