çap et  
Şəhər susuzluqdan əziyyət çəkir
Şəhər susuzluqdan əziyyət çəkir
"Azərsu" isə sakinləri israfçılıqda günahlandırır
Şənbə, 07.08.2010

A.Əhmədova

Yeni Günəşlidəki "D" massivinin 17, 19, 20 və 21-ci yaşayış binalarının sakinləri artıq 15 gündür susuzluqdan əziyyət çəkirlər. 21-ci binanın sakinləri 15 gündən çoxdur ki, onlara yaxın ərazilərin heç birində su olmadığını deyirlər. Sakinlər müxtəlif qurumlara müraciət etdikdən sonra suyu 4-cü mərtəbəyə kimi verməyə başladılar. Yuxarı mərtəbələr isə yenə də susuz qalıb. Bu isə təzyiqin aşağı olması ilə əlaqələndirilir. Su idarəsi isə şikayətçiləri sakitləşdirməyə çalışır ki, yaxın günlərdə su əvvəlki qaydada veriləcək. Amma "yaxın günlərin" nə vaxt gələcəyi sualına konkret cavab verən yoxdur.

Sabunçu rayon Bakıxanov qəsəbəsiində Surxay Cabbarov küçəsi 1,2,3,4 saylı binaların sakinlərinə suyu iki gündən bir qısa müddətə verirlər. Su yoxluğundan əziyyət çəkən digər ərazi isə qonşu M.Fətəliyev küçəsinin sakinləridir. Sakinlər hər il yay aylarında su qıtlığından əziyyət çəkdiklərini deyirlər. Onlar may ayından etibarən su verilmədiyini bildirdilər. İçməli suya həsrət qalan sakinlər suyu pulla almağa məcbur olublar. Suyu pulla almağa hər bir sakinin maddi durumu imkan vermədiyi üçün vəziyyət daha da ağırlaşır.

Suraxanı rayonu, A.Rzayev küçəsinin sakinləri də bir aydan çoxdur ki, su üzünə həsrətdirlər. Sakinlər su kranlarının artıq pas atdığını deyirlər. Bir maşın suyun qiyməti isə 20 manatdır. Buna pul çatdırmaq olmur. Sakinlər dəfələrlə su idarəsinə müraciət etsələr də, heç bir nəticə əldə etməyiblər.

Fatmayi, Digah, Buzovna, Hövsan, Mehdiabad, Binəqədi sakinləri də susuzluqdan əziyyət çəkirlər. Sakinlər suyun verilmədiyi halda, onlardan su pulunun tələb edildiyini deyirlər. Bu siyahını xeyli uzatmaq olardı.

Yay aylarında Bakı şəhərində və Abşeron yarımadasında su problemə çevrilir. Yayın qızmar istisində sakinlər, yaşıllıqlar su üzünə həsrət qalır. Ölkədə güclü inkişafın getdiyini iddia edən məmurlar paytaxtda su kimi ciddi problemin mövcudluğuna göz yumurlar. Paytaxtın fasiləsiz su ilə təchizatını həyata keçirmək mümkün deyil. Halbuki dünyanın inkişaf etməkdə olan ölkələrinin nəinki paytaxtlarında, hətta 2-3-cü dərəcəli şəhərlərində də suyun fasilə ilə verilmə faktına artıq rast gəlmək olmaz. Bakı sakinləri isə suyun fasiləsiz deyil, heç olmasa gündə iki dəfə - səhər və axşam 1-2 saat verilməsini arzulayırlar. Suyun keyfiyyəti, bəzi günlərdə onun paslı gəlməsi isə tamam başqa mövzudur. Hələlik diqqət suyun yoxluğundadır.

Problem nədədir? Məlum faktdır ki, Cənubi Qafqazda ən az içməli su ehtiyatı Azərbaycandadır. Hazırda Bakı şəhərinə dörd mənbədən su gəlir. Amma yay aylarında Bakıda su qıtlığı yaşanır. Suyun fasiləsiz verilməsi halı çox nadir rast gəlinən günlərdən biri ola bilər.

"Azərsu" ASC-nin informasiya və ictimai əlaqələr şöbəsinin rəisi Aqşin Rüstəmov mətbuata açıqlamasında yaranmış içməli su probleminin əsas səbəbini sudan qeyri-səmərəli istifadə ilə əlaqələndirdi. Onun sözlərinə görə, başqa illərdən fərqli olaraq iyunun əvvəllərindən temperatur 30-35 dərəcəyə yüksəldi. Təbii olaraq, istilərin tez düşməsiylə bağlı suya tələbat birdən-birə xeyli artdı. Məhz bununla əlaqədar Bakının bir neçə qəsəbəsində içməli su qıtlığı yaranıb:

"Magistral xətt Bakı şəhərinin ətraf kəndlərindən, fərdi tikilən evlərin arasından, bağ massivlərindən keçir. Yolda su kəmərinə qanunsuz qoşulmalar çox olur. "Azərsu" ASC-nin müvafiq əməkdaşları qanunsuz su borularına qoşulanların xətlərini kəsir, üstündən bir saat keçməmiş onlar yenidən öz bildiklərini edirlər. Bu səbəbdən su qıtlığı yaranır. Digər ərazilərdə yaranmış problemlərin də əsas səbəbi israfçılıqdır".

Əhali susuzluqdan gileylənir, Aqşin Rüstəmov isə onları israfçılıqda günahlandırır:

"Dünyanın heç bir şəhərində içməli sudan ölkə ərazisindəki kimi qeyri-səmərəli istifadə olunmur. Problemin həlli vətəndaşların sudan qənaətlə istifadə etməsindədir. Biz bilməliyik ki, su Allahın nemətidir və ondan mütləq səmərəli istifadə etməliyik. Nə qədər içməli sudan səmərəsiz istifadə edəcəyiksə, bir o qədər problemimiz olacaq".

Su probleminin daşqınlarla, sellərlə əlaqəsinin olub-olmamasına gəlincə, qurum rəsmisi qeyd etdi ki, Kürdə və Ceyranbatanda baş təmizləyici qurğular var. Öyrəndik ki, Kür çayından götürülən su əvvəlcə zərərsizləşdirilir, sonra ötürülür baş təmizləyici qurğulara, orada üç təmizləyici mərhələdən keçir. Kimyəvi təmizləmə proseslərindən keçdikdən sonra bir daha təmizlənir və Bakıya ötürülür. Paytaxtın girişində, yəni Biləcəri qəsəbəsində içməli su bir daha zərərsizləşdirilir. Oradan su şəhərin iritutumlu su anbarlarına, su anbarlarından da məntəqələrə paylanır.

Adamlar su pulu vermir?

İçməli suyun ən çox mənzil daxilində itkilərə məruz qaldığını bildirən A.Rüstəmov abonentlərdən də gileyləndi:

"Bir problem də abonentlərin su pulu ödəmədiyidir. Keçən üç ay ərzində biz su haqqının 50 faizini yığa bilmişik. Abonentlərin yarısı su pulu verməkdən imtina edir, bu da böyük problemə gətirib çıxarır".

Su anbarlarının boş olmasına gəlincə, qurum rəsmisi bunun yalan olduğunu vurğuladı: "Şikayətçilər yaranmış problemlərə emosional olaraq fikir bildirirlər. Su anbarlarının boş olması tamamilə yanlış fikirdir".

Şikayətçilərin iradına cavab olaraq A.Rüstəmov dispetçer xidmətinin vətəndaşlarla kobud danışmasının həqiqətə uyğun olmadığını bildirdi:

"Bizim 24 saat ərzində fəaliyyət göstərən dispetçer xidmətimiz var. Günün istənilən saatında yaranan problemlərlə bağlı müraciət etmək mümkündür. Dispetçer xidmətinin şikayətçiləri eşitməməsi, yaxud məsələyə laqeyd qalması barədə deyilənlərin hamısı yalandır".

Belə çıxır, əhali yalan danışır

Əgər "Azərsu" rəsmisinin söylədiklərinə inansaq, insanlarla mehriban danışan dispetçerlərə əhali böhtan atır.

Aqşin Rüstəmov ümid verməyə çalışaraq bildirir ki, Oğuz-Qəbələ-Bakı içməli su kəməri çəkilir, tamamlanma işləri bu il başa çatacaq. İstismara verildikdən sonra mövcud içməli su problemi maksimum dərəcədə həllini tapacaq. Amma tamamilə yox. Ona görə də ölkə əhalisinin su ilə normal təchizatının təmin edilməsi məqsədilə istər dövlət tərəfindən, istərsə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən bütün lazımi işlər həyata keçirilməkdədir. Dünya Bankı Azərbaycanda həyata keçiriləcək "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi üçün kredit ayıracaq. Ayrılacaq kreditin çox hissəsini Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, qalan qismini isə Beynəlxalq İnkişaf Assosiasiyası verəcək. Bundan əlavə, "Azərsu" ASC Asiya İnkişaf Bankı, Almaniyanın bir bankı, habelə Dünya Bankı ilə saziş imzalayıb. Yaponiyanın beynəlxalq əməkdaşlıq və islam inkişaf bankları ilə də danışıqlar aparılır.

Bu işə dövlətdən ayrılan vəsaitlərin həcmi də az deyil. Neft Fondu Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəməri üçün vəsait ayırıb. Müvafiq strukturlar iddia edirlər ki, bütün tədbirlər həyata keçirildikdən sonra respublika əhalisinin su təchizatında heç bir problem qalmayacaq.

Ümid edirik ki, beynəlxalq qurumların və dövlətin su problemini həll etmək üçün xərclədiyi pullar bəhrəsini verəcək. Ən əsası, səmərəsini verəcək.