Tehran bu gün var qüvvəsi ilə İran İslam Respublikasını dünyaya "fars dövləti" kimi təqdim etməyə çalışır. Təəssüflər olsun ki, keçmiş SSRİ-ni o vaxtkı beynəlxalq ictimai rəy Rusiya təki qəbul etdiyi kimi, indi də İranı "fars dövləti" adı ilə tanıyır. Gerçəklikdə isə bu Orta Şərq ölkəsinin əhalisinin yarıdan çoxu qeyri-farsdır. İran ən azından fars ölkəsi olduğu qədər həm də türk ölkəsidir.
Yola saldığımız həftənin sonunda Əfqanıstanın prezidenti Həmid Karzay, Tacikistan prezidenti İmaməli Rəhman Tehranda İranın hökumət başçısı Mahmud Əhmədinejadla görüşürdülər. Fikir verək: "avesta.ty" bu görüşü "farsdilli" dövlətlərin başçılarının görüşü kimi təqdim edirdi... "dw-world.de" bu görüşün başqa bir məqamına toxunur: Tehran hakimiyyəti "farsdilli" saydığı bu dövlətlərin başçılarını Asiyada NATO-nun təsirinə qarşı birgə mübarizə aparmağa çağırıb.
İran prezidenti Mahmud Əhmədinejad Qərbə yanıq verirmiş kimi qeyd edib ki, "əfqan problemini bölgə dövlətləri həll etməlidir". NATO-nun təsirinə qarşı birgə mübarizədən danışarkən belə bir fikir söyləmişdir: "NATO-ya üzv olan Avropa ölkələri Çin, Rusiya və Hindistanı sıxışdırmaq istəyirlər. Bu niyyətlərini gerçəkləşdirməyə qalxışarlarsa, yollarının üstündə üç müstəqil dövlət - üç ciddi maneə ilə rastlaşarlar".
Əhmədinejad belə bir söz də deyib ki, İran, Əfqanıstan və Tacikistan xaricilərin boyunduruğundan qurtulub: "İndi bir-biri ilə iqtisadi və siyasi əlaqələri gücləndirərək, aparıcı dünya dövlətlərindən asılı olmayan dövlətə çevrilməlidirlər".
Bu üç dövlət arasında indiki sayca dördüncü zirvə toplantısıdır. İrana qarşı sanksiyaların qüvvəyə mindiyi bir zamanda İranın "farsdilli" tərəfdaşları dünyanın ən yoxsul və problemli ölkələri sırasında möhkəm yer alan Tacikistan və Əfqanıstan rəhbərliyi nə düşünür? Məsələn, Tacikistan prezidentinin mətbuat xidməti bildirib ki, İmaməli Rəhman üçtərəfli əməkdaşlığı dərinləşdirmək üçün "İqtisadi, sərmayə və mədəni əməkdaşlıq şurası" yaratmağı təklif edib. Toplantıda əlaqələrin coğrafiyasını genişləndirmək məqsədi ilə İran - Əfqanıstan - Tacikistan - Qırğızıstan - Çindən ibarət beştərəfli qarşılıqlı əməkdaşlığın yaradılmasından da danışılıb. Aha, "farsdilli"lərə demə, türkdilli Qırğızıstan və böyük Çin də gərək imiş. Asiya dağlarının arasına qısnanmış, dəmiryolu olmayan, dünyanı uyuşdurucu zəhəri ilə təmin edən Əfqanıstan üçün tərəflər "onun bölgədə tranzit imkanlarının gerçəkləşdirilməsində maraqlı olduqlarını" söyləmişlər, - deyə Tacikistan prezidentinin mətbuat xidməti bildirir. Maraqlı arzudur.
"Farsdilli"lərin zirvə toplantısına yığışanların hər biri dərin narahatlıq atmosferi içərisindədir. Əfqanıstan rəhbərliyi ondan narahatdır ki, koalisiya qüvvələri günün birində ölkədən çıxıb getsə, durum necə olacaq? Bu hərb maşını ölkədə ola-ola taliban öz təzyiqlərini gündən-günə artırmaqdadır. Puştunları təmsil edən Həmid Karzayın bu gündən özünə etibarlı tərəfdar axtarışı təbiidir. Qastarbayterlərin Rusiya və Qazaxıstandan göndərdikləri qəpik-quruş hesabına varlığını sürdürən yoxsul Tacikistan da öz başının hayındadır və bu iki dövlətin İranın arzusuna uyub NATO düşmənçiliyi yolunu tutmaq kimi fantastik bir yola ayaq basacaqları inandırıcı deyildir. Həmid Karzay bilməmiş deyil ki, İran altdan-altdan talibana hərtərəfli yardım göstərir və buna dair çoxsaylı faktlar mövcuddur.
Əhmədinejadın "NATO-ya üzv olan Avropa ölkələri Çin, Rusiya və Hindistanı sıxışdırmaq istəyir" fikri ilə Tacikistanı qorxudur. Çünki iyunda Qırğızıstandakı bəlli olaylardan sonra ABŞ öz hərbi bazasını Tacikistan ərazisində yerləşdirmək istəmişdi və rəsmi Düşənbə bu ideyanı müsbət qarşılamışdı. Tehran bu xəbərdən vahiməyə düşmüşdü.
Tacikistan əhalisinin yarıdvn çoxu özbəklər və türkmənlər, Əfqanıstan əhalisinin də az qala yarısını özbəklər, türkmənlər və qırğızlar təşkil edirlər. Odur ki, İranın bu iki ölkəni bərk ayaqda öz yanında görmək istəməsi siyasi xülyadır.
|