 |
İş adamları gəlirin 30 faizini qeyri-rəsmi ödənişlərə xərcləyirlər
Şənbə, 07.08.2010
|
|
Qlobal iqtisadiyyatda kiçik və orta sahibkarlığın rolu danılmazdır. İqtisadi göstəricilərinin yaxşılığa doğru dəyişməsində bu növ sahibkarlığa böyük önəm verilir. İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq iqtisadiyyatın inkişafında hətta aparıcı rol oynayır. Amerika və Avropa ölkələrində böyük şirkətlərin fonunda kiçik və orta sahibkarlar hələ də öz yerini qoruyub saxlamaqdadırlar. Onlar çoxlu iş yerləri açır və qlobal iqtisadiyyatda ölkənin rəqabət gücünü artırırlar.
Məsələn, ABŞ-da 19 milyon, Fransada 2,3 milyon kiçik və orta sahibkar fəaliyyət göstərir. İşləyən əhalinin təqribən 70 faizi bu müəssisələrdə çalışır. Türkiyə Cümhuriyyətində isə bu rəqəm 200 mindən artıqdır. İşləyən əhalinin 63,5 faizi kiçik və orta sahibkarların qurduğu müəssisələrdə çalışır.
Azərbaycanda isə kiçik və orta sahibkarlığın inkişafında böyük irəliləyiş müşahidə edildiyini söyləmək mümkün deyil. Baxmayaraq ki, dövlət tərəfindən bu sahənin inkişafı üçün 3 fərqli fond vasitəsilə bəzi subsidiyalar həyata keçirilir. Bunlardan biri Azərbaycan İnvestisiya Şirkətidir ki, müəssisələrə investisiya qoyaraq, ən az - 1 milyon dollar məbləğində paya malik olur, digəri Sahibkarlığa Kömək Milli Fondudur ki, kiçik və orta müəssisələr güzəştli (3 milyon dollaradək) kreditlər verir və nəhayət, üçüncüsü, xüsusi məqsədlər üçün güzəştli şərtlərlə kreditlər verən İpoteka Fondudur. Amma bir məqamı da qeyd etmək yerinə düşər ki, hər üç fond neft gəlirlərindən çox asılıdırlar.
Aparılan araşdırmaların nəticələri göstərir ki, xırda və orta sahibkarlıq subyektləri üçün icazələrin və digər sərəncamların alınması, məcburi sertifikatlaşdırma prosedurları, nəzarət orqanlarının yoxlamaları, biznesin qeydiyyatı, lisenziyaların alınması və vergi ödənişi prosedurları hələ də ciddi maneə olaraq qalır. Özəl sektorda aparılan geniş sorğular göstərir ki, ədalətsiz rəqabət və sistematik olaraq iri dövlət müəssisələri kimi müəyyən bazar iştirakçılarına imtiyazlı yanaşma xırda və orta sahibkarlıq qurumlarının əsas problemlərindəndir.
Qəribə səslənsə də, bu gün dövlət strukturları sahibkarların fəaliyyətinə müdaxilə edirlər. Belə ki, aparılan tədqiqatlar göstərir ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti, vergi, kömrük, hüquq-mühafizə orqanları, hətta sanitar-epidemioloji orqanları sahibkarların işinə yerli-yersiz müdaxilələr edirlər. İş məhkəmə çəkişməsi səviyyəsinə qədər gedib çatanda isə iqtisadi mübahisələrin həllində süründürməçiliyə yol verilir, bəzən qeyri-obyektiv qərarlar qəbul edilir.
Sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin artması səbəbindən 2009-cu ildə fəaliyyətini dayandıranlar da oldu. Şimal bölgəsində müstəqil ekspertlər tərəfindən aparılan araşdırmalardan məlum olub ki, kənd təsərrüfatında çalışan sahibkarlıq subyektlərinin xərclərinin təxminən 3/1-i, yəni 30 faizindən artığı onların fəaliyyətinə yaradılan yersiz müdaxilələr nəticəsində yaranan qeyri-rəsmi ödənişlər təşkil edir.
Bu ödənişlərin bir qismi hüquq-mühafizə orqanlarına, digər qismi yerli icra orqanlarına, eləcə də digər dövlət qurumlarına çatır. Praktik olaraq, yersiz müdaxilələr sahibkarlıq subyektlərinin xərclərinin artmasına yol açır. Eyni zamanda, onların işləmək imkanlarını məhdudlaşdırır. Azərbaycanda sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin başqa dövlətlərlə, MDB ölkələri ilə müqayisədə spesifikası bizdə qeyri-rəsmi ödənişlər və ya rüşvəti əksər hallarda sahibkarlıq subyektinin öz işini keçirmək, hər hansı işi tezləşdirmək istədiyi üçün verməsidir. Bəzən isə qeyri-rəsmi ödənişlər ona görə edilir ki, icra hakimiyyəti orqanı sahibkarların işinə müdaxilə etməsin.
Mütəxəssislər hesab edirlər ki, qanunsuz müdaxilələrin aradan qaldırılması üçün hər bir dövlət qurumu Maliyyə Nazirliyi, iqtisadi inkişaf, vergilər, daxili işlər, rabitə və informasiya texnologiyaları, səhiyyə nazirlikləri üzrə konkret vəzifələr müəyyənləşdirilməlidir. Belə ki, nazirliklərə nəinki kiçik və orta, habelə böyük sahibkarların işinə müdaxilələrin aradan qaldırılması üçün tapşırıqlar verilməlidir. Sözsüz ki, hüquqi bazanı da möhkəmləndirmək vacibdir.
Ölkədə xırda və orta sahibkarlığın hazırkı inkişafını yetərli saymayan iqtisadçı-ekspert Əli Əlirzayevin sözlərinə görə, ən böyük problem kiçik və orta sahibkarlıq subyektlərinin regionlar və iqtisadiyyatın sektorları üzrə qeyri-bərabər yayılmasıdır. Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla, digər bölgələrdə bu tip sahibkarlıq fəaliyyətinin genişlənməsinə rast gəlinmir.
Mütəxəssis vurğuladı ki, sahibkarların maliyyə vəsaitlərinə çıxışı da onların üzləşdiyi ən əsas çətinliklərdən biridir. 4 sahibkardan 3-ü maliyyə vəsaitlərinin əldə edilməsində çətinlik çəkir. Azərbaycanda 142 kredit təşkilatı fəaliyyət göstərir və onlardan 46-sı kommersiya bankıdır. Lakin biznesin açılması və sonradan işləməsi üçün tələb olunan kapitalın 90 faizini sahibkarlar ya öz vəsaitləri, ya da borc almaqla təmin edirlər. Kreditlərin məhdudluğu, güzəşt dövrlərinin qısa və ya ümumiyyətlə olmaması, yüksək faiz dərəcələri, o cümlədən geniş yayılmış əlavə qanuni və ya qanunsuz ödənişlərin olmasına görə sahibkarlar kredit almaqdan çəkinir. Rəqabət üçün daha münbit şərait yaratmaq və sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq üçün korporativ təcrübələrin dəyişdirilməsi və bank sektorunun daha da liberallaşdırılması faydalıdır. Mövcud kredit reyestrini təkmilləşdirəcək və kommersiya xidmətləri təklif edəcək funksional kredit bürosunun yaradılması kreditorlar və borcalanlar arasında qarşılıqlı inamı gücləndirə bilər. Aparılan araşdırmalara görə, xırda və orta müəssisələrin yalnız 2 faizi ixrac və 8 faizi idxal ilə məşğul olur. Nəticədə ölkənin ixracının əsas hissəsini xammal, xüsusilə neft təşkil edir ki, bu da qeyri-neft sektorunun inkişafına mane olur. Əli Əlirzayev:
"İdxal-ixrac əməliyyatlarının mürəkkəb olması, kifayət qədər işlənməmiş, köhnəlmiş və ya lazımsız texniki şərtlər çox vaxt korrupsiyaya və qanunsuzluğa gətirib çıxarır. Dünya ticarət təşkilatı ilə aparılan danışıqlar nəticəsində Azərbaycanda müvafiq standartların və fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən peşəkar sertifikatlaşdırma agentliklərinin yaradılması və hazırda təkrarlanan prosedurların sadələşdirilməsi və sistemləşdirilməsi güman edilir".
Qloballaşmanın hökm sürdüyü dünya iqtisadiyyatında lokal iqtisadiyyatın da qloballaşması ilə sahibkarların üzərinə yeni vəzifələr düşməkdədir. Belə ki, yeni iqtisadiyyatda xarici ölkə istehsalatçıları ilə rəqabət, xarici mühitdə baş verən dəyişiklikləri, istehsal və informasiya texnologiyalarında ortaya çıxan yenilikləri tətbiq edə bilmək, eyni zamanda dünya standartlarına uyğun fəaliyyət göstərə bilmək üçün istehsal müəssisələrinin daha elastik və kiçik olması önəmli ünsür kimi ön plana çıxıb.
|
|
|
Oxşar xəbərlər:
Elmin İnkişafı Fondu I müsabiqəni elan etdi
|
|
Bölmənin digər xəbərləri
Avroya tələbat artıb
Ucuz alınmış valyutanı satmağın zamanıdır
|
Ekologiya Nazirliyi niyə brakonyerləri görmək istəmir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Tariel Məmmədli çərşənbə axşamı bir sıra KİV-lərin Xəzərdə, xüsusən dənizin Azərbaycan sektorunda nərə balıqlarının tutulması ilə bağlı yaranmış fövqəladə vəziyyət barədə yaydığı məlumatı təkzib etməyə çalışıb.
|
|
|