"İstəyərdim ki, şəxsi avtomobilim olsun, amma yoxdur. Özüm də ailəmlə birlikdə 8-ci km-də şəxsi evimdə yaşayıram. Övladlarım hökumət işində işləmirlər. Düşünürəm ki, yaşamaq üçün bir hədd olmalıdır. İstəyirəm ki, hamı eyni həddə olsun. Yəni hər bir şey bütövlükdə götürəndə müqayisə oluna bilsin. Ancaq təqaüdçü 80 manat alırsa, hər kəsin yüksək yaşadığını düşünmək olmaz. İnsanların belə vəziyyətində kimsə cah-calal nümayiş etdirirsə, bu doğru deyil".
Bu sözləri Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə jurnalistlərlə görüşündə bildirib. Komitə sədri son illər ölkə iqtisadiyyatının inkişafında dinamikanın müşahidə olunduğunu bildirsə də, hələlik əhalinin bütün qruplarının yüksək həyat şəraitində yaşadığını söyləməyin mümkünsüz olduğunu deyib.
Arif Rəhimzadə cəmiyyətdəki səliqəsizlikdən də şikayətlənib. Onun sözlərinə görə, insanlar öz qonşularının, ətrafda yaşayanların hüquqlarına hörmətlə yanaşmalı, ictimai qaydalara riayət etməlidirlər. Parlament sədrinin sabiq I müavini vaxtilə bu vəzifədən öz istəyi ilə getdiyini də açıqlayıb:
"Parlament rəhbərliyinin dəyişdiyini, gəncləşmə getdiyini gördüm və fikirləşdim ki, mən də yerimi gəncliyə verməliyəm. Bundan sonra da komitə sədri kimi fəaliyyətimi davam etdirmək fikrindəyəm. Hesab edirəm ki, parlamentin hazırkı rəhbərliyi öz yerindədir və uğurla fəaliyyət göstərir".
A.Rəhimzadə Bakı şəhərinə mer seçkilərinin keçirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, indiki şəraitdə Bakı merinə seçki keçirmək mümkün deyil:
"Bunun üçün vaxt lazımdır. Bakının rayonlarında mülkiyyətlər arasında qarışıqlıq var. Əvvəlcə bu qarışıqlıq müəyyənləşməlidir. Mer seçildiyi halda dövlətin meriyanın ərazisində təsiri məhdudlaşacaq. Bu prosesdən əvvəl isə Bakı ərazisində yerləşən böyük müəssisələr özəlləşdirilməlidir. Yalnız bundan sonra proses baş tuta bilər".
Komitə sədri bələdiyyələrin fəaliyyətindən də danışıb. Onun sözlərinə görə, hazırda 1708 bələdiyyənin 16 mindən artıq üzvü var:
"Onların 10 mindən artığı ali təhsillidir. Bu, önəmli məsələdir. Hazırda bələdiyyələr onlara verilən səlahiyyətləri icra edə bilmirlər. Bu bir tərəfdən də cəmiyyətdəki vəziyyətlə əlaqədardır. Ancaq ölkədə inkişaf etmiş, nümunəvi bələdiyyələr də var".
A.Rəhimzadə son vaxtlar rayonların adının dəyişdirilməsinə də toxunub: "Bu məsələlərə yerli əhalinin müraciətindən sonra baxılır. Hansı ərazi ilə bağlı müraciət olsa, biz məsələyə baxmağa hazırıq".
Komitə sədri əhalinin soyadlarının dəyişdirilməsi ilə bağlı məsələyə də toxunaraq bu sahədə inzibatçılığın tərəfdarı olmadığını diqqətə çatdırıb.
A.Rəhimzadə son olaraq dünən axşam seyr etdiyi "Qarabağ" - "Visla" matçından da danışıb: "Qarabağ"ın oyununa böyük ləzzətlə baxdım. Bu qələbə ermənilər üçün növbəti zərbə oldu. Hesab edirəm ki, belə qələbələr bizi böyük qələbəyə daha çox yaxınlaşdırır".
|