Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib. Komissiya sədrinin sözlərinə görə, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar avqustun 9-dan 18-dək, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanlar avqustun 13-dən 20-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olanlar avqustun 11-dən 20-dək, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 16-dan 31-dək qeydiyyatdan keçməlidir. Deyilən müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Məleykə Abbaszadə deyib ki, avqustun 25-dən başlayaraq TQDK bütün ali məktəblərə daxil olan abituriyentlərin əmrlərini göndərəcək. Qeydiyyat prosesinin ləng getdiyini söyləyən TQDK sədrinin sözlərinə görə, bütün ali məktəblərdə abituriyentlərin yalnız 68%-i, magistraturaların vakant yerlərinə qəbul olunan 257 bakalavrın da yalnız 7%-i qeydiyyatdan keçib.
M.Abbaszadə bildirib ki, I ixtisas qrupunda ali məktəblərin 9514 plan yerinə 9291 (97,66%), II qrupda 7348 plan yerinə 7292 (99,24%), III qrupda 9855 plan yerinə 8562 (86,88%), IV qrupda 3793 plan yerinə 3592 (94,70%) abituriyent daxil edilib. Ümumilikdə 30 510 plan yerinə 28 737 (94,19%) abituriyent qəbul olunub.
TQDK sədri bu il özəl ali məktəblər üzrə təqdim olunmuş 4561 plan yerindən 1158-nin (25,39%) vakant qaldığını açıqlayıb. Ümumilikdə ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin əksəriyyəti - 1293 yerdən 1158-i özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır.
"Biz hesab edirdik ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən builki məzunlar qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəklər. Mərkəzləşdirilmiş imtahanlardan keçənlər arasında 0-100 bal toplayanların da sayı azalaraq 5-3 faiz ola bilər. Amma qəbul imtahanlarında bu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. Bu göstəricilər bizim gözlədiyimiz nəticə deyil" - deyə komissiya rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib. Onların 8%-i 500-700, 21%-i 100-200, 28%-i 0-100 bal toplaya bilib. Builki məzunların təxminən 50%-i isə 200 baldan aşağı nəticə göstərib:
"Bu, elə yaxşı göstərici deyil. 200 bal toplamaq 2 almamaq deməkdir".
M.Abbaszadə deyib ki, I ixtisas qrupunda builki məzunların 5%-i , II qrupda 10%-i 500-700 bal toplayanlardır. Bu isə o deməkdir ki, ümumilikdə 500-700 bal toplayanların daha çoxu II qrupa sənəd verib. III qrupda məzunların 8%-i , IV qrupda 12%-i 500-700 bal toplayıb.
TQDK sədrinin sözlərinə görə, II və IV qrupları seçən məzunlar ən istedadlı, konkret ixtisasını əvvəlcədən müəyyənləşdirmiş abituriyentlərdir. Ona görə də bu qruplarda kifayət qədər yüksək müsabiqə vəziyyəti yaranıb:
"III və I qruplara sənəd verənlərin müəyyən qismi isə buraya ona görə sənəd verirlər ki, vakant yerlərin sayı çoxdur, ixtisaslar müxtəlifdir, yüksək prestijli ixtisaslarla yanaşı, aşağı müsabiqə vəziyyəti olan ixtisaslara qəbul olma imkanı var. Bu da qəbulun göstəricisində öz əksini tapıb".
Məleykə Abbaszadə qeyd edib ki, bu il orta ixtisas təhsili müəssisələrinə müsabiqə zamanı bəzi ixtisaslar üzrə formalaşmış keçid balları ali təhsil müəssisələrinin müəyyən ixtisaslarından daha yüksək olub:
"Məsələn, Azərbaycan Maliyyə-İqtisad Kollecinin "Bank işi" ixtisası üzrə minimal keçid balı 369 bal, 2 saylı Bakı Baza Tibb Kollecinin "Ortopedik stomatologiya" ixtisası üzrə minimal keçid balı 396 bal, Bakı Sosial Pedaqoji Kollecinin "Məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə minimal keçid balı 268 olub".
9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı ilə bağlı açıqlama verən TQDK sədri bildirib ki, qəbul imtahanı avqustun 29-da Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində keçiriləcək. TQDK sədri deyib ki, avqustun 11-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak ediblər. Seçmə turlar ilk dəfə olaraq TQDK-nın təşkil etdiyi yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilib.
M.Abbaszadə bildirib ki, ilkin statistik məlumatlara əsasən 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 30660 abituriyent ərizə təqdim edib. Bu il 9 illik təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan bölməsinə, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
|