İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2010-cu ilin iyul ayı ərzində Azərbaycanın şəhər və rayonlarında apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Mərkəzdən verilən məlumata görə, statistik müşahidələr göstərir ki, hesabat ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,29% artıb. Bu zaman Bakıda qiymətlər 0,34%, regionlarda isə 0,24% yüksəlib.
Bu ilin ilk 7 ayında ölkədə 1,77% inflyasiya baş verib. O cümlədən ərzaq malları, içkilər və tütün üzrə 3,19% inflyasiya, qeyri-ərzaq malları üzrə 0,23% deflyasiya, xidmətlər üzrə isə 0,5%-lik inflyasiya müşahidə olunub.
Ötən ilin iyuluna nisbətən ölkədə istehlak qiymətləri indeksi 5,55% artıb. O cümlədən ərzaq malları, içkilər və tütün üzrə 6,97% bahalaşma, qeyri-ərzaq malları üzrə 0,78% ucuzlaşma, xidmətlər üzrə isə 9,94% bahalaşma qeydə alınıb.
İyul ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma pomidor (11,14%), kök (4,99%), təmizlənmiş düyü (2,06%), sümüklü mal əti (1,98 %), xidmətlərdən - hava sərnişindaşıma nəqliyyatı (1,84%), ən çox ucuzlaşma isə ərzaq məhsullarından şaftalı (22,92%), üzüm (22,20%), yemiş (18,38%), kartof (10,99%), qeyri-ərzaq mallarından isə laminat parketdə (4%) müşahidə edilib.
İTM ekspertləri həmçinin iyul ayı üzrə istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, iyul ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 124,62 manat, pensiyaçılar üçün 111,43 manat, 0-14 yaşlı uşaqlar üçün isə 138,41 manat təşkil edib. İyulda əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 64,07 manat, pensiyaçılar 57,39 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 71,21 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 34,89 manat, pensiyaçılar üçün 31,21 manat, 0-14 yaşlı uşaqlar üçün 49,74 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib.
Xatırladaq ki, Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyənləşdirilib.
|