çap et  
Müəllimlər işə testlə götürüləcək
Müəllimlər işə testlə götürüləcək
İmtahan sentyabrın ilk həftəsində baş tutacaq
Şənbə, 21.08.2010


Təhsil Nazirliyi bu həftənin sonunda ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin siyahısını açıqlayacaq. Vakant yerlərə ərizələrin qəbulu avqustun 20-dən başlayır və bir həftə davam edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu il ilk dəfə olaraq orta məktəblərdə çalışacaq müəllimlərin işə qəbulu test üsulu ilə aparılacaq. Müəllimlərin işə qəbulunun birinci mərhələsini təşkil edən test imtahanı sentyabrın ilk həftəsində keçiriləcək. Test imtahanında 100 sualdan 80-nə düzgün cavab verənlər ikinci mərhələyə buraxılacaq. İkinci mərhələdə isə müəllimlərin nəzəri deyil, fərdi keyfiyyətləri, təşkilatçılıq qabiliyyətləri qiymətləndiriləcək.

Nazirliyin məlumatına görə, hazırda ölkə ərazisində 300-ə yaxın müəllimə ehtiyac var. Bunun 200 nəfəri Bakıdadır. Bu il Bakıda informatika, bədən tərbiyəsi və hərbi hazırlıq, regionlarda isə riyaziyyat, fizika, kimya fənni üzrə müəllimlərə ehtiyac var. Bu il həmçinin ucqar kəndlərə 1000-ə yaxın müəllim göndəriləcək.

Xatırladaq ki, ötən il Təhsil Nazirliyi 2009/2010-cu tədris ilində ümumtəhsil məktəblərində 365 boş yer üzrə müsabiqə keçirib. Bu müsabiqədə iştirak üçün 1044 işaxtaran müəllim ərizə verib. Lakin onlardan cəmi 284 nəfəri vakant vəzifələrə qəbul edilib, 81 yer isə boş qalıb.