![]() |
çap et |
|
|||
Dünya futbol birinciliyində zəif çıxış etdiklərinin üstündə Şimali Koreya yığması hakimiyyət tərəfindən sərt cəzalandırılıb. Onlar ölkənin "hörmətli liderinə sayğısızlıqda suçlanıblar".
Diktatura rejimlərində belə şeylər təbii qarşılansa da, mədəni dünya bu rəftarı anormallıq sayır. İranda iş bir az tərsinədir. "Azərbaycanda idman inkişaf etməsə, İranın idmanından danışmağa dəyməz" - bu bir aksioma olaraq İranda hər kəsə bəllidir. İran tarixində ilk dəfə "Asiyanın ən yaxşı futbolçusu" adını əslən Azərbaycanın Ərdəbil əyalətindən olan Əli Dai qazanıb. Uzağa getmək lazım deyil, elə sonuncu yay olimpiada oyunlarında İslam Respublikasının bayrağını qaldırıb, bu ölkənin himnini səsləndirən də Azərbaycan türkləridir. Bu nailiyyətlərin qarşılığında Tehran hakimiyyəti Azərbaycan türklərinə qarşı irqçiliyin ayaq tutub yeriməsinə şərait yaradır. İslam Respublikasının KİV, teleradioları Azərbaycan klublarının oyunlarını qısqanclıqla yayımlayır, Azərbaycan türklərinin ünvanına irqçi, təhqiredici şüarlar səslənməsinə imkan verir. Bu əməli ilə İslam Respublikası rəhbərliyi Şimali Koreya hakimiyyətinin anormallığını bir başqa formada təkrarlamış olur. Ötən həftə Təbriz bələdiyyəsinin "Sərdari Təbriz" futbol komandası ilə Tehranın "Piruzi" komandası arasında Təbrizdə İranın güclülər dəstəsi qrupunda keçirilmiş oyun zamanı paytaxt klubunun tərəfkeşləri özlərini çox çılğın apardıqlarından və türklərə qarşı təhqiredici, siyasi, milli şüarlar söylədiklərinə görə azərbaycanlılar tərəfindən cavablarını alıblar. İran Futbol Federasiyasının İnzibati Komitəsi təbrizlilərin komandasını cəzalandırıb. "CanAzTv"yə istinadən məlumatda bildirilib ki, federasiya təbrizli azarkeşlərin yarış zamanı meydana çeşidli əşyalar atdığını, habelə "İstiqlal"çılara qarşı kobudluq etdiklərini iddia edib. Klubun tərəfdarları "Traktorqayırma" ilə Tehranın "İstiqlal" komandası arasında keçirilmiş oyun zamanı baş verənləri xatırladaraq, federasiyanın "yarışların iki oyun tərəfkeşsiz keçirilməsi" qərarını pisləyərək, ölkənin teleradio şirkətinə etirazlarını bildiriblər. İranın futbol qurumu "Traktorqayırma" barəsində kəskin qərar çıxarmışdı. Həmin qərara görə, "traktorçular" iki oyunu öz meydanlarında tərəfkeşsiz oyanayacaqlar. Həmin bəyanatdan bəzi məqamlar: - Meyvə suyu qablarını tullamaq nə zamandan "Piruzi" tərəfdarlarının Azərbaycan türklərini təhqir edən şüarlarından daha mühüm olub? - Bütün canlı şahidlər bu hadisələrin baş verməsində günahı "İstiqlal"çıların tərəfdarlarının təhrikedici və təhqiredici şüarlar verməsində görürlər; - Bir çox seyrçi hesab edir ki, baş verənlər Tehran hakimiyyəti tərəfindən planlaşdırılmış ssenaridir. Belə bir qərar "Traktorqayırma" klubu barəsində də çıxarılıb; - Bu baxımdan Təbrizin bələdiyyə komandası barəsində eyni qərarın çıxarılmasına səbəb nə ola bilər? "Sərdari Təbriz" tərəfdarları İran Futbol Federasiyasının çıxardığı qərarı "ədalətsiz" adlandıraraq, ona yenidən baxmasını təklif edir. İranın televiziya və radiolarında "Traktorqayırma" klubuna və Azərbaycan türklərinə qarşı təhqiredici ifadələrə etiraz olaraq Təbrizdə "Saatqabağı" meydanında yürüş keçirilib. Həmin vaxt bazar bağlanıb. Aksiya "Darayi" qabağında hakimiyyətin güc qurumları tərəfindən dağıdılıb. Etirazda iştirak edənlərdən tutulanlar da var. Onlardan birinin, Məhəmməd Tacdehinin adı məlum olub. Bundan başqa, Güney Azərbaycan futbolsevərləri Tehran hakimiyyətinin "Traktorqayırma"ya siyasi, irqi münasibət göstərməsinə etiraz olaraq, Beynəlxalq Futbol Federasiyasının prezidenti Cozef Blatterə şikayət məktubu ünvanlayıblar. Məktubda o da bildirilib ki, 2010-cu il iyulun 27-də Tehranın "Azadi" stadionunda "Traktorqayırma" ilə yerli "Persepolis" (indi "İstiqlal" adlanır) arasında cərəyan edən oyunun reportajında on minlərlə farsın ağzından səslənən təhqiredici, irqçi şüarlar İran televiziyasından açıq-aşkar eşidilib. "Oyundan dərhal sonra qəzetlərin yaydığı məlumatlarda isə Azərbaycan türklərinin təhqir edilməsi, onların həbs edilməsi, döyülmə və xəstəxanalara düşməsindən deyil, birbaşa məhkəmənin qərarlarının verilməsi haqda məlumatlar dərc edilib... Burası İrandır! Burada insanları cəzalandırandan sonra onun cinayətinin olub-olmaması yoxlanır... Hörmətli prezident! Biz, müraciəti imzalayanlar, İran İslam Respublikasının futbol üzrə superliqasında baş verən irqçi siyasətin aradan qaldırılması ilə bağlı bizə yardım etməyinizi istəyirik..." Məktubda irqçi davranışına görə, İranın futbol qurumuna qarşı uyğun tədbirlər görüləcəyinə inanılır. |