 |
Köhnə əşyalar satılan dükanları gəzərkən...
Şənbə, 21.08.2010
|
|
Gəncənin mərkəzi bazarı yaxınlığındakı bu dükanın qarşısı mis əşyalar sərgisini xatırladır. Üstə-üstə yığılmış irili-xırdalı mis qazanlar, yerdən düzülmüş mis ləyənlər və bu ləyənlərin içərisindəki sovet dövrünün dəmir pulları, güldanlar, samovarlar, qəhvədanlar, divar boyunca düzülmüş məcməyilər... Kənardan baxan burada dəmirçi emalatxanasının olduğunu zənn edər.
Dükanın içərisi bir başqa aləmdir. Səliqə ilə rəflərə yığılmış şüşə güldanlar, insan və heyvan fiqurları, bəzək suvenirləri, qəlyanlar, gülabdanlar, çay dəstləri öz qeyri-adi görkəmləri ilə fərqlənir. Divardakı tablolar, xəncərlər, metal üzərində döymə üsulu ilə hazırlanan rəsmlər maraq doğurur. Rəflərə bərkidilən qadın bəzək əşyaları da (gümüş kəmərlər, uzbəndlər) başqa bir gözəllik silsiləsidir.
Hələ üstü toz basmış kəlağayılar, şamdanlar, əldə toxunma xurcunlar, kənardan bir küncə yığılan köhnə xalçalar, iri küplər xəyalımızı çəkib köhnə zamanlara aparır. O aləmə ki, orada hər şey öz fərdi gözəlliyi və sirli tarixi ilə seçilir.
Mağazanın sahibi Mehman Zeynalov öncə bizi alıcı bilib, hansı əşya ilə maraqlandığımızı soruşdu. Biz gəlişimizin məqsədini ona izah etdikdən sonra bizi xüsusi hörmətlə içəri dəvət edərək, əyləşmək üçün yer göstərdi.
Artıq 20 ildir əntiq əşyaların satışı ilə məşğul olan Mehman deyir ki, əvvəllər belə şeylərə maraq göstərənlər, xüsusi kolleksionerlər vardı, lakin təəssüf ki, indi belələrinin sayı çox azdır, demək olar, yoxdur.
Son illər bu tarixi nümunələrə marağın azalması sözsüz ki, onların alverini də azaldıb.
"Elə olur bir neçə gün ərzində alverimiz heç olmur. Gəlib köhnə məcməyilərin, mis qazanların qiymətini soruşub gedirlər. Maraqlananlar da yaşlı qadınlardır. Onlar belə şeylərin nə qədər dəyərli olduğunu bilirlər. Lakin qiymət onları qane etmədiyindən, aşağı salmaq üçün bir az bazarlıq edib gedirlər. Axı mən də onları ucuz almamışam. Həmin malları bizim özümüzə satmağa gətirən müştərilər onları heç də aşağı qiymətə vermirlər. Biz də məcburuq həmin malın üstünə az qazanc qoyaq" deyən Mehman bu əşyaları tamam başqa məqsədlər üçün almaq istəyənlərin olduğunu da dedi.
O deyir ki, bu köhnə mis kasaları, qazanları ucuz qiymətə alıb, əridib tərkibinə başqa metallar qataraq xammal kimi ayrı yerlərə satan xüsusi adamlar var.
Belələrinin məqsədini qabaqcadan anlayan müsahibim onlara heç bir mal satmadığını deyir. Əksinə, bu nümunələrə dəyər verib almaq istəyən (özünün dediyi kimi - vətənpərvər), lakin imkanı aşağı olan insanlara komisyon sahibi bu əşyaları hədiyyə verməkdən belə çəkinmir.
Mehman deyir ki, indi bir az yaxşı satılan Hindistan gülabdanlarıdır: "Onları da daha çox cümə axşamlarında alırlar. Qəbirlərin üstünə gülab tökmək üçün. Bu qablar hindlilərdə şərab qabı kimi istifadə olunub. Bizdə isə gülab qabı".
Mehman deyir ki, mis qazanların işlək olduğu zamanlarda qalayçılar vardı ki, həmin qazanları qalaylayırdı. İndi belə qazanlar istifadədən düşdüyündən həmin sənətkarlıq sahəsi sıradan çıxıb.
Mehman özünün mağazasındakı köhnə milli nümunələrdən olan mis kasaların, məcməyilərin, qəhvədanların, saxsı küpələrin, səhənglərin, süd qabı kimi istifadə olunan pərçinlərin, köhnə Gəncə xalçalarının, kilimlərin, qadın örpəyi olan kəlağayıların əksəriyyətinin məişətimizdə işlənən və öz sənətkarlarımız tərəfindən hazırlanmış milli əşyalar olduğunu qeyd edir. Amma burada digər ölkələrdə hazırlanmış nümunələr də var.
Bu köhnə nümunələri dükana satmağa gətirənlər əsasən ziyalı adamlardır. Vaxtı ilə yaxınlarına, övladlarına alıb saxladıqları və ya öz analarından, nənələrindən yadigar qalan bu əşyaları imkansızlıq üzündən satmağa gətirən həmin insanlar onları böyük ürək ağrısı ilə dükanlara təklif edirlər.
"Bəzən elə olur bizim yanımıza satmağa gətirilən malları almağa imkanımız olmur. Onda həmin malları satılmaq üçün mağazaya qoyuruq. Mal sahibinin əlaqə nömrəsini götürürük. Nə zaman onun əşyası satılsa, çağırıb pulunu veririk", - deyə Mehman əlavə edir.
Mehman deyir ki, bəzi köhnə milli qabları (saxsı və mis kasaları, qazanları, məcməyiləri, su səhəngləri, xurcunları, kiçik kilimləri) onlardan daha çox restoran və kafe sahibləri alır. Bu əşyalarla onlar məkanların interyerini qədimi üslubda bəzəyirlər. Satıcı vurğuladı ki, restoran otaqlarına xüsusi görkəm verən həmin əşyalar indiki vaxtda ən yaxşı dekorasiya vasitələri sayılır. Gələn müştərilərin özlərini köhnə adətlərin, milliliyin qorunub saxlandığı yerdə hiss etməsi onların əhvalına xüsusi rəng qatır.
Adətən xarici qonaqları daha çox belə restoranlara aparan həmyerlilərimiz onlara milli mədəniyyətimizi, tarixi keçmişimizi nümayiş etdirməyə çalışırlar. Ancaq özümüzün bu milli nümunələrə dəyər verib-vermədiyimizi bilirikmi? Xarici iş adamlarının və ya gəzməyə gələn turistlərin bu nümunələrə nə dərəcədə maraq göstərmələri barədə maraqlandıqda, satıcı dedi ki, dövlət gömrük idarəsindən belə əşyaların xaricə çıxarılmasına icazə verilmir. Çünki bunlar milli sərvət sayılır. Ona görə də turistlər əsasən Gəncəyə aid maraqlı suvenirlər alır və yalnız başqa dövlətlərin adət-ənənəsini əks etdirən köhnə əşyaları apara bilirlər.
Hazırda Gəncədə 4 belə komisyon mağazanın fəaliyyət göstərdiyini deyən Mehman bu dükanların hər birində özünəməxsusluğu ilə seçilən xeyli köhnə əşya olduğunu diqqətimizə çatdırdı.
Mehmanla söhbət etdiyimiz vaxt Gəncə Elm Mərkəzinin direktoru, professor Fuad Əliyev dükana gəldi. Çoxdan tanıdığı dostuyla (satıcı Mehman) salamlaşıb oturdu. Söhbətimizin mövzusunu biləndən sonra Fuad müəllim də bu barədə düşüncələrini bölüşdü. Bildirdi ki, belə tarixi nümunələri aşkar edib dəyərləndirmək üçün dövlətin xüsusi fondu olmalıdır:
"Belə fondlarda tarixçilər, ədəbiyyatçılar həmin qədim əşyaların yaşını müəyyənləşdirərək, aktlaşdırıb muzeylərə təhvil verməlidirlər. Şəhərimizdəki muzeylərin heç birinin öz şəxsi fondu yoxdur ki, belə nümunələri dəyərləndirib ala bilsin".
Fuad müəllim davam edir:
"Antikvar ticarətçiləri belə şeylərin nə dərəcədə tarixi əhəmiyyət daşıdığından xəbərsizdirlər. Məsələn, onlar hansısa sənətkarın vaxtilə hazırladığı gümüş bəzək əşyalarını qramıyla hesablayıb satır. Yaxud da qədim tarixə malik olan hansısa xırda dəmir parçası və ya saxsı qabı yabançılara satmaqla onun nə dərəcədə əhəmiyyətli nümunə olduğunu bilmir. Bununla da biz öz qədimliyimizi əks etdirən tarixi nümunələri yadlara satmış oluruq".
Bizim bu dükana gəlməyimizi maddi dəyərlərimizə həssas yanaşma kimi dəyərləndirən Elm Mərkəzinin direktoru istəyir ki, gənclərimizdə milli mədəniyyətə maraq olsun:
"Sadəcə, belə bir iş görək. Məsələn, universitetin ədəbiyyat və tarix fakültəsinin tələbələrini buraya gətirək..
|
|
|
Oxşar xəbərlər:
Rus dilindən imtina nə vəd edir?
Gəncə orta məktəbində dərs saatı satılır?
Zabit və əsgərlərin məhkəməsi başlayıb
Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir
Mətbuat gününə - mətbuat tarixi
|
|
|