Ermənistan məğlubiyyətdən yaxa qurtarmaq istəyir
 |
Qarabağda görülən tədbirlərin optimallığı - mübahisəlidir
Şənbə, 14.08.2010
|
|
2010-cu ilin ilk yarısında Ermənistan Silahlı Qüvvələrində itkilərin sayı 2009-cu ilin müvafiq dövrü ilə ümumiyyətlə müqayisədə ən azı 2 dəfə artıb. Builki göstərici 2005-ci ildən bəri rekord sayıla bilər. Bu barədə "Ayna"ya hərbi mənbələrdən məlumat daxil olub. Məlumatda o da bildirilir ki, yaranmış vəziyyət erməni hərbi-siyasi rəhbərliyinin narahatlığına səbəb olub və onlar orduda durumu yaxşılaşdırmaq istiqamətində tədbirlər planı hazırlamağın və həyata keçirməyin zəruriliyi barədə düşünməyə başlayıblar. Erməni araşdırma mərkəzlərinin məxfi şəkildə hazırlayaraq rəsmi dairələrə təqdim etdikləri hesabatlara görə, vəziyyətin hazırkı şəkildə davam etməsi yaxın perspektiv üçün erməni ordusuna müsbət heç nə vəd etmir. Ana xətti "vəziyyət erməni ordusu üçün məğlubiyyət vəd edir" olan araşdırmaların nəticələrinə görə, erməni hərbi-siyasi rəhbərliyi ordudakı problemlərdən təcili şəkildə çıxış yolunu tapmalıdır.
Ermənistan rəhbərliyinin ordudakı son dəyişikliklərlə bağlı tədbirləri artıq Azərbaycan ictimaiyyətinə bəllidir. İyulun sonlarında 7 hərbçinin ölümü ilə nəticələnən iki ciddi insidentin nəticələri Seyran Ohanyanı cəza tədbirlərinə əl atmağa vadar edib. Bir həftə əvvəl Ermənistan SQ Baş Qərargah rəisi Yuri Xaçaturov tabeçiliyində olan bir neçə generalla birlikdə Xankəndində separatçı rejimin lideri Bako Saakyanla müşavirə keçirmiş, daha sonra onlar cəbhə xəttinə baş çəkərək hərbi hissələrdə olmuşlar. Əldə etdiyimiz bilgilərə görə, hazırda Ermənistan hərbi rəhbərliyinin qarşısında duran əsas məsələ orduda başlamış deqradasiya prosesinin qarşısını almaqdır.
Kadr dəyişikliyi
Ohanyanın tələbləri nəticəsində erməni ordusunda iki general istefa verib və hazırda onların fəaliyyətlərini araşdırmaq üçün işlər görülür, 8 yüksək rütbəli zabit ordudan qovulub, onların barəsində cinayət işi açılıb, Azərbaycanın digər əraziləri ilə təmas xəttində onlarla zabitin rütbələri aşağı salınıb, yaxud onların barəsində inzibati cəza tədbirləri görülüb.
Araşdırmalar göstərir ki, kadrlarla bağlı vəziyyət erməni hərbi-siyasi rəhbərliyini narahat edir. Mövcud yüksək vəzifəli kadrlar əsasən müharibə dövrünün qalıqlarıdır və onları ordu rəhbərliyi ilə qeyri-rəsmi müharibə qanunları birləşdirir. Belələrinin hərbi nizamnaməyə uyğunlaşdırılması, tabeçilik sisteminə əməl etmələri problematikdir. Araşdırmalar göstərir ki, Qarabağdakı hərbi birləşmələrdə rəhbər mövqe tutan bir sıra zabitlər siyasi iddialara malikdirlər və onlar bu və digər məsələlərlə bağlı Ermənistan siyasi rəhbərliyinin fikirlərini bölüşmürlər.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərində Qarabağdakı separatçı birləşmələr artıq bir dəfə rəsmi Yerevanla gərginlik dövrü yaşayıblar. Onların bir çoxu vəzifələrindən uzaqlaşdırılıb, bəzilərinin isə vəzifəsi aşağı salınıb. Araşdırmalara görə, hazırda erməni zabitlərin əksəriyyəti maddi-texniki təminatın aşağı olmasından narazıdır və onlar bir çox hallarda tabeçilikdə olan aşağı rütbəli zabit və gizirlərdən, əsgərlərdən pul qoparmağa cəhd göstərirlər ki, bu da erməni ordusunda mövcud qanunsuzluqların kökü hesab edilə bilər.
Hazırda Ermənistan Müdafiə Nazirliyi respublika ərazisindəki bir sıra hərbi hissələrdə yüksək vəzifə tutan və "etimad qazanmış" zabitləri məhz işğal olunmuş Azərbaycan bölgələrinə göndərmək niyyətindədir.
Polkovniklər döyüşə göndərilir
Araşdırmalar göstərir ki, Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin əsas problemlərindən biri məhz idarəolunma ilə bağlıdır. Son illərdə tabelik münasibətlərinin pozulması ilə bağlı onlarca hadisə qeydə alınıb.
Müşahidələr göstərir ki, Azərbaycan qoşunları ilə təmas xəttində atəşkəsin gündəlik pozulması hallarının bir çoxu məhz erməni ordusunda qeyri-sabit idarəetmə sisteminin mövcudluğu ilə bağlıdır.
Əldə edilmiş məlumatlara görə, 2009-cu ildə Qarabağ ərazisindəki birləşmələrdə 12 kütləvi toqquşma halı qeydə alınıb və onlardan 3-ü ölümlə nəticələnib. Maraqlıdır ki, bu toqquşmalardan əksəriyyəti zabitlər və əsgərlər arasında olub. Bir sıra hallarda əsgərlərin zabitləri döyməsi erməni ordusunun əsas göstəricilərindən sayılır.
Hərbi-siyasi rəhbərliyin qarşısında duran əsas hədəflərdən biri Dağlıq Qarabağda yerləşdirilmiş qüvvələrdə ciddi sistem dəyişiklikləri edilməsi ilə bağlıdır. Onlar görməyə bilmirlər ki, mövcud idarəetmə qaydaları artıq köhnəlib və ordunu iflasa aparır. Lakin gələcək mexanizmlər də təkmil olaraq işlənilməyib və belə bir vəziyyətdə kortəbii islahatlar istisna deyil.
Erməni hərbi ekspertləri Qarabağdakı hərbi birləşmələrin mövcud vəziyyətinin və onların quruluşunun, yerləşmə vəziyyətinin tam səmərəsizliyini etiraf edirlər. Onların fikrincə, Azərbaycan tərəfindən baş verə biləcək hər hansı təmizləmə əməliyyatının qarşısını almaq erməni birləşmələri üçün çətin olacaq. Burada heç də yüksəklərdə yerləşən mövqelər yüksək uğurlar vəd etmir. Erməni araşdırmaçılarına görə, yüksək mövqelər əslində erməni tərəfinin Azərbaycan birləşmələrini nəzarətdə saxlamaq və ara-sıra atəşkəsi pozmaq üçün əlverişlidir. Lakin Azərbaycan hərbi birləşmələrinin hücum əməliyyatına keçəcəyi təqdirdə onların qarşısını almaq ermənilər üçün çətin olacaq. Araşdırmalara görə, əsas problem müqavimət göstərmək davamlılığının olmaması ilə bağlıdır. Əgər Azərbaycan tərəfi hücum zamanı arxa qüvvənin dəstəyindən kifayət qədər yararlanacaqsa, erməni tərəfi üçün bu imkan məhduddur. Çünki Dağlıq Qarabağın əksər hissələrində erməni mövqeləri, necə deyərlər, "bir qatdan" ibarətdir və ikinci qatın çatışmazlığı var.
Erməni tərəfi gözlənilən məğlubiyyətdən çıxmaq yollarını arayarkən hansı tədbirlərə əl atmaq üzərində baş sındırır. Hazırda bəzi hərbi hissələrin ləğv edilərək digər qoşun birləşmələrinin tərkibinə verilməsi, bəzi bölmələrin funksiyalarının dəyişdirilməsi prosesi gedir. Müşahidələr göstərir ki, erməni birləşmələri daha çox diqqəti səngərlərə yönəldir və Azərbaycan tərəfindən ola biləcək hər hansı basqının qarşısını məhz bu səngərlərdə almaq planlaşdırılıb. Qarabağdakı erməni birləşmələrinin xidmət qaydalarında dəyişikliklər edilməsi də təsadüfi deyil: əgər əvvəllər hərbi hissələrdə gecə növbəsinə polk komandirinin müavini qalırdısa, indi onu daha aşağı rütbəli zabit əvəz edəcək. Polk komandirlərinin müavinlərini isə birbaşa səngərlərə göndərmək qərara alınıb. Bu o deməkdir ki, cəbhə xəttinin bütün məsuliyyəti əvvəlkitək kiçik rütbəli zabitlərin deyil, polkovnik rütbəli zabitlərə həvalə olunur. Daha doğrusu, cəbhə xəttində yarana biləcək hər hansı uğursuzluğun qarşısını almaqda məsuliyyət artırılır.
Qarabağa muzdlular yerləşdirilir
Erməni hərbi-siyasi rəhbərliyi Dağlıq Qarabağ ərazisində gözlənilən məğlubiyyətdən yaxa qurtarmaq üçün daha bir diqqətçəkən addım atmağa başlayıblar. Bu da Ermənistandakı hərbi hissələrdə xidmət edən müqaviləli hərbi qulluqçuların, müddətdən artıq xidmət keçən əsgərlərin, çavuşların Qarabağa gətirilməsidir. Düşünürlər ki, onlar bununla iki problemin həllinə nail olacaqlar:
- birincisi, Qarabağda yerlibazlıq söhbətinə son qoyulacaq,
- ikincisi, ordunun döyüş qabiliyyətinə mənfi təsir edən məqamlar, "dedovşina" halları aradan qaldırılacaq.
Əldə olunan məlumatın maraqlı tərəfi ondan ibarətdir ki, erməni tərəfi Qarabağdakı hərbi hissələrin tam olaraq məhz Ermənistan vətəndaşları ilə komplektləşdirilməsi planına malikdir və artıq 2010-cu ilin ikinci rübündən başlayaraq bu planın tətbiqi istiqamətində işlərə başlanılıb. Qarabağda doğulan çağırış yaşlı ermənilər isə Ermənistan ərazisində yaradılmış xüsusi hərbi hissələrdə xidmətə göndəriləcək və baş verə biləcək neqativ hadisələrin qarşısının alınması üçün onların daha çox "silahsız naryadlar"da xidməti planlaşdırılır. Prosesin 2012-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. O vaxta qədər isə Azərbaycan qoşunları ilə təmas xəttində Ermənistandan çağırılan müqaviləli əsgərlər, arxa mövqelərdə isə orduya yeni çağırılan Qarabağ sakinləri xidmət edəcəklər. Bu dövrdə Qarabağ sakinlərinin bir hissəsi hərbi xidmət üçün Ermənistana göndəriləcək.
Maraqlı məlumat ondan ibarətdir ki, erməni tərəfinin planlarına görə, qarşıdakı iki ildə Qarabağdakı hərbi birləşmələrin sayının azaldılması və nəticədə şəxsi heyətin hazırda mövcud olan sayının ixtisar olunması (42 min nəfərdən 28 min nəfərə salınması) gözlənilir.
Bütün bu dəyişikliklərin erməni ordusuna nəsə yenilik gətirəcəyi və ya onların döyüş qabiliyyətini artıracağı hərbi baxımdan mübahisəlidir.
Fəqət bir həqiqət ondan ibarətdir ki, onları bu dəyişikliyə getməyə Azərbaycanın bir əsgəri - Milli Qəhrəman Mübariz İbrahimov vadar edib! Ruhu şad olsun!
|
|
|
Oxşar xəbərlər:
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Qarabağla bağlı forum keçirilib
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
|
|
|