çap et  
İranın dollar və avro hesabı dondurularsa...
Ərəb dirhəmini qəbul edəcəklər
Şənbə, 31.07.2010

S.Sədrəddin

Sanksiyalar ölkə maliyyəsinə problemlər yaradıb. Bir müddət öncə İran ərəb dövlətlərinin valyutası ilə ticarət etməyə hazır olduğunu bəyan etdi. Dəqiq deyilsə, ölkə rəhbərliyi xarici bazarda satdığı neftin pulunu Birləşmiş Ərəb Əmirliyinin dirhəmi ilə ödənilməsinə etiraz etmir.

Sanksiyadan sonra Tehran ehtiyat edir ki, Avropadakı İran banklarının fəaliyyətinə məhdudiyyət qoyulacaq, yaxud qapadılacaqdır. Ölkə rəsmiləri isə əmirliyin valyutasına keçidi "dollar və avronun mövqeyinin zəiflədiyi" ilə əlaqələndirir. BƏƏ isə bu məsələyə şərh verməyib.

Beynəlxalq ticarət üzrə mütəxəssislər İran hakimiyyətinin bu ideyasını "cəfəngiyat" sayırlar. Onlardan biri "Röyter"ə müsahibəsində deyir:

"Beynəlxalq ticarəti gerçəkləşdirmək üçün beynəlxalq səviyyəli valyuta lazımdır. Dirhəm bölgə pulu olduğundan ondan istifadə də məhduddur. Hansı ticarət əməliyyatını dirhəmlə aparmaq olar? Aparsanız belə onu sonradan yenə dollara dəyişəcəksiniz".

"İRNA"ya istinadən məlumata əsasən, ölkə prezidentinin müavini Məhəmmədrza Rəhimi BMT-nin ticarət və inkişaf konfransından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, İslam Respublikası bir çox dövlətlərlə iqtisadiyyat və ticarət sahəsində çoxsaylı müqavilələr imzalayıb. Onun sözlərinə görə, İran neft satışında bütün valyutalardan istifadə edəcək.

Təhlilçilərin qənaətincə, İran hakimiyyəti tətbiq edilən sanksiyaya görə xarici banklardakı hesabındakı dollar və avrounun dondurulacağından ehtiyatlanır.

Xatırladaq ki, hələ bir neçə il öncə Tehran hakimiyyəti özünə uyğun saydığı hakimiyyətlərə məsləhət görürdü ki, dollarla vidalaşsınlar.

Yaranmış ağır maliyyə durumunda İran Mərkəzi Bankı "yeni iqtisadi strategiya" gerçəkləşdirməyə başlayıb. Yəni milli ehtiyat fondundakı 45 milyard avronu dollara və qızıla çevirmək planlaşdırılır.

Tehranda çıxan "Cami-Cəm" qəzeti bildirib ki, Mərkəzi Bank bu maliyyə əməliyyatını üç mərhələdə gerçəkləşdirməlidir. Onun birinci mərhələsi artıq başlayıb, bu məqsədlə bank 15 milyard avronu əvəzləməyə hazırlaşır. Bu proses sentyabrın 22-nə qədər başa çatmalıdır.

Hələ 2009-cu ilin payızında İran Mərkəzi Bankı ehtiyat fondunda dolların çəkisini azaldırdı. "SIA World Fastbook" xəbər vermişdi ki, 2009-cu ildə İslam Respublikasının beynəlxalq ehtiyatı 81,31 milyard dollar təşkil edib. Bu vəziyyətinə görə İran dünyada 14-cü yerdə dururdu.

"PressTV"nin bildirdiyinə əsasən, körfəz dövlətləri də öz valyuta ehtiyatlarını dollar və qızıla çevirməyi qərara alıb.

Yeri gəlmişkən, İran prezidenti Mahmud Əhmədinejad bir neçə il öncə ölkənin valyuta ehtiyatının bütövlükdə avroya çevrilməsini təklif edirdi. Ötən il İran əməliyyatların tamamilə avroya keçdiyini bəyan etdi. Bu isə onun hökumətinin maliyyə proqramının iflası kimi dəyərləndirilir.