Amerikanın ictimai-siyasi "Newsweek" dərgisi dünyanın 100 ölkəsində səhiyyə, təhsil, iqtisadiyyat və siyasi həyatın səviyyə reytinqini (Newsweek's The World's Best Countries) tərtib etmişdir. Bu gün dünyanın hansı ölkələrində yaşamağa dəyərdi sualına aydınlıq gətirməkdən ötrü dərgi özəl təhqiqat aparmış və öz versiyasını təqdim etmişdir. Reytinqin tərtibçiləri belə bir suala cavab aramışlar: "Sağlam, təhlükəsiz, nisbi firavan və azad həyat yaşamaqdan ötrü hansı ölkə ən yaxşı imkan təqdim edir?"
Sözügedən reytinqdə ölkələrin keyfiyyəti milli rifahın beş başlıca göstəricisi əsasında qiymətləndirilir: təhsilin durumu, səhiyyənin durumu, həyat keyfiyyəti, iqtisadi inkişaf dinamikası və siyasi mühit. Müqayisəli analizi apararkən araşdırmaçılar dərginin saytında interaktiv reytinq şəklində təqdim olunan 100 ölkənin özünəxas metrikasını tərtibləmişlər. Qeyd etmək lazımdır ki, reytinq eyni ölçüdə və rifahda olan ölkələr müqayisə edilərkən daha əyani təsir bağışlayır, buna görə də ekspertlər 100 ölkədən ibarət əsas qrupu əhalinin sayından, bu və digər dövlətin gəlirlərindən çıxış etməklə alt-qruplara bölmüşlər. Dərginin redaksiya məqaləsində dəqiqləşdirilir ki, reytinq üzərində iş bir neçə ay ərzində bir sıra beynəlxalq ekspertlərin, eləcə də McKinsey & Comrany konsaltinq şirkəti analitiklərinin iştirakı ilə aparılmışdır.
Araşdırma müəlliflərinin gəldikləri nəticəyə görə, dünyada ən yaxşı ölkə Finlandiyadır. Böyüklüyünə görə hardasa Azərbaycanla müqayisəyə gələn bu şimal ölkəsi təhsilin vəziyyətinə görə birinci, həyatın keyfiyyətinə görə - dördüncü, siyasi mühitin durumuna görə - beşinci, iqtisadi inkişaf dinamikasına görə - səkkizinci və səhiyyənin vəziyyətinə görə - on yeddinci yerdədir.
Finlandiyadan sonra ilk onluqda İsveçrə, İsveç, Avstraliya və Lüksemburq, Norveç, Kanada, Niderland, Yaponiya, Danimarka gəlir. Ümumi siyahıda ABŞ 11-ci, Rusiya 51-ci, bizim Azərbaycan 69-cu yerdədir. Sonuncu üç yeri Burkina-Faso, Nigeriya, Kamerun bölüşür. Qeyd edək ki, "Qazeta.ru" saytı Rusiyanın Ukraynadan (49-cu) iki pillə geri qaldığına diqqəti çəkir. Rusiya Kuba və Türkiyənin arasında qərar tutur. Təhsil şkalasında Rusiya 31-ci, iqtisadi inkişaf dinamikasında 36-cı, həyatın keyfiyyətinə görə 50-ci yerdədir. Səhiyyənin və siyasi mühitin vəziyyətinə görə Rusiya 75-ci yerdə dayanır.
Azərbaycan təhsilin səviyyəsinə görə 83-cü, səhiyyə üzrə 80-ci, həyat keyfiyyətinə - 49, iqtisadi inkişaf dinamikası - 31, siyasi həyatın keyfiyyəti üzrə 86-cı yeri tutur. Bunun ölkəmiz üçün reallığı əks etdirdiyi ilə razılaşmamağımız çətindir. Yəni, özlüyündə əhalinin həyat keyfiyyəti və ölkənin iqtisadi inkişaf dinamikası üzrə göstəricilərimiz heç də pis deyil, fəqət təhsilin və səhiyyənin səviyyəsi, siyasi həyatın keyfiyyəti kimi göstəricilərdə tutduğumuz pillə düşündürücüdür.
Müqayisə üçün digər postsovet ölkələrinin vəziyyətinə diqqət yetirək: Estoniya - 32, Litva - 34, Latviya - 36, Ukrayna - 49, Belarus - 56, Qazaxıstan - 61-ci yerlərdə dayanmışlar.
İnkişaf etmiş bəzi digər ölkələr: Almaniya - 12, Böyük Britaniya - 14, Fransa - 16, İspaniya - 21, İsrail - 22, İtaliya - 23, Meksika - 45, Braziliya - 48, Çin - 59, Hindistan - 78-ci yerlərdə qərar tutublar.
Qeyd olunur ki, Finlandiya nəinki dünyada ən yaxşı ölkədir, həm də əhalinin gəlirləri və təhsilin keyfiyyətinə görə liderdir. Onların fikrincə, bu, xüsusi atmosfer və təhsilin səviyyəsinin yüksək olması ilə izah olunur.
Avstraliya iqtisadiyyatı bu yaxınlarda böhranla üzləşsə və ona davam gətirsə də, həyat keyfiyyəti olduqca yüksəkdir. İri ölkələr arasında ən yaxşı Yaponiya hesab olunur və səhiyyənin səviyyəsinə görə mütləq liderdir.
Aşağı gəlirli ölkələr arasında da lider var: əhalinin savadlılığı və uzunömürlülüyü sayəsində reytinq qazanmış Albaniya. Polşa isə orta gəlirli ölkələr arasında lider seçilib.
Jurnal müxtəlif kateqoriyalarda konkret göstəricilər üzrə liderləri də aşkar edib. Belə ki, aşağı gəlirli ölkələr arasında təhsilin səviyyəsinə görə Ukrayna, orta gəlirli ölkələr arasında Qazaxıstan liderlik edir. Həyat keyfiyyətinə görə çempion Norveçdir. BMT-nin qiymətləndirmələrinə görə, ən yüksək həyat şəraiti, sosial-iqtisadi bərabərlik və yaxşı ekologiya bu ölkədədir. Ən böyük iqtisadi dinamiklik Sinqapurdadır. Ən yaxşı siyasi durum isə İsveçdədir.
Fəqət burası da var ki, "dünyanın ən yaxşı ölkəsi"nin hesablanıb tapılma metodologiyası bir sıra beynəlxalq ekspertlər tərəfindən tənqidə məruz qoyulub. Onlar bu fikirdədirlər ki, reytinq bir çox hallarda tədqiq edilən ölkələrdə gerçək vəziyyəti əks etdirmir və daha mürəkkəb mənzərənin yalnız bir hissəsini göstərir. Finlandiyanın ilk yerə çıxarılması da şübhəyə söbəb olub. Çünki bu ölkə bir sıra istiqamətlərdə ciddi uğurlara imza atsa da, intiharların və depressiyaların sayına görə dünya lideridir. Odur ki, bu ölkədə zahirən hər şey əla olsa da, dünyanın ən yaxşı ölkəsi sayıla bilməz.
|