çap et  
Uşaq bağçaları və onların bu günü
Uşaq bağçaları və onların bu günü
Kadrlar 70 il əvvəlin təfəkkürü ilə işləyir...
Şənbə, 21.08.2010

Aynurə

Bilirik ki, məktəbəqədər təhsil intellektual, fiziki və psixoloji inkişafı sürətləndirmək üçündür. Uşağın potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında bağçalara mühüm rol ayrılıb. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisəsində qoyulmalıdır. Bizim ölkədə durum necədir?

Arayış: ölkədə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil müəssisəsi var. 103157 uşağı əhatə edən 1571 məktəbəqədər təhsil müəssisəsi TN sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi və ümumi təyinatlı 8 məktəbəqədər müəssisədə 16 xüsusi təhsil qrupu fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Ölkə üzrə TN tərəfindən lisenziya almış 11 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Ana işləməyə məcburdursa, uşağını bağçaya qoymalı olur. Sözsüz ki, evdə uşağının qayğısına qala bilməyən valideynin bağça müəllimələrindən gözləntiləri var. Fəqət əksər bağçaların maddi-texniki bazası köhnəlib, kadrların hazırlığı 70 il əvvəlki prinsiplərə söykənir. Halbuki dünya yeni məktəbəqədər modellər tətbiq etməkdədir.

Müasir Təhsil və Tədris Yardım Mərkəzinin direktoru Ülviyyə Mikayılova "Ayna"ya müsahibəsində məktəbəqədər təhsilə yeni baxışdan danışır.

- Məktəbəqədər təhsilə təkcə məktəbə hazırlıq kimi yanaşmaq düzgün olmazdı. Bağça rejimini məktəb fəaliyyətinə oxşatmaqla yanlışlıq etmiş olarıq. Balaca uşaqlar ayrı cür öyrədilməlidir. Onlara təlim prinsipləri məktəb təhsilindən fərqlidir. Erkən yaşlı uşaqlar oyun vasitəsi ilə öyrənir. Uşaq ancaq ona maraqlı olanda öyrənə bilər.

Bu bir gerçəkdir ki, tərbiyəçinin uşaq üzərində nəzarəti güclü olan, akademik yüklü, uşağa hədsiz sərbəstlik verən məktəbqədər modellər uğursuzdur. Baxmayaraq ki, bizim valideynlər uşağı güclü nəzarət olan bağçalara qoymağa çalışırlar. İstəyirlər ki, onlar daha çox şeir, nağıl bilsin, saymağı bacarsınlar. Son vaxtlar isə onların hətta xarici dilləri mənimsəməsini istəyirik. Bununla da uşaqlıq çağının inkişaf qanunlarını unuduruq. Əslində uşağı bağçaya verməyimizin kökündə onun məktəbə yaxşı hazırlaşması dayanır.

Bağçalarda uşaq qrupları 2-3, 4-5 yaşlılar və s. bölünür. Uşaqlığın fiziologiyası və psixologiyası isə bəyan edir ki, 4 yaşlı normal uşaq özünü 2 və yaxud 6 yaşlı kimi də apara bilər. Bu normadır. Deməli, uşağın fərdi xüsusiyyətlərinə əsaslanan metodiki yanaşmanın olması şərtdir. Tərbiyəçilərimiz buna məhəl qoymurlar. Biz çalışırıq ki, uşaqları eyni tərzdə öyrədək, cavab alaq və qiymətləndirək. Ünsiyyətin keyfiyyəti də əhəmiyyətlidir. Çünki ünsiyyət uşağı formalaşdırır. Müəllim uşağı aktiv, hazırcavab, düşünən, fikir söyləməyi bacaran şəxs kimi də inkişaf etdirə bilər. Və yaxud cavab axtaranda müəllimin gözünə baxan kimi.

- Amma çox vaxt ikincilərə daha çox rast gəlirik. Bəlkə proseslər axarı ilə getmir?

- Bizim analar, atalar uşaqla çox az danışırlar. Uşaq nəsə istəyəndə ona cavab verirlər, xoşuna gəlmədikləri hərəkət edəndə danlayırlar. Uşaqla onun səviyyəsində söhbət aparmaq isə yoxdur. Bu tendensiya ailədən bağçalara keçib. Tərbiyəçi də bu cəmiyyət fərdlərindən biridir. Ana, ata qazanc dalınca səhər işə gedir. Uşaq valideynlərini axşam yorğun, əsəbi halda görür. Bağçadakı müəllim də evdən gəlir. Yorğun, əsəbi və az məvacibli. Uşaq pozitiv sosial model görmür...

Problemin kökü ondadır ki, məktəbəqədər kadrların hazırlığı və təkmilləşdirilməsi işində yenilik yoxdur. 30-50 il əvvəl kadrlar necə hazırlanıbsa, indi, 21-ci əsrdə də həmin prinsiplərlə hazırlanır. Elə bil nə dünya dəyişib, nə də uşaqlar.

- Bu yöndə seminar və ya kurslar təşkil olunur. Bu da köməyə gəlmir?

- Mən bu qənaətdəyəm ki, yeni kadrları hansısa təkmilləşdirmə kursları açmaqla hazırlamaq mümkün deyil. Məktəbəqədər təhsilin, uşaqlığın konsepsiyası yenilənmirsə, yeni kurslar açmaqla kadr hazırlığında dəyişiklik etmək olmaz.

Yeri gəlmişkən, İsveç kurrikulumu cəmi 6 səhifədən ibarətdir. Orada sadəcə əsas prinsiplər yer alır. Əsas prinsip də odur ki, müəllim uşağı öyrənsin, onun daxili potensialının inkişafına yardım göstərsin.

- Məktəbəqədər təhsilin yeniləşməsi proqramından söz gedir. Amma sizin söylədiklərinizdən belə çıxır ki, yeniləşmə-filan yoxdur?

- Biz məktəbəqədər təhsil müəssisələrinin inkişafı üçün yeni istiqamət tapmalıyıq. Bizdə deyilir ki, məktəbəqədər təlim və tərbiyə, təhsil. Biz böyüklər təlimatları yazmışıq, onları hansı istiqamətdə tərbiyə etməyi də bilirik. Onlar balacadırlar, bilmirlər və təlimatlara tabe olmalıdırlar ki, lazımi istiqamətdə yetişsinlər. Dünyada isə bu - erkən yaş dövrünün təşkili və inkişafı adlanır. Təkcə ad deyil, yanaşma da fərqlidir. Bu daha geniş aspektli anlayışdır.

Bizim məktəbəqədər müəssisələrdə bilik və bacarıq toplusu hamı üçün norma eynidir. Ucqar kənddə də uşaqlar üçün bacarıq və biliklər toplusu eynidir, Bakının mərkəzində də. Beynəlxalq təcrübəyə nəzər salanda isə başqa mənzərənin şahidi oluruq. Məsələn, İtaliyanın Recio-Emilio kəndində icma əsaslı məktəbəqədər təhsil modeli ən nümunəvi model kimi qeyd edilir. Onun əsasında doktorluq işləri yazılır. Çünki icmada uşaqlara həyatı qabaqda olan şəxs kimi baxmırlar. Onlar deyirlər ki, uşaqların bu gününü maraqlı hadisələrlə doldurmaq lazımdır. Uşağın marağına, inkişaf, sosial-emosional səviyyəsinə, fizioloji xüsusiyyətlərinə baxaraq bacarıqlar müəyyən edilir.

Uşaqlığın inkişafına fərqli yanaşanlar uşaqdan soruşurlar ki, sən nə bacarırsan? Həmişə deyirik ki, uşağa sevgi, böyüyə hörmət. Nə vaxtsa uşağa hörmətdən danışılır? Heç vaxt. Bu termin, məfhum yoxdur. Deyirlər ki, uşaq hörməti nə qanır. Amma elə ailədən başlayaraq uşağı özümüzə bərabər, cavab verən, danışan, mövqeyini bildirən, müzakirə edən uşaq kimi qəbul etmək lazımdır. Uşaqlıqdan onlara şəxsiyyət kimi yanaşmaq lazımdır. Əgər biz onların şəxsi keyfiyyətlərini görmək istəsək, bunu seçəcəyik. Hazırda şəxsiyyət yönümlü təhsil aktuallaşır.

- Amma deyəsən, şəxsiyyət yönümlü təhsilin əhəmiyyəti barədə hələ çox şeylər eşitsək də, əməldə bunu çox gözləməli olacağıq...

- Yəqin ki. Məsələn, istənilən problemin həllindən söhbət düşəndə hamı "aidiyyəti dövlət təşkilatından" kömək gözləyir. Bizim məsələdə isə Təhsil Nazirliyindən müəyyən addımlar gözlənilir. Nazirlik həm kurrikulum yazmalı, həm qidalanma standartlarını hazırlamalı, həm qiymətləndirməni həyata keçirməlidir...

Əslində bütün dünyada bu işləri pedaqoqların peşəkar assosiasiyaları görür. Mütəxəssislər standartları, keyfiyyət indikatorlarını, qiymətləndirmə meyarlarını hazırlayıb təqdim edirlər. Təhsil Nazirliyi isə prosesi idarə etməlidir. Yaxşı bağçaları seçmək isə valideynlərin işidir.

Bizdə tam fərqli mənzərə müşahidə edilir. Mütəxəssislər birlik və assosiasiyalarda birləşməyib, odur ki, səsləri az eşidilir. Bu səbəbdən hamımız suallara cavab axtarırıq.

- Deməli, valideyn dəyişiklik istəyirsə, nə etməlidir?

- Uşağa münasibət dəyişməlidir. Yeni yanaşma olmalıdır. Bunun üçün də Təhsil Nazirliyinin hansısa qərarını gözləməməliyik.