İlan və əqrəb sancmaları halında yanlış yardım göstərilir. Nəticədə ağırlaşma halları baş verir. Gəncə ətrafındakı bəzi rayon xəstəxanalarında isə bu cür zəhərlənmə əleyhinə preparatlar yoxdur...
Bu barədə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Könül Ələkbərova danışır. Bildirir ki, bu ilin yay mövsümü başlayandan ilan, əqrəb və arı sancmaları ilə şöbəyə ümumilikdə 23 nəfər gətirilib. Onlardan 8-i ilan, qalan 15 nəfər əqrəb və arı sancmaları olub. Ələkbərova deyir ki, ilan sancmaları ilə şöbəyə gətirilən xəstələrin əksəriyyəti ətraf rayonların (Samux, Goranboy) sakinləridir. Bu ətraf ərazilərdə gürzə və digər zəhərli ilanlar çox olur.
Kənd əhalisinin tibbi savadsızlığından belə xəstələrə bilmədən səhv yardım göstərilir. Məsələn, ilan sancan yerin ətrafını sərt naqil (məftil) və ya kəndirlərlə möhkəm bağlayır, bəzən də bıçaqla, balta ilə yaranı çərtirlər. Məlumdur ki, möhkəm bağlanan nahiyədə qan dövranı pozulur, nəticədə həmin ətrafın qanqrenasına səbəb olur. Bu zaman xəstəxanaya çatdırılan xəstənin qolunu açdıqda bağlanan yarada yığılıb qalan zəhər, sarğı açılan zaman sürətlə qana yayılmağa başlayır. Bu da ağırlaşmaya gətirib çıxarır. Torpaqda tetanus adlı mikroblar olduğundan, bıçaqla çərtilən zaman buradan yaraya həmin mikrobların düşmə ehtimalı artır.
"Belə olan halda, biz xəstələrə ilan zəhəri əlehyinə zərdab vurmaqla yanaşı, tetanus əleyhinə də zərdab vururuq", - deyə həkim-reanimatoloq belə halların baş verdiyi zaman xəstələrə yardım göstərilmə yollarını izah etdi. K.Ələkbərova məsləhət verdi ki, ilan sancan nahiyəni hərəkətsiz saxlamaq, yaranın üzərinə təmiz salfet və ya buz qoymaq lazımdır. Daha sonra isə xəstə dərhal yaxın ərazidə yerləşən tibb məntəqəsinə və ya xəstəxanaya çatdırılmalıdır. Əqrəb və ya arı sancmaları zamanı da çox zaman yaranı kəndirlə möhkəm bağlayırlar. Lakin belə "yardım"lar yalnız müdaxilə sayılır. Həşərat sancmaları zamanı həmin şəxsləri xəstəxanaya çatdırmaq lazımdır.
Könül həkim ətraf rayonlardan gətirilən bu kimi xəstələrin əslində öz ərazilərində yerləşən xəstəxanalarda yardım almalı olduqlarını deyir. Lakin yerlərdə xəstəxanalara aparılan şəxslərə isə bildirilir ki, onların özlərində zərdab yoxdur. Burada onlara Gəncənin 3 saylı xəstəxanasına getmək məsləhət görülür. Şöbə müdiri bildirdi ki, onların xəstəxanasına ayrılan müxtəlif zərdablar yalnız Gəncə şəhər əhalisi üçün nəzərdə tutulub. Bu preparatları şöbəyə daxil olan rayon əhalisi üçün də istifadə etməyə məcbur olanda xəstəxanada dərman çatışmazlığı yaranır.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev bildirdi ki, bütün şəhər və rayon xəstəxanaları zərdabları tenderdə qalib gəlmiş farmakoloji şirkətlərdən alırlar. Samux rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Həsənov mövzuyla bağlı suala cavab verərək bildirdi ki, hər ilin yay mövsümündə ilan və digər zəhərli həşərat sancmalarına qarşı tədbirlər gücləndirilir və bu il onların xəstəxanasına və tabeliklərində olan tibb məntəqələrinə qeyd olunan həşərat sancmaları ilə bağlı heç bir müraciət daxil olmayıb. Adıçəkilən zərdabların qiyməti baha olduğundan bu il onlar öz xəstəxanalarına cəmi 2 ədəd zərdab ala biliblər...
|