"Mədəni irsin qorunmasında müasir texnologiyanın böyük rolu var. Və kitabxanalar şəbəkəsində rəqəmsal daşıyıcılara köçürmə, kataloqlaşma kimi proseslər vacibdir. Biz artıq Milli Kitabxanamızla bərabər bir neçə layihə həyata keçirmişik. Dünyada tətbiq olunan texnologiyalar yeniləşir və biz də zamanla ayaqlaşmalıyıq. Təəssüflər olsan ki, bu gün kitabxana işində pərakəndəlik müşahidə olunur. Yevlaxda kitabxana şəbəkəsində olan proqram, misal üçün, Bərdədəki proqramla uzlaşa bilmir. Və biz hazırda artıq dünyada tətbiq olunmuş proqramları götürmüşük, onlar üzərində çalışırıq, çoxlu təşkilatlarla əlaqə saxlayırıq. Və biz bu işi bütünlüklə Milli Kitabxanaya bağışlayacağıq". Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən M.F.Axundov adına Milli Kitabxanada iri kitabxanalarımızın direktorları ilə görüşündə dedi. Görüşün əsas məqsədi yeni ideyaları ortaya çıxarmaq idi. Görüşdə Milli Kitabxananın direktoru Kərim Tahirov və bir sıra müasir texnologiyalar üzrə şirkətlərin nümayəndələri iştirak edirdilər.
Nazir daha sonra dedi:
"Bu yeni sistemi muzey işində reallaşdırmaq daha rahatdır, amma kitabxana tam başqa bir aləmdir. Bu gün Meqa, Sinam və Ultra şirkətləri sizə - kitabxanaların direktorlarına öz proqramlarını təqdim edəcəklər. Sözsüz ki, bu gün yeni avadanlıqla təminat gedir, amma dövlət büdcəsindən səmərəli istifadə etmək lazımdır. Biz milli irsimizi vahid bir sistemə daxil edirik və kitabxanalar bu sistemdən geri qalmamalıdır. Əgər biz bu şəbəkənin yaranmasına nail olsaq, dünyanın hər yerindən istifadəçi kitabxanaların veb saytına, şəbəkəyə daxil olduqda müəyyən bir vəsait keçirəcək. Heydər Əliyev Mərkəzində orada fəaliyyət göstərəcək sahələrin sırasında kitabxana olacaq. Və bu kitabxananın necə fəaliyyət göstərəcəyi üzərində xarici şirkətlər çalışır. Düşünürəm ki, bizim şəbəkəmiz nümunəvi olmalıdır".
Daha sonra Meqa, Sinam və Ultra şirkətləri "Azərbaycan Milli Elektron Kitabxanasının yaradılması layihəsi", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün kitabxanalarda tətbiq edilmiş sistemlər əsasında Vahid Elektron Kitabxana Sistemlərinin Təhlili" və "Kitabxana portalının hazırlanması" layihələri ilə çıxış etdilər.
|