Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Aysu Qida Sənaye Ltd." MMC-də istehsal edilmiş və 0,2 litrlik plastik stəkanlara qablaşdırılmış "Fruks" seriyalı portağallı sərinləşdirici içkilərin etiketində istehsal və son istifadə tarixlərinin göstərilmədiyini aşkarlayıb. Bu barədə "APA-Economics"ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar olaraq, Abşeron rayonu, Sumqayıt şosesi 13-cü km-də yerləşən müəssisədə aparılan yoxlamalar zamanı limonadların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, bəzi limonadların və təbii bulaq suyunun etiketlərində onların qazlı suya aid AZ 009-94-ə uyğun istehsal edildiyinin göstərildiyi, kvasların qapaqlarında lazer vasitəsi ilə vurulmuş istehsal və son istifadə tarixlərinə əsasən, saxlama müddəti 6 ay olduğu halda, məhsulun etiketində saxlama müddətinin 12 ay göstərildiyi, "Fruks" seriyalı sərinləşdirici içkilərin etiketlərində istehsal və son istifadə tarixinin göstərilmədiyi məlum olub. Bundan başqa, qablaşdırılmış günəbaxan tumlarının üzərinə lazer vasitəsi ilə vurulmuş istehsal və son istifadə tarixinə əsasən, saxlama müddəti 6 ay olduğu halda, etiketlərində saxlama müddətinin 12 ay göstərildiyi və məhsulun hansı normativ sənədin tələblərinə uyğun istehsal edildiyinin göstərilmədiyi aşkar olunub.
Müəssisədə istehsal olunan "Fruks" seriyalı sərinləşdirici içkilərin, qablaşdırılan noxud və noxud ləpəsinin, unun, qara və qırmızı mərcinin, düyünün, şəkər tozunun, lobyanın uyğunluq və gigiyenik sertifikatları, günəbaxan tumlarının uyğunluq sertifikatı, limonadların isə gigiyenik sertifikatının olmadığı aşkarlanıb.
"Aysu Qida Sənaye Ltd." MMC-nin anbarında mənşəyi məlum olmayan meyvə cemləri və limonad istehsalında xammal kimi istifadə olunan saxlama müddəti ötmüş aromatlaşdırıcılar da aşkar edilib. Hazır məhsulun anbarda saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi və istehsal olunan sərinləşdirici içkilərin qablaşdırılmasında istifadə olunan polietilen butulkaların istehsal üçün uyğunluq sertifikatının olmadığı üzə çıxarılıb.
Müəssisənin anbardakı məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.
|