çap et  
"Qafqaz Xilafəti" sindromu
"Qafqaz Xilafəti" sindromu
Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti
Şənbə, 07.08.2010


Çeçen-İçkeriya Respublikası 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini elan etdikdən sonra, Quzey Qafqaz respublikalarında yeni proseslərə təkan verildi. Bu sırada ÇİR-dən fərqli olaraq, digər respublikalarda monoetnik durumun olmaması, fərqli toplumlar arasında uzlaşma imkanlarının məhdudluğu, hətta milli zəmində qarşıdurmalar Quzey Qafqaz hərəkatını tamamlaya bilmədi. ÇİR isə 1999-cu ilin sonuna kimi öz mövcudluğunu yaşada bildi. Cövhər Dudayevin liderliyində çeçenlər ilk dəfə olaraq müstəqil dövlət anlayışını dada bildilər. İndi çeçen cəmiyyəti rusiyapərəst, radikal islamçı və milliyyətçi kəsimlərə bölünür. Bu üç ictimai anlam çeçenlərin yenidən milli konsolidasiya strategiyasına sarsıdıcı zərbə vurmaqdadır.

Xilafət siyasətinin yaranma səbəbləri

Ötən yüzilin 90-cı illərində Qafqazda Misir, Səudiyyə Ərəbistanı, Suriya, Mərakeş, İordaniya, Əlcəzair, Türkiyə, Oman, Sudan, Pakistan və digər dövlətlərdən gəlmiş müxtəlif təriqət və məzhəblərin missionerləri keçmiş Sovetlər Birliyinin antidin təbliğatı nəticəsində yaranmış boşluğu doldurmağa çalışdılar. Bu işin gedişində inanclı gəncləri xaricdə təhsil almağa apardılar. 1996-cı ildən başlayaraq Qafqazda regiona məxsus olmayan qeyri-ənənəvi dini baxışlar peyda oldu. Onlar hər yerdə ancaq "cihada çağırış" şüarları səsləndirirdilər. Çeçenistanda isə bu yöndə Mövladi Uduqovun rəhbərliyində ilk dəfə olaraq "İslam milləti" adlı qəzet nəşr olunmağa başladı.

Bunun ardınca isə M.Uduqovun təsis etdiyi "Qafqaz TV" kanalı yayına çıxdı. Faktiki olaraq bu kanal bütün Qafqaz regionlarında ilk dəfə "kafirlərə qarşı cihad", "onların başları kəsilməlidir" təbliğatını gündəmə gətirdi. Bu TV kanalda hətta heç bir günahı olmayan bir rus əsgərinin açıq şəkildə başının kəsilməsi mərasimi yayınlandı. Bununla da ərəb dövlətlərindəki fondlardan cihad uğrunda kim daha çox vəsait ala bilər yarışması ictimai-sosioloji təsir vasitəsinə çevrildi. Maqomed Tsaqarayev, Ramazan Əhmədov, Vaqautdin Məhəmmədov, Arbi Barayev, Aslambek Əbdülhacıyev, Anzor Astemirov, Hüseyn Qakayev, Mövsar Barayev, Şamil Basayev, Əblülməlik Məcidov, Əli Taciyev, Əbdülhəlim Sadullayev, Rizvan Əhmədov, Şirvani Ampukayev, İsa Astemirov və digər onlarca şəxslər özlərinin cihad uğrunda hərbi birliklərini yaratdılar.

Bu səhra komandirlərinin hər birinin arxasında xaricdən maliyyə dəstəyi verən konkret fondlar dururdu. Prosesi daha da böyütmək üçün 1999-cu ildə Çeçenistan-Dağıstan İslam Dövləti, Qafqaz İslam Cəbhəsi, Dağıstan İslam Ordusu və digər daha böyük hərbi birliklər yaradıldı. M.Uduqov bu hərbi birliklərin əlaqələndiricisi rolunda çıxış etməklə yanaşı, həm də onların təbliğ olunmaları texnologiyasını hərəkətə gətirdi.

2007-ci ildə isə "Qafqaz Xilafəti Hərəkatı" yaradıldı. Quzey Qafqaz regionlarında sosial həyat tərzi ağır olan gəncləri hərəkata qoşmaqla bu şəbəkə daha da genişləndi. Hal-hazırda Qətərin paytaxtı Doha şəhərində mənzil-qərargahı olan Mövladi Uduqov faktik olaraq "Qafqaz Xilafət Hərəkatı"nın əsas ideoloqu və lideridir. M.Uduqov son illər Çeçenistandan kənarda Qafqazın digər regionlarında radikal islamçı hərəkatları daha çox maliyyələşdirir. Bu respublikalarda hətta xüsusi şəbəkələr də yaradılıbdır. Cihadın nə demək olduğunu bilməyən gənc "sələfilər" isə əlində silah dərhal meşələrə və dağlara getməyi özlərinə şərəf bilirlər. Çünki onları normal həyatda ağır və məşəqqətli sosial-iqtisadi problemlər gözləyir. Rusiyanın Quzey Qafqazda uzun müddət məqsədli şəkildə apardığı ədalətsiz siyasət indi onları bu addımları atmağa vadar edir.

Milliyyətçilərin və bağımsızlıq tərəfdarlarının Avropaya axını

İndi Çeçenistanda faktiki olaraq cəmiyyətin milliyyətçi və bağımsızlıq tərəfdarlarının yaşamaq, mübarizə aparmaq imkanları məhdud olduğu üçün onlar ailələri ilə birlikdə Avropa dövlətlərinə sığınıblar. Rəsmi statistikaya görə, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İrlandiya, Fransa, İsveç, Norveç, İsveçrə, Avstriya, İtaliya, Polşa, Çexiya, Danimarka, Finlandiya, Kanada və ABŞ-da toplam 150 min çeçen müharibə qaçqınları statusu alıblar. İndi onlar yaşadıqları ölkələrdə özlərinin ictimai təşkilatlarını quraraq fəaliyyətlərini davam etdirirlər. Qanuni Çeçen-İçkeriya Hökuməti də mühacirətdə çalışır. Onların baş naziri ƏHməd Zakayevdir. Mühacir çeçenlər əsasən öz milli dillərini öyrənmə kurslarını açmaq, çeçenlərin insani hüquqlarının müdafiəsi, beynəlxalq hərbi tribunalda Rusiya tərəfindən Çeçenistanda törədilmiş çeçen soyqırımının tanınması kimi fəaliyyət dairəsinə məxsusdurlar. Digər tərəfdən isə Qərb dairələri yenicə yaranmış çeçen, inquş, gürcü, dağıstanlı və çərkəz diasporundan Qafqazı daha dərindən öyrənmək üçün istifadə edir. Bu sırada çoxlu sayda ziyalıları və elm adamlarını səfərbər ediblər. Təbii olaraq, bu yöndə dominantlıq çeçenlərin üzərindədir. Bu kadrların sayəsində Qafqazla bağlı bir sıra ictimai qurumlar aktiv siyasətə qatılıblar.

Radikal vəhhabilər dağlarda və meşələrdə yaşamağa məhkumdurlar

Mövladi Uduqov və onun ögey qardaşı İsa Temirov tərəfindən Quzey Qafqazda idarə olunan radikal islamçı təşkilatlar 2002-ci ildən etibarən yüksək dağlıq ərazilərdə və meşələrdə yaşayırlar. Onlar mənsub olduqları regionlarda müxtəlif terror əməliyyatları törətməklə öz ailələrinin maddi və sosial problemlərini həll edirlər. Bir sözlə, savaş onların əsas maddi gəlir mənbəyidir. Hər bir əməliyyat tədbiri xüsusi qrant layihələri əsasında həyata keçirilir.

"Qafqaz Cəbhəsi", "Şəriət Camaatı", "Dərbənd Camaatı", "İbrahim oğulları", "Yarmuk", "Qaraçay Camaatı", "Riyad-us-salihin", "Kataib əl-Houl", "Quzey Qafqaz İmaməti", "Asbat əl-ənsar", "Əl-İslamiyyə", "Əl-mücahid", "Ər-Bayət", "İslamın nizamı" və digər radikal islamçı təşkilatlarının qarşısında xarici fondların qoyduqları öhdəliklərdən biri də onların öz sıralarını artırması vəzifəsidir. Buna görə isə həmin fondlar tərəfindən onlar daha böyük məbləğdə mükafat alırlar. Faktiki olaraq bu qurumların liderləri "Qafqaz Xilafəti Hərəkatı"nın komandirlər şurasında təmsil olunurlar. Şura isə "Şəriət Məhkəməsi"nə tabedir. Yəni hər bir radikal islamçı qrupun döyüş komandiri olmaqla bərabər, dini lideri də mövcuddur. Dini liderlər isə nə zaman, hansı şəraitdə cihad yapmanın fitvasını verirlər. "Şəriət Məhkəməsi" lideri Şamsudi Batukayevdir. S.Batukayev də M.Uduqov kimi Doha şəhərində öz iqamətgahına sahibdir.

Doku Umarovu Aslambek Vadalov niyə əvəz etdi?

2007-ci ildən indiyə kimi "Qafqaz Xilafəti Hərəkatı"nın Əbduhəlim Sadullayev, Doku Umarov kimi lideri olub. D.Umarovun birdən-birə öz vəzifəsindən istefa verməsinin əsas səbəbi isə Çeçenistanda baş verən yeni proseslərdir. D.Umarovun həyatda itirəcəyi heç bir şey yoxdur. Ruslar onun 27 yaşlı arvadını və 2 yaşlı övladını, qoca atasını bir neçə il öncə öldürüblər. D.Umarov və M.Uduqov arasında uzun müddətdir ki, gizli bir konflikt mövcuddur. Belə ki, M.Uduqov pulgir olduğu üçün Quzey Qafqaz Cəbhəsində bir gün ölümlə üz-üzə duran mücahidlərə ayrılmış vəsaiti mənimsəməklə məşğuldur. Bu məsələ neçə dəfə şəriət məhkəməsində dartışılsa da, son söz sahibi olan Ş.Vatukayev M.Uduqovun tərəfini tutubdur.

"Qafqaz Xilafəti Hərəkatı"nın lideri vəzifəsinə gətirilən Aslambek Elmisultan oğlu Vadalov əslində mənşəcə çeçenləşmiş avar millətindəndir. Onun Çeçenistanla və Dağıstanla bağlı mücahidlər çevrəsində təsir dairəsi daha böyükdür. Bir zamanlar Səudiyyə Ərəbistanında təhsil alıb və məşhur səhra komandiri Əmir ibn Əl-Xəttabın (əsl adı Samir bin Saleh Əs Suveylidir) ən yaxın kadrı hesab olunub. D.Umarov təmiz çeçen olduğu üçün nə qədər islamçı görüşlərə malik olsa da, həm də milliyyətçi çeçen siyasətini müdafiə edir. A.Vadalovun bu təyinatı göstərir ki, radikal islamçılar yaxın zamanlarda əsas fəaliyətlərini Çeçenistan və Dağıstan üzərində formalaşdıracaqlar. D.Umarovdan fərqli olaraq, A.Vadalov daha radikal addımlar atacaqdır.

Müşahidələrə görə, D.Umarovun istefasının əsas səbəblərindən biri də Ə.Zakayevin Çeçenistanda mövqelərinin son zamanlar güclənməsidir. Çünki təmiz çeçen kökənlilər hər zaman Çeçenistan uğrunda dirənişlərə baş vurublar.

Quzey Qafqaz prezidentlərinin maraq dairəsi

Dmitri Medvedyev Rusiya prezidenti seçildikdən sonra Kremlin Quzey Qafqaz siyasəti də qismən dəyişməyə başlayıb. Moskvada və eləcə də Quzey Qafqazdakı yerli hakimiyyət eşelonunda böyük gücə malik olan "müharibə partiyası" tərəfdarları hər zaman regionda münaqişələrin davam etməsinin tərəfdarı kimi siyasət yürüdüblər. Çünki hər münaqişə ocağı həm də onların külli miqdarda gəlir mənbəyi hesab olunur. Dağıstanın sabiq prezidenti, kifayət qədər hakimiyyət təcrübəsi olan Muxu Əliyev ikinci dəfə prezident seçilməkdən imtina edərək proeseslərdən yayındı. Ramazan Qədirov (Çeçenistan), Yunusbəy Evkurov (İnquşetiya), Arsen Kanokov (Kabarda-Balkar), Arslançeriy Txakusinov (Adıgey) və Taymuraz Mamsurov (Quzey Osetiya) tipli kadrlar prezident kürsüsünü təhvil vermək fikrində deyillər. Təkcə Qaraçay-Çərkəzin prezidenti Boris Ebzeyev D.Medvedyevin siyasi kursunu müdafiə etdiyini elan edibdir. Dağıstanın yeni prezidenti Məhəmmədsalam Məhəmmədov da bu prinsipi müdafiə edir.

Heç də sirr deyil ki, başdan-başa korrupsiya və rüşvət bataqlığı olan Quzey Qafqaz regionlarını idarə edən klanlar Kremlin yeni kursu olan modernləşmə siyasətinə nəinki dəstək verirlər, hətta bunun qarşısının alınmasında heç maraqlı tərəf kimi də görünmürlər. Onlar bu yöndə mümkün qədər dirəniş göstərirlər. İri çəkili məmurlar dövlətdən qapdıqları paranın hesabatını "mücahidlər"in boynuna asanlıqla qoymağı çox ustalıqla bacarırlar.

Hər gün Quzey Qafqazda baş verən terror eyləmlərinin anatomiyasının mahiyyətini də burada aramaq gərəkdir. Müşahidələrə görə, Kremlin yeni siyasətinə qarşı olan güclər məhz bu mənada "Qafqaz Xilafəti Hərəkatı" ilə gizli şəkildə uzlaşan siyasət yürüdürlər. Unutmaq olmaz ki, Moskva tərəfindən 2002-ci ildə Çeçenistana prezident təyin olunan mufti Əhməd Qədirov "büdcədən oğurladıqlarımızın bir hissəsi meşəyə gedir" sözünə görə Kremlin qəzəbinə tuş olmuşdu və buna görə də terror olunaraq öldürüldü. Əslində A.Vadalovun "Qafqaz Xilafəti" qurumu ideoloji müstəvidən kriminallaşmış bir struktura çevrilmə prosesinin başlanğıcı kimi xarakterizə olunmalıdır. Çünki Quzey Qafqaz regionlarında anarxiyanın dərinləşməsi zənginləşmiş və oliqarxlara çevrilmiş klanların maraq dairəsinin tərkib hissəsidir.