Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrində Kür çayı üzərindəki körpü uçub. Bu barədə APA-nın Mil-Muğan bürosuna 34 saylı yol istismar idarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, bu gün səhər körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Hazırda 34 saylı yol istismar idarəsi tərəfindən körpüdə təmir-bərpa işləri aparılır. Uçmuş 20 kvadratmetr hissənin bərpası üçün yeni beton plitələr gətirilib. Rəis müavini beton plitələrin bu gün axşam saatlarına qədər quraşdırılıb başa çatdırılmasının nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi də Sabirabad istiqamətində hərəkət edən sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Şirvan-Sabirabad yolundakı Kür çayı üzərindən keçən körpüdə təmir işlərinin aparılması ilə əlaqədar bu gün saat 10:00-dan 15:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Sürücülərdən xahiş olunur ki, Sabirabad rayonu istiqamətinə getmək üçün Hacıqabul-Padarçöl yolundan, İmişli və Saatlı rayonlarına getmək üçün isə Salyan-Biləsuvar yolundan istifadə etsinlər.
Onu da qeyd edək ki, Bayramlı qəsəbəsinin Dadaşbəyli kəndi ərazisində yerləşən körpü may ayının 7-də Kürün daşması zamanı da ciddi ziyan çəkmişdi. Belə ki, cəmi 7 ton çəkiyə hesablanmış körpünün üzərindən ağır tonajlı texnika, iri beton və daş parçaları ilə yüklənmiş "Kamaz"lar və sair nəqliyyat vasitələri keçirilirdi. Körpünün bu şəkildə istismar olunması onu qəza vəziyyətinə salmışdı.
|