Bu ilin 6 ayı ərzində Azərbaycanda 11375 cinayət qeydə alınıb. Bu barədə daxili işlər nazirinin müavini Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında məruzəsində bildirib ("Turan").
Vilayət Eyvazovun gətirdiyi rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hədə-qorxu ilə pul tələb etmə 33,3 faiz, soyğunçuluq 26,3 faiz, quldurluq 14,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 2,3 faiz, zorlama isə 2,6 dəfə azalıb:
"Hesabat dövründə adam oğurluğu cinayəti qeydə alınmayıb. Cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 87,3 faiz təşkil edib. Bağlı qalan cinayətlərin sayı isə 164 fakt azalıb".
Vilayət Eyvazovun sözlərinə görə, Azərbaycanın daxili işlər orqanları tərəfindən yerli və dövlətlərarası axtarışda olan 1134 nəfər tutulub. Tutulanlardan 68 nəfəri MDB və digər xarici ölkələrdə gizlənmiş şəxslər olub. İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 45 nəfərin və İnterpol xətti ilə digər üzv ölkələrdə axtarılan 21 şəxsin yeri müəyyən edilib.
Bununla belə, Eyvazov qeyd edib ki, əllərdə qanunsuz saxlanılan 664 odlu silah və 50 minə yaxın patron götürülüb, bu növ cinayətlərə görə 38 nəfər məsuliyyətə cəlb olunub. Qeyri-leqal dövriyyədən ümumi məbləği 303 min manat təşkil edən 4011 ədəd saxta əsginaz çıxarılıb.
İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə əlaqədar 11 cinayət müəyyən edilərək, 57 tondan çox istifadə müddəti ötmüş müxtəlif ərzaq məhsulları, saxta tikinti materialları, 1200 ədəd kontrafakt içki çıxarılıb, 4 gizli istehsal müəssisəsi aşkar edilib.
Həmçinin qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 63,5 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Həyata keçirilən əməliyyat-profilaktiki tədbirlərlə ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.
İnsan alverinin qarşısının alınması və aradan qaldırılması ilə bağlı görülmüş önləyici tədbirlərlə bağlı da məlumat verilib. Nazir müavini qeyd edib ki, 57 cinayət faktı aşkarlanaraq, 21 nəfər məsuliyyətə cəlb olunub, bu hüquqazidd əməllərin qurbanı olan 27 şəxs müəyyən olunub.
"Yol hərəkətinə nəzarət prosesində 417 min 639 qayda pozuntusu aşkarlanıb. Belə ki, bu ilin birinci yarısında yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,5 faiz azalıb. Müvafiq inzibati xətalara görə 45 715 sürücü yerində cərimələnib, 1 400 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 408 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülüb.
|