"Ordu islahatlarında 6-7 illik gecikmə var"
 |
1991-2010-cu illərdə Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hesabat-araşdırma hazırlanıb
Şənbə, 07.08.2010
|
|
Silahlı Qüvvələrimizin formalaşma tarixi çətin dövrə təsadüf etsə də, hərbi əməliyyatların gedişində hərbi quruculuq sistemində bir sıra ciddi problemlərin öhdəsindən gəlinib. Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hazırladığı "1991-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar: mövcud olmuş çatışmazlıqlar və gözləntilər" adlı yeni hesabat-araşdırmada bildirilir. Eyni zamanda, aparılmış müşahidələr onu deməyə əsas verib ki, Silahlı Qüvvələrdə islahatlar prosesində ən azı 6-7 illik gecikmə var və ayrılan vəsaitlərdən qeyri-səmərəli istifafə edilir. Hesabat-araşdırmanın tam mətni yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Ordu üçün 3 dövrlük tarix
Araşdırmada Azərbaycanın ikinci müstəqillik dövründə Silahlı Qüvvələrin fəaliyyət tarixi şərti olaraq 3 dövrə bölünür:
- birincisi, Ermənistan və Azərbaycan arasında münaqişə dövründə Azərbaycanda ordu quruculuğu (1991-1994). Qeyd edilir ki, bu dövrdə müdafiə və təhlükəsizlik sektorunun fəaliyyəti olduqca qarışıq və bir sıra hallarda rəsmi sənədlər olmadan baş tutub. Bu dövrdə müdafiə xərclərinin səmərəli istifadəsində ciddi şübhələr mövcuddur. Araşdırmalar göstərir ki, Azərbaycanda ordu quruculuğuna siyasi müdaxilələr ən çox bu dövrdə baş tutub. Bu baxımdan ikinci müstəqillik dövründə ən çox müdafiə naziri dəyişikliyinin məhz 1991-94-cü illərdə baş tutması təsadüfi deyil. Bu dövrdə Azərbaycan Müdafiə Nazirliyi nə az, nə çox - düz 8 dəfə rəhbər dəyişib;
- ikincisi, atəşkəsdən sonrakı dövrdə islahatlar prosesi (1994-2005). Bu dövrdə Azərbaycan ordusu üçün sabitlik dövrü olsa da, islahatlar prosesi ciddi gecikmələrlə müşahidə olunurdu. Bəzən 6 ay ərzində keçirilməsi mümkün olan islahat 3 il ərzində gerçəkləşdirilirdi. Bu isə həm vaxt, həm də ciddi maliyyə itkisi idi. Misal üçün, SQ-nin geyim və ərzaq təminatındakı problemlərin 1997-ci ilə qədər həll olunması mümkün hesab edilsə də, bu proses 2001-ci ilə qədər davam etdi. Və ya münaqişə ilə əlaqədar hərbi qulluqçuların xidmət müddətində yaranmış "vaxtından artıq xidmət etmə problemi" yalnız 2002-ci ilin əvvəlində yoluna qoyuldu ki, bunun da atəşkəsdən sonrakı bir neçə ildə həll olunması mümkün idi;
- üçüncüsü, 2005-ci ildən bəri NATO ilə əməkdaşlığın müdafiə və təhlükəsizlik sektoru üzərinə qoyduğu öhdəliklər. Bu dövr araşdırmalar üçün ciddi maraq kəsb edirdi.
Bu dövr orduda geniş miqyaslı islahatların başlaması və neft gəlirləri hesabına ölkənin müdafiə büdcəsinin kəskin şəkildə artırılması ilə müşayiət olunur. Amma müşahidələr onu deməyə əsas verir ki, qeyd edilən dövrdə qarşıya qoyulan məqsədlərə vaxtında nail olunmayıb və vəsaitlərin səmərəli istifadəsi və korrupsiya ilə bağlı ciddi şübhələr mövcuddur. Eyni zamanda, NATO ilə əməkdaşlıq çərçivəsində imzalanmış planlarda əksini tapan islahatların gecikdirilməsi ilə bağlı konkret məqamlar mövcuddur. Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP) sənədində əksini tapan islahatların daha sonra sənədin ikinci mərhələsinə salınması, indi isə üçüncü mərhələnin gözlənilməsi bir çox ehtimallar irəli sürməyə imkan verir.
Bərşadlı və Mehdiyev taktikası
Araşdırmada diqqət çəkən bir sıra məqamlar mövcuddur. Misal üçün, 1991-1994-cü illərdə ordu quruculuğu və hərbi sektorun cəmiyyətlə münasibətlərə toxunularkən bir sıra şərhlər ortaya qoyulur. İlk müdafiə naziri 64 yaşlı general-leytenant Valeh Bərşadlı dövründə Silahlı Qüvvələr quruculuğunda diqqət çəkən islahatlar aşağıdakılardan ibarət idi:
- ordunun ştat-struktur quruluşunun formalaşdırılması istiqamətində ilk konsepsiyalar hazırlandı, ilk briqadalar yaradıldı. Bərşadlı dövründə ordunun ştat-strukturunun formalaşdırılması ilə bağlı ciddi addımlar atılmamasının səbəbi həm münaqişə, həm də nazirin vəzifədə az müddətdə çalışması idi.
- SQ-nin ehtiyacı üçün milli kadrların formalaşması prosesinə start verildi. Bərşadlı dövründə keçmiş SSRİ Silahlı Qüvvələrində çalışmış, postsovet məkanında yaşayan Azərbaycan əsilli (bəzən rus, ukraynalılar) zabitlərin Milli Orduya könüllü olaraq dəvət edilməsinə başlanıldı. Bunun nəticəsində orduya xeyli sayda kadrlar yerləşdirildi. Bunun davamı kimi, Bərşadlı SQ üçün yeni kadrların hazırlıq prosesini gücləndirmək və bu istiqamətdə Naxçıvanski hərbi məktəbi və Bakı Ali Birləşmiş Komandirlər Məktəbindən istifadə etmək niyyətində idi.
- Gələcəkdə tətbiq olunacaq vahid komandanlıq sisteminin elementləri realizə olunmağa başladı. Bərşadlı başa düşürdü ki, mövcud olan ordu idarəetməsi cəbhə xəttində qısa müddətdə qələbə qazanmağa imkan vermir, bu baxımdan qoşunların tabeçilik prinsiplərinin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atmağa başladı.
Bərşadlı dövründə Müdafiə Nazirliyinin ictimaiyyətlə - mətbuatla əlaqələrinin qənaətbəxş səviyyədə olduğunu demək çətindir. Dövri mətbuat onu KİV-ə o qədər də açıq olmayan şəxs kimi qələmə verirdi.
"Doktrina" mərkəzinin araşdırmasında qeyd olunur ki, o dövrdə ölkədə mövcud olan siyasi gərginliklər ordu rəhbərliyində intensiv dəyişikliklərə səbəb olub. 3 aylıq nazirliyindən sonra Bərşadlını general-mayor Tacəddin Mehdiyev əvəz edib. Mehdiyev öz bəyanatlarında Silahlı Qüvvələrin peşəkarlaşması ideyasının tərəfdarı kimi çıxış edib. Onun fikrincə, Azərbaycan gələcəkdə öz ordusunu tam olaraq müqaviləli orduya keçirməlidir. Ona qədərsə nazir aşağıdakı tədbirlərin görülməsini zəruri hesab edirdi:
1. Müdafiə büdcəsinin detallarının öyrənilməsi və strateji perspektivdə müqaviləli orduya keçidin əsaslarının qoyulması. Mehdiyev hesab edirdi ki, yaxın perspektiv üçün Azərbaycanın müdafiə xərcləri artırılmalı və onlar SQ-də həyata keçiriləcək islahatlar üçün yetərli olmalıdır. Xatırladaq ki, o dövr üçün Azərbaycanın hərbi xərcləri müxtəlif maddələr üzrə 50-100 milyon ABŞ dolları civarında idi.
2. Silahlı Qüvvələrin döyüş və taktiki hazırlığının təkmilləşdirilməsi və müharibə aparmağın müasir qaydalarının ordu quruculuğuna tətbiqi. Bu dövrdə Azərbaycan SQ üçün dünyanın müsbət təcrübəsinin tətbiqi imkanlarının araşdırılmasına başlanmışdı. Bunu bəlkə də Azərbaycan ordusuna NATO standartlarının tətbiqi istiqamətində ilk səylər kimi qiymətləndirmək olardı.
3. Müqaviləli sistem üçün xarakterik olan savadlı və peşəkar - zabit - çavuş - əsgər çevrəsinin qurulması. Mehdiyev bu istiqamətdə Bərşadlının fikirlərini bölüşürdü və hesab edirdi ki, ordunun səmərəli fəaliyyəti və müasirləşdirilməsi ilk növbədə onun kadr heyətinin təkmilləşdirilməsindən ibarətdir.
4. Hərbi qanunvericiliyin təkmilləşdirilməsi və hərbi qulluqçuların sosial rifahının güclənməsinə səbəb olacaq sənədlərin qəbulu..
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Orduda rotasiya problemi
Mətbuat gününə - mətbuat tarixi
Ermənistan ordusunun çağırışçı problemi
|
|
|