çap et  
705 əcnəbi deportasiya olunub
Miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 1060 fakt qeydə alınıb
Şənbə, 07.08.2010

E.Elçin

Qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində 1060 əcnəbinin bizim inzibati qanunvericiliyin tələblərini pozduğu müəyyən edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilir.

Məlumata görə, onlardan 270 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşaması leqallaşdırılıb, 705 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 85 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Əli Mərdanovun verdiyi bilgiyə görə, bu ilin birinci yarısında 1517 nəfər əcnəbinin Azərbaycan ərazisində qeydiyyatsız yaşadığı müəyyən edilib. Həmin əcnəbilərdən 1440 nəfəri ölkədən deportasiya edilmişdir. İdarə rəisi daha 25 əcnəbinin cərimə olunduğunu qeyd edib. Əli Mərdanov bildirir ki, deportasiya edilən əcnəbilərin arasında Pakistan, Çin, Türkiyə, Türkmənistan və digər ölkələrdən gələnlər də var.