Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulması ilə bağlı əmr imzalayıb. TN mətbuat xidmətindən APA-ya verilən izaha görə, əmrdə göstərilir ki, "Təhsil haqqında" qanuna uyğun olaraq, ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri prezidentin 23 fevral 2010-cu il tarixli fərmanı ilə təsdiq olunmuş əsasnamə əsasında "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Bununla əlaqədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən, o cümlədən xarici ölkələrdən köçürmələr, tələbələr sırasından xaric edilmələr, bərpalar və əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidirlər.
Eyni zamanda, qanuna əsasən, ali və orta ixtisas təhsili müəssisələri "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmadıqları və ya məlumatları həmin sistemə vaxtında, tam və ya düzgün daxil etmədikləri halda çərimələnəcəklər. Buna görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək cərimə ödəməli olacaqlar.
Əmrdə ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirmək və məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə bildirilir ki, qeyri-dövlət və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali, orta ixtisas təhsil müəssisələrinə başqa müəssisələrdən və ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbə köçürmələri, xarici ölkə təhsil müəssisələrindən xaric olunanlar birbaşa Təhsil Nazirliyinin, başqa nazirlik, komitə, idarə və təşkilatların tabeliyində olan ali, orta ixtisas təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcək.
Nazir Misir Mərdanov bu əmri ilə ali, orta ixtisas məktəb rəhbərlərinə onu da tapşırıb ki, mövcud qanunvericilikdə müəyyən olunmuş müddətdə köçürmələr başa çatdıqdan sonra elektron məlumat sisteminə daxil etmək üçün rəhbərlik etdikləri təhsil müəssisəsində köçürülmələr barədə məlumatı bir həftə müddətində Təhsil Nazirliyinə təqdim etməlidirlər.
|