Avronun dollara nisbətən məzənnəsi psixoloji həddi keçib. Valyuta bazarlarında 1 avro 1 dollar 31 sentə satılıb. Avronun məzənnəsindəki artımlar Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Özü də bu təsirin daha çox psixoloji aspektləri nəzərə çarpır.
İqtisadçı Vüqar Bayramov deyir ki, artıq bəzi valyutadəyişmə məntəqələri avronun alışını həyata keçirsələr də, satış dayandırılıb. Bu da ki, avronun dünya bazarında məzənnəsinin yüksəlişi və son günlər Mərkəzi Bankın manatın avroya nisbətən məzənnəsini hər gün əvvəlki günə nisbətən daha yüksək məzənnə ilə müəyyənləşdirməsi ilə bağlıdır. Bütün bunlar avroya tələbatı artırıb. Müsahibim deyir ki, son günlər yalnız rəsmi məzənnədəki kəskin artımlar valyutadəyişmə məntəqələrinin avronun alğı-satqısı yönündə tərəddüdlər yaradıb:
"Valyutadəyişmə məntəqələrində avronun alışı ilə bağlı kurs elan edilsə də, satış kursu elan olunmur. Onlar daha çox avro yığmağa üstünlük verir. Başqa tərəfdən, valyutadəyişmə məntəqələri öz kurslarını müəyyənləşdirməyə çalışmırlar. Onlar Mərkəzi Bankın elan ediyi məzənnədən cəmi 3 faiz artıq məzənnə ilə xarici valyutanı alıb-sata bilərlər. Bu da praktik olaraq avronun satışı ilə bağlı qara bazarın yaranmasına təkan verir. Belə ki, valyutadəyişmə məntəqələri avronun satışını elan etmir. Amma avroya tələbat yarandığı, halda daha yüksək məzənnə ilə avronu vətəndaşa satırlar".
İqtisadçının fikrincə, avronun məzənnəsinin yüksəlməsi bu valyutanın yığım vasitəsi kimi yenidən dirçəlməsinə şərait yaradır. Güman edilir ki, yarımillik yekunlar elan edildikdən sonra avronun məzənnəsində artımlar daha da ciddiləşəcək.
Xatırladaq ki, avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi ABŞ-da 5 aylıq iqtisadi yekunların elanı ilə bağlıdır. Amerikada iqtisadi yekunların elanından sonra bəlli olub ki, son 5 ayda işsizlik problemi dərinləşməkdədir. Avronun məzənnəsinin yüksəlməsi həm də Avropa iqtisadiyyatına inamın bərpa olunması ilə əlaqədardır. Böhranın Yunanıstandan İtaliya və İspaniyaya keçəcəyi ilə bağlı narahatlıqlar doğrulmayıb. Yunanıstanda böhranın müşahidə edilməsinə baxmayaraq, İtaliya, İspaniya və Portuqaliyada böhran meyilləri qeydə alınmadı. Artıq Yunanıstan iqtisadiyyatında stabilləşmə müşahidə edilməkdədir. Yunanıstan iqtisadiyyatındakı böhran avronun məzənnəsinin kəskin azalmasına səbəb ola bilməz. Bu da onunla bağlıdır ki, Yunanıstan Avropa Birliyi iqtisadiyyatının cəmi üç faizini ödəyir. Avronun məzənnəsini daha çox Almaniya və Fransada baş verən iqtisadi proseslər tənzimləyir.
Spekulyativ faktorlara toxunan mütəxəssisin rəyinə görə, bəzi dövlətlər, o cümlədən investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idilər. Bununla belə V.Bayramov hesab edir ki, spekulyativ faktorlar uzun müddət fəaliyyət göstərə bilməz:
"Avronun məzənnəsinin yüksəlmə prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. Bunu nəzərə alaraq ötən aylardan avro ilə saxlanan ehtiyatların satılmasının məqsədəuyğun olmadığını deyirdik. Eyni zamanda əhaliyə avronun məzənnəsinin aşağı düşdüyü müddətdə avro ilə yığımlarını artırmalarını təklif etmişdik. Çünki belə yığımları adətən valyutanın məzənnəsinin düşdüyü vaxtda etmək iqtisadi baxımdan daha məqsədəuyğun və rentabellidir. Yəni ucuz qiymətə alınmış valyutanın alınması onun baha qiymətə satılmasına imkan yaradır".
AB-nin avronun məzənnəsinin stabilləşməsi, valyutanın qorunması ilə bağlı xüsusi fondun yaradılması istiqamətində razılıq əldə etdiyini xatırladan V.Bayramov bildirir ki, ilkin mərhələdə AB ölkələri tərəfindən sözügedən fonda yarım trilyon vəsaitin yönəldilməsi nəzərdə tutulur:
"Avronun məzənnəsinin yüksəlməsinə avrozonanın dağılması ilə bağlı fikirlərin real olmaması, eləcə də Estoniyanın avrozonaya üzv qəbul edilməsi yönündə qərarı təsir göstərib.
Dünya iqtisadiyyatının 25 faizinə malik olan AB-nin valyutasının uzun müddət kəskinliklə düşməsi praktik olaraq mümkün deyildi. Xüsusən bu azalmalarda spekulyativ faktorlar varsa".
|