Bakının Sabunçu qəsəbəsinin Müqtədir Aydınbəyov küçəsinin sakinləri ərazidəki zibillikdən narazılıq bildirirlər. Sakinlərin redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd olunur ki, artıq 10 ilə yaxındır ki, ərazidə zibil təpələri müşahidə olunur. Bu zibil topaları ətrafda antisanitariya vəziyyəti yaradır, gecələr və gün ərzində yandırılması və nəticədə havaya qalxan tüstü insanların sağlamlığına ciddi təsir edir.
Nəzərə alınmalıdır ki, qeyd olunan zibillik qəsəbədəki 3 saylı Xocavənd məcburi köçkün məktəbinin və uşaq bağçasının, eləcə də yaşayış binalarının düz yanında yerləşir (şəkildə arxada görünən arxitektur bina həmin məktəbdir). Ötən illər ərzində sakinlər, şagirdlər və bağçaya gələn uşaqlar bu zibilliyin tüstüsündən "dadmağa" məcbur olublar.
Məsələ ilə bağlı sakinlər dəfələrlə yerli 69 saylı Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) müraciət ediblər. MKİS ayda 2 dəfə zibilliyi yığışdırmaqla işini bitmiş hesab edir. Halbuki ərazinin hər gün təmizlənməsinə ehtiyac yaranıb. Məsələ ilə bağlı yerli sakinlərlə MKİS işçiləri arasında dəfələrlə müzakirələr olub və qarşı tərəf onlara verilən texnikanın işləmədiyini, işçi heyətin çatışmadığını əsas gətirərək zibilliyin gündəlik təmizlənməsini mümkün saymırlar.
Bu günlərdə isə sakinlər naəlac qalıb ölkə prezidenti İlham Əliyevə məsələ ilə bağlı müraciət ünvanlayıblar. Ərazidə yaşayan sakinlər "Ayna"nın əməkdaşı ilə söhbətində bildirdilər ki, onlar ölkə başçısı tərəfindən bu problemin çözülməsi üçün göstəriş veriləcəyinə ümid edirlər.
|