Qubad İbadoğlu:
"2009 işsizliyin artması, məvaciblərin azalması ilə yadda qaldı"
 |
Dövlət büdcəsi sosial rifah halına mənfi təsir edib
Şənbə, 21.08.2010
A.Əhməd |
mətn ölçüsü |
|
|
|
Dünya iqtisadi böhranı 2009-cu ildə dövlət büdcəsinə təsirsiz ötüşməyib. Büdcə xərcləmələrinin azalması öz növbəsində sosial rifah halına təsir göstərmişdir. Bir tərəfdən neft hasilatının büdcədə proqnozlaşdırılandan 23 faiz az olması, digər tərəfdən isə neftin qiymətlərinin ən aşağı həddə enməsi, eləcə də xarici investorların ölkəmizin maliyyə bazarından 250 milyon ABŞ dolları və bank sistemindən 1,7 milyard dolları geri çəkməsi icmal büdcədə gərginlik yaratmışdır.
Hökumət rəsmilərinin ölkənin böhrandan yan keçməsi ilə bağlı iddiaları gerçəkliyi əks etdirmirdi. Azərbaycanda elə bir dövlət orqanı olmadı ki, böhranın mənfi təsirləri ilə üzləşməsin. Bir fakt da reallıqdır ki, Azərbaycanda proqnozlaşdırma institutu ümumiyyətlə yoxdur. Dövlət büdcəsi neçə illərdir müzakirə edilir, hər dəfə də proqnozlar özünü doğrultmur, il ərzində büdcəyə yenidən baxılır.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) "2009-cu ildə dövlət büdcəsinin icrasının sosial rifaha təsirinin qiymətləndirilməsi" mövzusunda hesabatını ictimaiyyətə təqdim etdi. Mərkəzin İdarə Heyətinin sədri Qubad İbadoğlu "Ayna"ya bu və hazırlanan tövsiyələr barədə danışır:
- Əsas böhran ili kimi 2009-cu il götürülüb və il ərzində böhranın təsiri ilə yaranmış vəziyyət tədqiq olunub. Beləliklə, ötən il neft hasilatı büdcədə proqnozlaşdırılandan 23 faiz az olub. Üstəlik, neftin qiyməti ən aşağı həddə - 54 dollara enib. Xarici investorlar ölkənin dövlət maliyyə bazarlarından 250 milyon dollar geri çəkib. Bundan başqa, investorlar bank sektorundan 1,7 milyard dollar geri çəkib. Bu isə öz növbəsində icmal büdcədə gərginlik yaranmasına səbəb olub. Dövlət büdcəsinin həm gəlirlər hissəsinin formalaşması, həm də xərcləmələrin həyata keçirilməsi sosial rifah halına mənfi təsir göstərib. Böhranın konturları dövlət büdcəsinin icrası zamanı özünü açıq şəkildə büruzə verib.
Beləliklə, tədqiqat müəlliflərinə görə, 2009-cu ildə dövlət büdcəsinin sosial rifah halına ilk təsiri qeyri-neft büdcə gəlirlərinin artımı ilə baş tutub. Qeyri-neft sektoru böhran ilində çətinliklə üzləşib.
Böhranın təsiri ilə tikinti və xidmət sektorunda ciddi geriləmə baş verib. Belə bir vəziyyətdə hökumətin qeyri-neft gəlirlərini artırmaq üçün "pedal"ı sonadək sıxması bu sahədə vəziyyəti bir qədər də ağırlaşdırıb. Təsadüf deyil ki, 2009-cu ildə fəaliyyətini dayandıran və ya məhdudlaşdıran müəssisələrin bir hissəsi məhz vergi yoxlamalarından sonra buna getməyə məcbur olublar. Bu isə öz növbəsində işsizliyin artması, əmək haqlarının azalması və ya gecikdirilməsi hallarını doğurub. Belə ki, iqtisadiyyatda muzdla işləyənlərin sayı 2008-ci ildə 1410 min nəfər olubsa, 2009-cu ildə 1376 min nəfərə enib.
- 2009-cu ildə qeyri-neft sektoru büdcəyə hansı xətlə daha çox vəsait ödəyib?
- Gömrük xətti ilə daha çox vəsait ödənib. Belə ki, ötən il ərzində idxal həcminin kəskin azalmasına baxmayaraq, Gömrük Komitəsi büdcəyə 1112,7 mln. manat vəsait təmin edib ki, bu da 2008-ci illə müqayisədə 2,3 mln. manat çoxdur. Beləliklə, qeyri-neft sektoru böhran ilində təkcə vergi deyil, həm də gömrük ödənişlərini əvvəlki illə müqayisədə daha çox həyata keçirib. Bir tərəfdən böhranın təsiri ilə gəlirlərin azalması, digər tərəfdən isə vergi-gömrük ödənişlərinin artımı qeyri-neft sektorunun mənfəətini minimuma endirib. Bu isə öz növbəsində sosial rifaha mənfi təsir göstərib. Əhalidən yığılan gəlir vergisinin 2009-cu ildə 2008-ci ilə nisbətən 627 milyon manatdan 582 milyon manata enməsi də onu göstərir ki, işləyən əhalinin gəlirləri azalıb.
2009-cu ildə sosial xərcləmələr artıb. Ötən il dövlət büdcəsinin xərcləri 85,5 faiz icra edilib ki, bu da 2008-ci illə müqayisədə 1,9 faiz azdır. 2009-cu ildə sosial yönümlü tədbirlərin elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 26,2 faizi yönəldilib ki, bu da 2008-ci illə müqayisədə 19,5 faiz çoxdur.
- Böhran ilində fiskal yumşaltma tədbirləri də həyata keçirilməyib?
- 2009-cu ildə ünvanlı sosial yardım alınması üçün ehtiyac meyarı 60 manata çatdırılıb, pensiya təminatında yarana biləcək gecikmələrin qarşısını almaq məqsədi ilə dövlət büdcəsinin ehtiyat fondundan 40 milyon manat vəsait ayrılıb. Sosial ipotekaya milyon manat yönəldilib, əhalinin 2009-cu il oktyabrın 1-nə təbii qazdan istifadə üzrə yaranmış borcları silinib.
Ümumilikdə 2009-cu ildə 2008-ci ilə nisbətən təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz və sosial müdafiə və sosial təminat xərcləri isə 4,6 faiz artıb. Böhran ili olmasına rəğmən sosial xərclərin artımı fonunda sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, müdafiə xərcləri 2008-ci ilə nisbətən daha az olub. Beləliklə, dövlət büdcəsinin xərclər bölməsi investisiya yükünü azaldaraq sosial rifahın böhranın təsirinə daha az məruz qalmasını prioritet seçib. Digər tərəfdən, büdcənin qeyri-neft gəlirlərinin artması sosial rifah halında öz mənfi izini buraxıb.
Üstəlik dövlət xərcləmələrinin azalması da ÜDM-in dinamikasına mənfi təsir göstərməklə istehlakda və deməli, sosial rifah halında neqativ iz buraxır.
- Mərkəzin tədqiqat qrupunun belə bir vəziyyət üçün nə kimi tövsiyələri var?
- Əlbəttə, dövlət büdcəsinin formalaşması zamanı planlaşdırma-proqramlaşdırma-büdcə zənciri üzrə "Maliyyə proqramlaşdırılması"nın daha uyğun modelinə keçid təmin edilməlidir. Büdcə proqnozlaşdırılan zaman qabaqcıl ekonometrik üsullardan istifadə olunmalıdır. Əsas hədəflərdən biri proqramlaşdırmanın makroiqtisadi sabitlik, davamlı inkişaf və sosial rifah prinsiplərinə uyğun həyata keçirilməsi olmalıdır. Dövlət büdcəsi və digər makroiqtisadi göstəricilər arasında optimal nisbətlərin qurulması təmin edilməlidir.
Biz bu qənaətdəyik ki, dövlət büdcəsinin icrasının sosial rifah halına təsiri ssenarilərlə proqnozlaşdırılmalıdır. Dövlət xərcləmələrinin strukturu və həcmi səmərəlilik və davamlılıq prinsiplərinə uyğun hesablanmalıdır. Dövlət büdcəsinin gəlirlərinin qeyri-neft sektoruna və dolayısı ilə məşğulluq və əməkhaqqı siyasətinə təsiri qiymətləndirilməlidir. Maliyyə proqramlaşdırılması zamanı makroiqtisadi qurumlar arasında daha operativ və elmi koordinasiya təşkil olunmalıdır. Bunlar təmin olunarsa, dövlət büdcəsinin icrası sosial rifaha ancaq müsbət təsir edər.
|
|
|
Oxşar xəbərlər:
Büdcəyə vergi daxilolmaları arta bilər
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Neftin qiyməti yenə də qalxarsa...
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Gələn ilin büdcə layihəsi hazırdır
|
|
|