Bu gün Gəncədə, yerli vaxtla 18.00-da "Gəncə" - "Simurq" matçı ilə futbol üzrə növbəti - XIX Azərbaycan çempionatının birinci turunun oyunlarına start veriləcək.
İlkin mənzərəyə əsasən növbəti mövsümdə yeni güc, yeni rəqabət görməyəcəyik. Yalnız sonuncu çempionatın gedişində iddiasız duruma düşən "Simurq" bu dəfə başını başlara qoşmayacaq. Ötən il olduğu kimi, "İnter", "Xəzər-Lənkəran", "Qarabağ", "Bakı", "Neftçi", "Qəbələ" və AZAL əvvəlcə ilk "altılığa" düşmək, daha sonra isə biri oyundan kənarda qalmaq şərti ilə digərləri medallar uğrunda mübarizə aparacaqlar. Autsayderlər qrupunda da dəyişiklik olmayacaq. Daha doğrusu, bu il elitaya yüksələn "Gəncə" və MOİK qətiyyən sürpriz komandaya bənzəmir. Onlardan hansınınsa "Muğan", "Turan" və ya "Simurq"a badalaq vuracağı hazırkı anda inandırıcı görünmür.
Maraqlıdır, ötən mövsüm ilk altılıqda qərarlaşan komandalardan dördü artıq ilk turda üz-üzə gələcəklər. Bütün çempionatların iştirakçısı olan "Neftçi" və "Qarabağ" öz aralarında növbəti qarşılaşmaya çıxacaqlar. Lənkəranda isə iki əcnəbi mütəxəssis rəsmən Azərbaycanda debüt edəcəklər. Rumıniyalı Mirça Rednik və ingiltərəli Toni Adamsın müvafiq olaraq rəhbərlik etdiyi "Xəzər-Lənkəran"la "Qəbələ" münasibətlərini ayırd edəcəklər.
Artıq ilk turda qarşılaşacaq cütlər də müəyyənləşib.
7 avqust:
18.00."Gəncə" (Gəncə) - "Simurq" (Zaqatala)
20.00. "Xəzər-Lənkəran" (Lənkəran) - "Qəbələ"(Qəbələ)
20.00. "Bakı" (Bakı) - AZAL(Bakı)
8 avqust:
18.00. "Turan" (Tovuz) - "İnter"(Bakı)
18.00. MOİK (Bakı) - "Muğan" (Salyan)
20.00. "Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam)
Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümünün oyunları ötən mövsüm kimi eyni toplarla oynanılacaq. Əvvəlki mövsümdən fərqli olaraq, bu dəfə çempionatda final mərhələsindəki "qızıl xallar" prinsipi ləğv olunur və komandalar təsnifat mərhələsində topladığı xallarla çempionatı davam etdirəcək.
Daha bir yenilik təqvimin sxemi ilə bağlıdır. Yeni sistemə görə komandaların oyun ardıcıllığı dəyişdirilir. Mövsümün daha bir yeniliyi mükafatlandırma ilə bağlıdır. Belə ki, Unibank Premyer Liqasının qalibinə 150 000, II yeri tutan komandaya 100 000, III yeri tutan komandaya isə 70 000 manat mükafat veriləcək. Azərbaycan kubokunu qazanmış komanda 100 000, finalçı isə 50 000 manata sahib çıxacaq.
Yeni mövsümdən legioner limitində 8+3 qaydası tətbiq ediləcək. Odur ki, bu il çempionat oyunlarında yerli oyunçuları daha çox görmək mümkün olacaq.
|