çap et  
Taxıl istehsalı 15 faiz azalacaq
Taxıl istehsalı 15 faiz azalacaq
Rusiyanın qərarı 2011-dək uzanarsa və Qazaxıstan da bənzər addım atarsa, bizi çətin sınaq gözləyəcək
Şənbə, 14.08.2010

A.Akif

Rusiya avqustun 15-dən dekabrın 31-dək xarici ölkələrə taxıl ixrac etməyəcək. BBS-nin məlumatına görə, Rusiyanın taxıl ixracına yasaq qoyması dünya bazarında taxılın qiymətini xeyli qaldırıb. Rusiya dünyada əsas taxıl ixracatçılarından biridir. Əvvəlki illərin bol məhsulundan istifadə edən Rusiya qətiyyətlə dünya taxıl bazarına çıxaraq dünyanın aparıcı 3 taxıl ixracatçısı siyahısına düşmüşdü. Ölkə bu il təxminən 20 milyon ton taxıl ixrac etmək istəyirdi. Moskvanın son qərarı onun üçün həm imic itkisidir, həm də onu tutduğu bazardan məhrum edə bilər. Ancaq bu addım məcburidir, hökumət daxildə mümkün taxıl qıtlığından narahatdır.

Görünməmiş uzunmüddətli istilər və davamlı quraqlıq Rusiyanın bu ilki məhsul perspektivlərini xeyli azaldır. 2008-ci ildə taxıl məhsulu rekord 108 milyon ton olubsa, yaxud ötən il təxminən 100 milyon tona yaxın idisə, bu il ən yaxşı halda 70-75 milyon ton gözlənir.

Onun əsas müştəriləri Aralıq dənizi hövzəsi, Yaxın Şərq ölkələri, habelə MDB dövlətləridir. İTAR-TASS agentliyinin yaydığı xəbərə görə, Rusiya Türkiyənin əsas xarici taxil təchizatçısıdır. İldə bu ölkəyə Rusiyadan 2,4 milyon ton taxıl gəlir. Azərbaycan da Rusiyanın aparıcı müştərilərindəndir, ötən il bizə 1,3 milyon ton rus taxılı göndərilmişdi.

Diqqəti çəkən isə rəsmi Moskvanın Gömrük Birliyinə üzv olan Qazaxıstan və Belarusa da bənzər addım atmaq təklifini irəli sürməyi nəzərdən keçirməsidir. Artıq məsələ ilə bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyinə tapşırıqlar verilib.

Xatırladaq ki, hər iki ölkə - yəni Belarus və Qazaxıstan da Azərbaycanın taxıl idxalında mühüm paya malikdir. Nəzərə alsaq ki, bu il daxildə taxıl əkini sahələri azalmışdı, o cümlədən məhsuldarlıq aşağı olub, onda tərəfdaş ölkələrdən Azərbaycana taxıl ixracına yasaq qoyulacağı ölkəmizdə un və un məhsullarının qiymətinin artmasına yol açacağını söyləmək çətin deyil.

Beynəlxalq iqtisadçıların şərhlərinin məğzi belədir ki, taxıl istehsalçıları və ixracatçıları imic itkiləriylə üzləşsələr də, müəyyən uduşlar əldə edə bilərlər. Dünya bazarlarında qiymət artır. Bu, istehsalçıların faydasınadır. Qiymət daxili bazarda da qalxacaq və artıq bəzi istehsalçılar taxılı indi satmayıb saxlayır və qiymətin daha da artmasını gözləyirlər. Artıq əhali arasında müəyyən təşviş başladığını söyləmək olar. Təbii ki, camaat qıtlıqdan və ifrat qiymətlərdən qorxur.

İlin sonunadək narahatlıq yoxdur

Arayış üçün: Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur. Ötən il ölkədə 2 milyon 960 min tondan çox buğda istehsal olunub. Daxili istehsalla yanaşı, ölkəyə xaricdən taxıl idxalının həcmi də artırılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2010-cu ilin I yarımilində buğda idxalı 570 518,1 ton (115814,8 min ABŞ dollar dəyərində) təşkil edib. Ötən ilin 1-ci yarımilinə netto çəki nisbəti ilə 96,2 faiz olub. Un idxalı 1867,7 ton (585,9 min ABŞ dollar dəyərində) olub. 2009-cu ilin I yarımilinə netto çəki nisbəti ilə 6,7 faiz təşkil edib. Bildirək ki, Azərbaycana taxıl əsasən Qazaxıstandan idxal olunur. Bu ilin 5 ayı ərzində idxal olunan taxılın cəmi 15 faizi Rusiyadan gəlib.

Taxıl idxalının və istehsalının azalmasının çörəkbişirmə sənayesinə təsirlərindən danışan iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, artıq bəzi bölgələrdə çörəyin qiymətinin artdığı müşahidə olunur:

"2009-cu ildə 2 milyon 960 min ton buğda istehsal olunub. Düzdür, istehsal olunan buğdanın heç də hamısı Taxıl Fondu tərəfindən satın alınmadı. Çünki məhsulun bir hissəsi fondun müəyyən etdiyi keyfiyyət standartlarına uyğun gəlmədi".

2010-cu ildə buğda istehsalının 15 faiz azalacağının gözlənildiyini vurğulayan V.Bayramov cari il Azərbaycanda təxminən 2 milyon 300 min ton buğda tədarük ediləcəyini deyir. Bu da yerli istehsalın daxili tələbatın ödənilməsinə imkan vermədiyi deməkdir. İstehsal olunan taxılın heç də hamısı Taxıl Fondu tərəfindən qəbul edilməyə bilər. Çünki fondun keyfiyyət standartları var. İqtisadçı bütün bunları nəzərə alaraq qeyd edir ki, xaricdən 1 milyon tona yaxın buğda idxalı gözlənir.

Maraqlıdır, Rusiyanın ixrac qadağası Azərbaycanın ərzaq təhlükəsizliyi və strateji məhsul olan buğda ilə təminatında problemlər yaradacaqmı? İqtisadçı yaxın aylarda buğda ilə təminatda problemlərin gözlənmədiyi fikrindədir:

"Ötənilki istehsalın, eləcə də idxal olunmuş taxılın bir hissəsi ehtiyat şəklində Taxıl Fondunda saxlanır. Başqa tərəfdən, Rusiyanın tətbiq etdiyi qərarın 2010-cu ilin sonuna qədər qüvvədə olması nəzərdə tutulub. Növbəti aylarda Azərbaycanda taxıla olan tələbat 1 milyon 500 min ton olacaq. Yerli istehsal ilin sonunadək buğdaya olan tələbatı ödəməyə imkan verir".

V.Bayramov iki problemi istisna etmir:

"Əvvəla, idxalın çətinləşməsi ölkəyə gətirilən buğdanın daha fərqli olmasına səbəb ola bilər. Bu da çörəyin, taxılın qiymətinin artmasına gətirib çıxaracaq. Güman olunur ki, 2010-cu ildə buğda istehsalının azalması buğdanın, çörəyin qiyməti üçün müəyyən baza yaradacaq". Ekspert ilin sonuna qədər, xüsusilə noyabr ayından başlayaraq taxılın qiymətində artımları qaçılmaz sayır. Bu halda, taxılın qiymət artımı çörəyin qiymətinə də təsir edəcək. Əgər Rusiya ixracla bağlı qərarının vaxtını uzadarsa və Rusiyadan taxıl ixracına qadağa 2011-ci ilin əvvəllərində də qüvvədə qalarsa, o cümlədən Qazaxıstan da bu qadağaya qoşularsa, gələn ilin əvvəllərində Azərbaycanda taxıla olan tələbatı ödəməkdə problemlər yaşanacaq".

2009-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilməsinə baxmayaraq, 2010-cu ildə bunu təkrarlamaq mümkün olmadığı bəllidir. İqtisadçı bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi bunu sel və daşqınlarla əlaqələndirsə də, daşqınlar taxıl istehsalına ciddi təsir göstərmədi:

"Hətta daşqınlardan əvvəl 2010-cu ildə taxıl istehsalının azalacağı gözlənilirdi. Bu da onunla bağlı idi ki, 2009-cu ildə istehsal olunan taxılın bir qismi fond tərəfindən alınmadı. O cümlədən keyfiyyət standartlarının müəyyənləşdirilməsi istiqamətində aparılan müzakirələr uzandı, bəzi fermer təsərrüfatları taxıl yığımını həyata keçirmədi. Nəticədə sahələr məhv oldu, yığılan taxıl sahələrdə qaldı. Bütün bunların nəticəsində fermerlərin taxıl istehsalına maraqları azaldı. Eyni zamanda, Maliyyə Nazirliyinin subsidiyalarla bağlı yoxlamaları da 2010-cu il üçün subsidiyaların vaxtında alınmasına imkan vermədi. Fermerlər taxıl istehsalı ilə bağlı xərclərini qarşılaya bilmədilər".

Rusiyanın ixrac yasağının daxili bazara psixoloji təsirlərinə gəlincə, V.Bayramov bildirir ki, bunun müddəti uzadılarsa, psixoloji gərginlik istisna deyil. İş adamları alternativ mənbələr axtararaq idxal həyata keçirməyə başlayacaqlar ki, bu da qiymətə təsir edəcək.

Beləliklə, Rusiyanın taxıl ixracına qoyduğu yasaq hələlik Azərbaycanın taxıl bazarına təsir göstərməyəcək. Çünki ölkədə hazırda istifadə olunan taxıl 2009-cu ilin taxılıdır. İlin sonunadək taxılımız bəs edir. Bu il isə keyfiyyət standartlarına uyğun olan 2 milyon tonluq istehsal gözlənilir ki, bu da Rusiyanın məlum qərarına baxmayaraq, taxıla olan tələbatın ödənilməsində problem yaratmayacaq.

İdxal ƏDV-dən azad oluna bilər

KTN bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev deyir ki, bu ilin ötən 5 ayı ərzində Azərbaycana 520 min ton idxal olunub. Onun sözlərinə görə, ölkədə lazımi taxıl ehtiyatı var. O qeyd edib ki, Rusiyada taxıl istehsalı azalır:

"Bu dövlətdə 90 milyon ton taxıl istehsalı gözlənilsə də, 70 milyon ton olacaq. Ona görə də Rusiya hökuməti ixracın qarşısını almaq üçün xüsusi qərar qəbul etdi. Bizə ən çox Qazaxıstandan taxıl idxal olunur. Bu ilin 5 ayı ərzində idxal olunan taxılın cəmi 15 faizi Rusiyadan gəlib. Qazaxıstandan isə idxal davam etdiriləcək. Ona görə də hökumətə təklif edilib ki, xüsusilə buğda, buğda unu, heyvandarlıq üçün idxal olunan yemlərin müəyyən müddətdə ƏDV-dən azad edilməsi üçün xüsusi qərar qəbul edilsin. Bu il Azərbaycanda taxıl istehsalında 500 min ton və ya 15% azalma gözlənir. Ötən ilin payızında təxminən 148 min ha az sahədə taxıl əkilib. Bundan başqa, hava şəraiti kənd təsərrüfatı üçün qeyri-sabit keçdi.

S.Vəliyev deyir ki, ötən ilin payızında azalan əsasən buğda sahələri olub. Ona görə də buğda istehsalının az olacağı bilinir. 2009-cu ildə Azərbaycanda qarğıdalı da daxil olmaqla 1125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla 3 milyon tona yaxın taxıl məhsulu toplanıb. Cari ilin birinci yarısında Azərbaycana 500 min tondan artıq ərzaq buğdası idxal olunub. 2008-ci ildə isə Azərbaycanda qarğıdalı da daxil olmaqla, 900 min hektar dənli və dənli-paxlalı bitkilərin sahəsi biçilib və 2,5 milyon ton taxıl yığılıb. 2007-ci ildə Azərbaycanda 652 min ha sahədə taxıl əkilib və 1,7 milyon ton taxıl istehsal olunub. Əslində son bir ildə ölkədə taxılçılıq inkişaf etmək əvəzinə geriləyib.

Müsahibimin dediyinə görə, bu il havaların əlverişsiz keçməsi, sel-su daşqınları, taxılın ucuz olması nəticəsində kəndlinin ona marağının azalması taxılçılığa mənfi təsir göstərib. Taxıla olan tələbat hələ də idxalın hesabına ödənilir, hər il ölkəyə orta hesabla 700-800 min ton buğda gətirilir:

"Keçən il də yerli istehsal tələbatı ödəməyib. Doğrudur, əkin sahələri bir qədər artsa da, bu, əhəmiyyətli həcmdə deyil. Ölkənin tələbatı 3,5-4 milyon tondur. Əvvəlki illərdən fərqli olaraq bu mövsümdə buğdanın qiyməti artıb, 1 kq-ı 22-30 qəpikdir".

Nazirlik sözçüsü regionlarda aparılan müşahidələrə istinadən deyir ki, həmin qiymət fermerlər üçün əlverişli deyil:

"Kəndlilərin sözlərinə görə, hətta hökumətdən aldıqları hər hektara görə 40 manat kompensasiya da daxil olmaqla taxıl onlara baha başa gəlib. Bazardakı qiymət isə onlar üçün əlverişsizdir. Kəndliyə öz məhsulundan cüzi gəlir qalır ki, bu da taxılçılıqla məşğul olmağı faydasız edir. Fermerlər üçün taxılın 1 kq-nın qiymətinin 40 qəpik olması daha cəlbedicidir. Lakin keçən il dünya bazarında taxılın bol olması nəticəsində ölkəyə xeyli taxıl gətirilib. Bazarda bolluğun yaranması nəticəsində buğda fermer üçün əlverişsiz həddə qədər ucuzlaşıb. Bir sözlə, hökumət unun və çörəyin ucuzlaşması naminə daxili bazarda bolluq yaradıb. Bu il də taxıl idxalının ƏDV-dən azad olunması gözləniləndir".

Təbii ki, bununla yanaşı, fermerin taxıl əkməsi üçün onun buna marağı qorunmalıdır. Daha doğrusu, qiymətlər elə olmalıdır ki, fermer gəlir əldə edə bilsin və taxıl əkməyə həvəslənsin. Ona görə də hökumət elə bir siyasət yürütməlidir ki, buğdanın qiyməti həm fermer üçün əlverişli olsun, həm də ölkədə un və çörək bahalaşmasın.

S. Vəliyev iddia edir ki, bunun üçün hökumətin kifayət qədər imkanları var. Ötən dövrdə hökumətin yanacağı bahalaşdırması, bahalı kredit, gübrə və texnika təklif etməsi taxılçılığı səmərəsiz sahəyə çevirdi. Rayonlarda kombaynlar bir hektar sahəni 40 manata biçiblər ki, bu da kəndli üçün o qədər də əlverişli rəqəm deyil. Kəndlinin taxılçılığa maddi marağı artırılsa, ölkədə istehsalı ən azı 3-3,5 milyona tona çatdırmaq mümkündür. Bu həm də vacibdir. Çünki hazırda bütün dünyanı ərzaq təhlükəsizliyi problemi narahat edir.