Uşaq bağçaları və onların bu günü
 |
Kadrlar 70 il əvvəlin təfəkkürü ilə işləyir...
Şənbə, 21.08.2010
|
|
Bilirik ki, məktəbəqədər təhsil intellektual, fiziki və psixoloji inkişafı sürətləndirmək üçündür. Uşağın potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında bağçalara mühüm rol ayrılıb. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisəsində qoyulmalıdır. Bizim ölkədə durum necədir?
Arayış: ölkədə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil müəssisəsi var. 103157 uşağı əhatə edən 1571 məktəbəqədər təhsil müəssisəsi TN sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi və ümumi təyinatlı 8 məktəbəqədər müəssisədə 16 xüsusi təhsil qrupu fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Ölkə üzrə TN tərəfindən lisenziya almış 11 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Ana işləməyə məcburdursa, uşağını bağçaya qoymalı olur. Sözsüz ki, evdə uşağının qayğısına qala bilməyən valideynin bağça müəllimələrindən gözləntiləri var. Fəqət əksər bağçaların maddi-texniki bazası köhnəlib, kadrların hazırlığı 70 il əvvəlki prinsiplərə söykənir. Halbuki dünya yeni məktəbəqədər modellər tətbiq etməkdədir.
Müasir Təhsil və Tədris Yardım Mərkəzinin direktoru Ülviyyə Mikayılova "Ayna"ya müsahibəsində məktəbəqədər təhsilə yeni baxışdan danışır.
- Məktəbəqədər təhsilə təkcə məktəbə hazırlıq kimi yanaşmaq düzgün olmazdı. Bağça rejimini məktəb fəaliyyətinə oxşatmaqla yanlışlıq etmiş olarıq. Balaca uşaqlar ayrı cür öyrədilməlidir. Onlara təlim prinsipləri məktəb təhsilindən fərqlidir. Erkən yaşlı uşaqlar oyun vasitəsi ilə öyrənir.
Uşaq ancaq ona maraqlı olanda öyrənə bilər.
Bu bir gerçəkdir ki, tərbiyəçinin uşaq üzərində nəzarəti güclü olan, akademik yüklü, uşağa hədsiz sərbəstlik verən məktəbqədər modellər uğursuzdur. Baxmayaraq ki, bizim valideynlər uşağı güclü nəzarət olan bağçalara qoymağa çalışırlar. İstəyirlər ki, onlar daha çox şeir, nağıl bilsin, saymağı bacarsınlar. Son vaxtlar isə onların hətta xarici dilləri mənimsəməsini istəyirik. Bununla da uşaqlıq çağının inkişaf qanunlarını unuduruq. Əslində uşağı bağçaya verməyimizin kökündə onun məktəbə yaxşı hazırlaşması dayanır.
Bağçalarda uşaq qrupları 2-3, 4-5 yaşlılar və s. bölünür. Uşaqlığın fiziologiyası və psixologiyası isə bəyan edir ki, 4 yaşlı normal uşaq özünü 2 və yaxud 6 yaşlı kimi də apara bilər. Bu normadır. Deməli, uşağın fərdi xüsusiyyətlərinə əsaslanan metodiki yanaşmanın olması şərtdir. Tərbiyəçilərimiz buna məhəl qoymurlar. Biz çalışırıq ki, uşaqları eyni tərzdə öyrədək, cavab alaq və qiymətləndirək. Ünsiyyətin keyfiyyəti də əhəmiyyətlidir. Çünki ünsiyyət uşağı formalaşdırır. Müəllim uşağı aktiv, hazırcavab, düşünən, fikir söyləməyi bacaran şəxs kimi də inkişaf etdirə bilər. Və yaxud cavab axtaranda müəllimin gözünə baxan kimi.
- Amma çox vaxt ikincilərə daha çox rast gəlirik. Bəlkə proseslər axarı ilə getmir?
- Bizim analar, atalar uşaqla çox az danışırlar. Uşaq nəsə istəyəndə ona cavab verirlər, xoşuna gəlmədikləri hərəkət edəndə danlayırlar. Uşaqla onun səviyyəsində söhbət aparmaq isə yoxdur. Bu tendensiya ailədən bağçalara keçib. Tərbiyəçi də bu cəmiyyət fərdlərindən biridir. Ana, ata qazanc dalınca səhər işə gedir. Uşaq valideynlərini axşam yorğun, əsəbi halda görür. Bağçadakı müəllim də evdən gəlir. Yorğun, əsəbi və az məvacibli..
|
|
|
Oxşar xəbərlər:
Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır
Gəncə orta məktəbində dərs saatı satılır?
Orta məktəb şagirdlərində siqaretə meyil artıb
Gənc liderlər Qazağa toplaşıb
Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!
|
|
|