çap et  
Resepsion + Depression = Armagedon?
Resepsion + Depression = Armagedon?
İki ildir "3-cü Dünya savaşı" başlayıb, insanların bundan xəbəri yox
Şənbə, 14.08.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)

Dünya tarixini çox yaxşı bilənlərə bəllidir ki, 1-ci Dünya savaşının başlanmasının əsas səbəbi Avropanın və ABŞ-ın birlikdə bir sıra dövlətləri və coğrafi regionları öz nəzarətlərinə almaq üçün apardıqları qlobal siyasət idi. 2-ci Dünya savaşının isə dünyadakı milli dövlətləri iki qütb - kapitalizm və kommunizm arasında paylaşmaq, bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının bayrağı altında toplamaq üçün törədildiyi də bəllidir. Hazırda bütün dünyanı təhdid edən problemlərdən biri isə 3-cü Dünya Savaşının yaratdığı fəsadlar və bunun çox təhlükəli problemlər doğurmasıdır. Bunun adını qərbsevərlər "yeni dünya düzəni" qoyublar. Yəni "dünyanın tək gücün iradəsilə bir dövlətin nəzarətinə alınması", "dünyanın vahid pul kütləsilə idarə olunması", "böyük güclərin ordularını birləşdirən vahid ordu" əmsalı şəklində dəyərləndirilməsidir.

Bu sırada dünyamızda hər hansı bir savaş olayını gündəmə gətirmək elə də asan başa gəlmir. Bunun üçün bir sıra şərtlər tələb olunur. Bütün bunlar olmadıqca böyük savaşlar gündəmə gətirilə bilməz.

Qlobal savaş böhranı

Son iki ildə bütün dünyanı saran əsas qlobal problem yeni iqtisadi və maliyyə böhranıdır. Bu qlobal xəstəlik və virusdan heç bir dövlət kənarda qalmadı. Bu problemlərin məngənəsində çabalayan dövlətlər bir sıra müşküllərlə üz-üzədir:

1. İnsanların işini və aşını itirməsi.

2. Artıq əhalinin böyük əksəriyyətinin əlində nəyisə itirəcəyinin qalmaması.

3. Bütün cəmiyyətlərin depressiya durumunu yaşaması.

4. İctimai quruluşun fərqlərinə baxmayaraq, bütün dövlətlərdə ağır həyat şəraitinə görə insanların hər şeydən bezməsi.

5. Xalqların mövcudluğu məsələsində hətta ən ağıllı insanların belə qorxu içində yaşaması.

Günümüzün problemlərinə dönərkən dünyamıza diqqət etdikdə hər kəsin başının üstünü "domokl qılıncı" kimi kəsdirən "beynəlxalq maliyyə və iqtisadi böhran"ın yaratdığı durğunluq, yəni "resepsion" ortamının yaratdığı fəsadlar var. Bunlar həyatımızı məhv etməkdədir.

Sosioloqların hesablamalarına görə, başda Qərbin iri dövlətləri və ABŞ olmaqla bu güclərin yaratdığı qlobal böhran səbəbindən 35 milyon insan işini və aşını itirmişdir. Onlar yaşamaq uğrunda sürünməyə məcbur edilmişlər. Bu insanlar kasıblıq həddindən də aşağı vəziyyətə düşüblər və hər gün "ölüm-qalım" mücadiləsini yaşayırlar. Onlar 2008-ci ildən bəri bu məşəqqətli həyat tərzinin şərtləri daxilində, sadəcə, sağ qalmağın peşindədirlər. Təbii olaraq, resepsionun gündəmə gətirdiyi fəlakətlərin ardınca "depression" acı bir fəlakət halında həyatımıza daxil olub və bizləri daha ağır sınaqlara çəkməyə başlayıb. Kütləvi işsizlik, kasıblıq, acından ölməmək uğrunda aparılan mübarizə bu depressionun tərkib hissələridir.

3-cü Dünya savaşının artıq dünyanı sarmış olan qlobal maliyyə və iqtisadi böhranla müşayiət olunması hərb tarixinin ən qəddar və fəlakətli səhifələri hesab edilir. Çünki bu qəddar savaşa bütün dünya və bəşəriyyət cəlb edilmişdir. Bu qlobal böhranın törətdiyi fəsadlardan, bəşəri fəciədən hər hansı bir toplum və ya dövlət sığortalanmayıb. Bu savaşın həm altqatları, həm də görünən tərəfləri bütün idbarlığı ilə bəşəri fəlakət anlamındadır. Bunun adını "yeni dünya düzəni" qoymaqla, bəşəriyyəti çox ustalıqla və hiyləgərcəsinə aldadırlar. Guya bəşəriyyət yeni düşüncə və həyat tərzinin şərtlərinə uyğunlaşdıqca dünyanın idarə olunması da inkişaf edəcəkmiş...

Görünməyən savaşların sirri

Qloballaşma tərəfdarlarının iddialarına görə, dünya birliyi bir bütün olduqda bütün cəmiyyətlərin daha sürətli inkişaf proseslərinə adaptasiya olunma ehtimalı yüksələ bilər. Bu "dadı şirin", özü isə "strateji siyasətin acısı" kimi qəbul edilən ictimai və psixoloji dərman həbləri hələ ki heç kimsənin həyat normasını yaxşılaşdıra bilməyib. Qlobal böhranlardan beynəlxalq səviyyədə uzlaşdırılmış şəkildə çıxış nöqtəsinin araşdırılması hələ də aktual olaraq qalır.

Qloballaşan dünyada indi hər şey bir an məsələsinə tabe etdirilmişdir. İnsanlıq yenə böyük bir fəlakətə doğru yönəldilir. Silah tüccarlarının nəzarətində olan strateji araşdırma mərkəzlərinin hazırladıqları təlimatlar əsasında milyonlarca insan, 1-ci və 2-ci dünya savaşlarında olduğu kimi, hər an ölüm kabusunun onu qaplayacağını gözləyir. Bu sırada isə bir tərəfdə multimilyarder olanlar, digər tərəfdə aclıqdan ölənlər dayanır. Genləri dəyişmiş qidalar ucbatından ölənlərin sayı milyonlarla hesablanır. İndi ehtiyac yoxdur ki, hər hansı bir dövlətə qarşı irimiqyaslı hərbi güc ilə hücumlar edilsin. Ən azından genləri dəyişdirilmiş orqanizmlər sayəsində bütöv bir milləti asanlıqla məhv etməyin texnologiyaları işlənibdir. Bu texnologiyanın hesabına istənilən toplumu qısa bir zamanda asanlıqla qısırlaşdırmaq mümkündür. Bu savaşın ardında duranların kimliyi savaş bitdikdən sonra bəlli olacaqdır. Çünki superzənginlərə çevrilən transkontinental şirkətlər və ya dövlətlər öz varlıqlarını savaş bitdikdən sonra nümayiş etdirirlər. Qısaca "resepsion + depression = armagedon" (yəni 3-cü Dünya savaşı) bütün bəşəriyyəti təhdid edərək, acı bağırsaq kimi uzanmaqdadır. Çünki qlobal maliyyə və iqtisadi böhranın nə zaman, hansı şəraitdə bitəcəyini heç bir kimsə proqnozlaşdıra bilmir. Bu idarəolunan savaş tarixin ən qəddar və zülmkar dövrünə qədəm qoyubdur. Bir sıra texnoloqlar iddia edirlər ki, köhnə dünya və baxışlar yıxılmayınca, yeni dünya düzəninin qurulması mümkün olmayacaqdır.

Bu böhranları gündəmə gətirən dövlətlərin qlobal böhran öncəsi ərzaq təhlükəsizliyi barədə qəbul etdikləri qərarları və bu yöndə atdıqları addımları diqqətlə təqib etdikdə bəlli olur ki, onlar bütün bunlara öncədən xüsusi hazırlıqlar görüblər. Qlobal iqtisadi və maliyyə böhranlarının tüğyan etdiyi bir zamanda ən çox qazanc əldə edən də məhz bu dövlətlərdir. Postmodernizmin diktatorluğu Ağır iqtisadi və maliyyə böhranları içində çabalayan dövlətlərdə daxili savaşları, qarşıdurmaları gündəmə gətirənlər "yeni dünya düzəni" siyasətinin müəllifləridir. Onlar bir sıra ictimai qurumlar və ya fondlar yaratmaqla problemlərin miqyasını süni şəkildə daha da ağırlaşdırmaq strategiyasını izləyirlər. Yəni "yeni dünya düzəni" anlayışı köhnə və ənənəvi baxışların tamamilə dəyişməsi kimi xarakterizə olunmaqla, proseslərin içində əsas hədəflərdən yayınmağı asanlıqla bacarmaq taktikasıdır. Hətta cəmiyyəti buna inandırmaq üçün bir sıra psixoloji təsir vasitələri də tətbiq olunur. Məsələn, şou-proqramların kütləviləşməsi. İnsanları qarşılaşdıqları ağır həyat tərzinin səbəblərindən yayındırmaq üçün bu üsul daha ucuz və asan başa gəlir. Guya postmodernizm düşüncəsi və həyat tərzinin kütləviləşməsi cəmiyyəti bəşəri inkişafa aparır. Əslində ictimai fəlakətlərin daha da dərinləşməsinin səbəbkarı bu geosiyasi prosesdir. Amma onu cidd-cəhdlə gizli saxlamağa çalışırlar. Onları ictimai sınağa çəkdikdə isə, heç nə olmamış kimi öz fikirlərini açıq şəkildə belə izah edirlər:

"Zatən tarixdə də belə olubdur. İnsan oğlu özəllikləri səbəbindən tarixdə yaşananları yenidən təkrar edir. Həyat şəraitini daim yaxşılaşdırmaq istəyən insanlar bundan yaxşısını tapa bilməyib".

Çağdaş dünyada yüksək texnologiyanın inkişaf etməsi sayəsində artıq hər şeyi xüsusi nəzarətə almaq problemi qalmayıb. Bu isə bəşəri səviyyədə qorxu imperiyasının yaradılmasına hesablanılmış təsir vasitəsinə çevrilibdir. İndi bir anın içində minlərlə insanın adi telefon danışıqlarını belə nəzarətdə saxlamaq mümkündür. Daim belə bir qorxunun və ya təhdidin altında yaşamağa məcbur edilən toplumları və dövlətləri idarə etmək asanlaşıbdır. Cəmiyyəti meqopolis siyasətinin tərkib hissəsi kimi, hətta süni peyklər vasitəsilə nəzarətdə saxlamaq da asan bir iş olubdur.

Postmodernizmin daha çox qlobal siyasi xarakter daşıması həm də təfəkkürlərin dəyişməsinə səbəb olur. Bu gün istənilən dövlətdə böyük güclərin şərtlərinə cavab verən siyasi gücü istənilən an iqtidara gətirmək çox asan bir iş hesab olunur. Bu şərtlər daxilində iqtidara gətirilən hər hansı bir siyasi gücü iqtidarda istənilən qədər saxlamaq da sadə bir işdir.

Texnoloji gəlişmələrdə savaş təhdidi

Bu gün dünyanı qorxu və təhdid altında saxlamaq üçün özlərini qlobal güc sahibi kimi təlqin edən dövlətlərin maraqları hansı coğrafi məkana tuşlanıbsa, orada fəlakət, rəzalət, aclıq və vətəndaş savaşları hökm sürür. Bu güc sahibləri milyonlarla insanın məhv edilməsi sayəsində daha da varlanırlar. Onlar çağdaş ictimai texnologiyaları tətbiq etməklə, istənilən toplumun və ya dövlətin haqqında dərhal "düşmən obrazı" yaratmaqla, istədiklərinə nail ola bilirlər. Bu güclərə məxsus dövlətlərdə öz vətəndaşları ilə bağlı internet şəbəkələrində yetərincə dosyelərə rast gəlmək olar. Yəni postmodernizmə qarşı çıxanın kim olduğu önəmli sayılmır. Onları həmin aqibət gözləyir. Küçə kameraları da bu gücün tərkib hissəsinə çevrilibdir. Hazırda İraqda savaş bitsə də, digər bir savaş olayı yaşanılmaqdadır. Bu, idarəolunan vətəndaş savaşıdır. Belə bir durum Pakistan, Somali, Əfqanıstan, Hindistan, Qırğızıstan və digər dövlətlərdə lokal savaşlar məcrasında yaşanılmaqdadır. Silahlı münaqişələrin olmadığı əksər dövlətlərdə isə qlobal maliyyə və iqtisadi böhranların savaşları aparılır. Hakim rolunda isə Avropa Birliyi və ABŞ-dır.

Təkqütblü dünya siyasətində sorumlu olan məhz bu güclərdir. İndi çox asanlıqla izlənilən dünya həm də kosmosdan idarə olunan savaş modelinin ağrılarını yaşamağa məcburdur. Kosmosdan idarə olunan sel fəlakətləri, qasırğalar, hətta zəlzələlər baş verməkdədir. Bir qurşunun atılmadığı ölkələrdə isə günahsız insanlar qanlı savaşlarda olduğu kimi strateji hədəflərin qurbanlarına çevrilirlər.

Texnoloji gəlişmələr bəşəriyyətin insaniləşməsinə deyil, yırtıcı kapitalizmin ehtiraslarının əsirinə çevrilibdir. Bu total qorxu və təhdidlərə son qoyulması məsuliyyətini üzərinə götürən hər hansı bir güc bu gün meydanda görünmür.