"Kür" qeyri-hökumət qərargahının üzvü, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev su daşqınından əziyyət çəkmiş vətəndaşların problemləri ilə əlaqədar dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətin əvvəlində aprelin sonlarında Kür çayının daşması nəticəsində 110 min ha. torpaq və 20 mindən çox evin su altında qaldığı xatırladılır (rəsmi açıqlamalara görə).
"Orta statistik Azərbaycan ailəsinin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu o deməkdir ki, daşqından 100 minə yaxın adam zərər çəkib, 8 mindən çox adam evindən məhrum olub və ən azı həmin sayda adamın evi tam yararsız hala düşüb. Lakin daşqına məruz qalan təsərrüfatların bu il məhsuldan məhrum olması faktı həm də yaşamaq üçün vəsaitin olmaması deməkdir. Bu, fəlakətlə üzləşən adamlar üçün ciddi humanitar nəticələr verəcək", - deyə müraciətdə bildirilir.
M.Əliyev qeyd edib ki, mayda bir sıra KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri "Kür" qeyri-hökumət qərargahı yaradıblar. Quruma iqtisadçılar, ekoloqlar, jurnalistlər daxildir:
"Təbii fəlakət zonasına səfərlər zamanı biz praktik olaraq hər şeydən məhrum olmuş adamların əziyyətlərinin şahidi olduq. Söhbət zamanı biz onları əmin etdik ki, dövlət onların həyat şəraitinin daşqından əvvəlki vəziyyətə qaytarılması üzrə operativ və adekvat yardım göstərəcək. Hesab edirik ki, hökumət əhalinin yeni yaşayış yerlərinə köçürülməsi ideyasından imtina edərək, onların təsərrüfatlarının bərpası haqqında qərar qəbul etməklə düzgün hərəkət edib".
"Bizi zərərçəkənlərə kompensasiyanın verilməsi məsələsi narahat edir. Zərərin müəyyən olunmasının və ödənilməsinin meyarları və metodologiyası bizə, eləcə də ictimaiyyətə məlum deyil. Lakin bəllidir ki, daşınmaz əmlakın bərpası ilə əlaqədar hökumət tərəfindən adamlara 200-300 manat məbləğində birdəfəlik yardım təklif olunur. Bizim qiymətləndirmələrə görə, bu, məqbul deyil. Çünki kənddə əsas yaşayış mənbəyi olan becərilməmiş məhsulla bağlı qısamüddətli və uzunmüddətli maliyyə itkiləri nəzərə alınmır. Biz dəyən zərərin qiymətləndirilməsinin və kompensasiyaların verilməsinin elmi metodologiya və beynəlxalq normalar əsasında həyata keçirilməsini vacib hesab edirik", - deyə M.Əliyev bildirib.
Onun sözlərinə görə, fəlakətlə üzləşən vətəndaşlar dövlətə ümidlə baxır.
"Biz onların hüquqlarının və təhlükəsizliyinin qarantı kimi sizdən xahiş edirik ki, bu problemin həlli üçün zəruri tədbirləri görəsiniz. Biz həmçinin sizdən xahiş edirik ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması və Kür zonasında yeni fövqəladə halların qarşısının alınması üzrə dövlət layihələrində vətəndaş sektorunun iştirakının təmin olunması barədə hökumətə göstəriş verəsiniz. Biz də öz tərəfimizdən bu nəcib işə əlimizdən gələn yardımı göstərməyə hazırıq", - deyə qeyd edilir.