İsrailin İranı bombalayacağı barədə ehtimallar güclənir. Amerika mediası yazır ki, Təl-Əviv İranın nüvə proqramının hərbi yolla həlli ilə bağlı lobbiçilik fəaliyyətini artırıb. Məsələn, bu haqda "Taym" dərgisində "İrana zərbə: Plan yenidən masa üstündə" başlıqlı məqalədə çap olunub.
Yazının müəllifi Co Klayn məqaləsində iddia edib ki, Amerika hərbi komandanlığı "Centcom" bölgəsində son aylar "İrana havadan hücum planında irəliləyişə nail olublar".
Planın sürətlənməsinə səbəb "İran ərazisində çalışan agentlərin topladığı kəşfiyyat məlumatlarının keyfiyyətinin yaxşılaşmasıdır". Müəllifə görə, İranın atom-nüvə proqramı ilə bağlı sonuncu qətnamənin "işləyəcəyinə" İsrailin inamının azlığı, eləcə də Tehranın bu proqramının "gerçək hərbi təhlükə yaratdığı" haqda onun əlavə sanksiyalar tələb etməsi antiiran yöndə fəaliyyətin güclənməsinə təkan verir.
İctimai rəy də bu yöndə dəyişməkdədir. Məsələn, "Investor's Business Daily" nəşrinin sifarişi ilə ABŞ vətəndaşları arasında sorğu keçirilib. Onun nəticələrinə əsasən, ABŞ vətəndaşları İranın nüvə obyektlərinə İsrailin havadan zərbə endirməsini dəstəkləyir...
"İranın atom bombası əldəetmə cəhdinin qarşısını almaq məqsədi ilə İsrailin hərbi zərbə endirməsini dəstəkləyirmisiniz?" sualını respondentlərin 56 faizi müsbət qarşılayıb, 30 faiz hadisələrin bu yöndə inkişafına qarşı çıxır, 14 faiz isə bu barədə bir söz deyə bilmir.
Partiyalar rakursundan: Demokratlar Partiyasından rəyi soruşulanların 43 faizi güc tətbiqini dəstəkləyir, 40 faizi əleyhinədir, 17 faiz tərəddüd edir. Respublikaçı respondentlər isə daha sərtdir: 74 faiz hərbi əməliyyatın lehinə, 9 faiz əleyhinə, 17 faiz - tərəfsiz.
Sorğunu keçirmiş TIPP İnstitutu başqa dövlətlərin sakinləri arasında da "Hansı daha vacibdir - İranı nüvə silahından məhrum etmək, yaxud hərbi əməliyyatların qarşısının alınması" sualı əsasında sorğu keçirib.
Nigeriyadan olan respondentlərin 71 faizi "İranı istənilən yolla dayandırmağa" səs verib, 19 faiz isə "nəyin bahasına olursa-olsun, sülh" istəyir. Uyğun olaraq, ABŞ-da göstərici belədir - ABŞ 66 faiz, 24 faiz; Misirdə 55 faiz, 16 faiz; Polşada 54 faiz, 25 faiz; Braziliyada 54 faiz, 33 faiz; İordaniyada 53 faiz, 20 faiz; İngiltərədə 48 faiz, 37 faiz; Livanda 44 faiz, 37 faiz; Rusiyada 32 faiz, 32 faiz. Yaponiya, Çin, Pakistan və Argentinadan olan rəyçilər isə bundan az səs veriblər.
Bütün bunların qarşılığında İran rəhbərliyi təlaşlı deyil. Parlament ölkənin "dinc məqsədli nüvə proqramı" ilə bağlı ABŞ və İngiltərənin "anlaşmasına" qarşı mübarizə planını təsdiqləyib. 171 deputat həmin qanun layihəsinin lehinə, 3-ü isə əleyhinə səs verib. Bu qanuna əsasən, İran dinc məqsədli atom proqramını davam etdirəcək. Uranı 20 faiz səviyyəsində zənginləşdirəcək.
Söz güləşdirmə
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş baş direktoru Maykl Heyden deyir ki, İrana qarşı hərbi əməliyyatlara başlanmağı "əvvəlki illərlə müqayisədə indi daha çox əsaslandırmaq olar". Onun sözlərinə görə, ABŞ-ın və başqa dövlətlərin diplomatik cəhdlərinə baxmayaraq, Tehran şübhəli nüvə proqramını fəal surətdə davam etdirir. Maykl Heyden kiçik Corc Buşun hakimyyəti illərdə MKİ-nin direktoru idi və İrana bələddir. CNN-nin "State of the Unionь verilişinə müsahibəsində keçmiş kəşfiyyat şefi deyib: "Mənə elə gəlir ki, nüvə silahı əldə etməyə İran çox yaxındır. Belə bir şəraitdə İranın nüvə obyektlərinə ABŞ ordusunun zərbələr endirməsi az ziyan verəcək".
İranın müdafiə naziri Əhməd Vahidi isə istənilən hərbi hücuma qarşı duruş gətirəcəklərini bəyan edir. İran televiziyası İsrailin İslam Respublikasına endirəcəyi istənilən hərbi zərbəni Respublikaçılar Partiyasının Konqresdəki təmsilçilərinin dəstəkləyəcəyi haqda xəbər yayıb.
Tehran özünə inamlıdır
Tehran rəsmilərinin bəyanatına görə, respublikaçıların bu planlarından narahat deyillər. Ə.Vahidinin qənaətincə, belə məlumatlar Orta Şərqdə ABŞ-ın gərginliyi saxlaması üçün apardığı təbliğat kampaniyasının tərkib hissəsidir. "ABŞ və İsrail İranın hərbi gücündən xəbərsizdir", - deyə nazir iddia edir.
İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, general-mayor Murtəza Səfəri isə bəyan edib ki, hərbi münaqişə baş verəcəyi halda, İslam Respublikası ABŞ-ın körfəzdəki hərbi gəmilərinin hər birinə qarşı yüz gəmi çıxaracaq. Əlavə edib ki, hazırda körfəzdə xarici dövlətlərə aid yüz gəmi üzür. "Orada İran Hərbi Dəniz Donanmasının sürətli və manevr qabiliyyəti olan çoxlu sayda kateri mövcuddur", - deyə general-mayor söyləyib.
Son günlər İran rəsmilərinin atom-nüvə proqrammı ilə bağlı bəyanatları MKİ-nin keçmiş baş direktoru Maykl Heyden və Rusiya prezidenti Dmitri Medvedyev "İran nüvə silahına çox yaxındır" qənaətini təsdiqləyir. İran Atom Enerjisi Təşkilatının başçısı Əliəkbər Salehi ötən gün deyib ki, Tehran nüvə sintezi yönündə fəaliyyəti sürətləndirmək niyyətindədir və proqramın maliyyələşdirilməsi üçün xüsusi fond yaradacaq. Onun sözlərinə görə, İran bu sahədə uzun illərdir araşdırma aparır: "Bundan sonra fəaliyyətimiz daha ciddi əsaslarla davam edəcək".
Tərəflərin bəyanatlarına əsasən belə ehtimal etmək olar ki, İran hakimiyyəti sanksiyalara məhəl qoymamaq, danışıqları uzatmaqla deyəsən doğrudan da nüvə bombası əldə etməyə yaxındır. Elə məsələ ətrafında 2005-ci ildən bəri mənasız və nəticəsiz danışıqlar da bu ehtimalı təsdiqləyə bilər. Həmin ilin mayında Tehran Qərblə danışıqları o ilin yayında keçirilən prezident seçkisindən sonraya saxlamağı təklif etmişdi. Həmin il Mahmud Əhmədinejad prezident oldu. O vaxtdan indiyədək dünya ictimaiyyətinə İranın atom-nüvə proqramı ilə bağlı irəliləyiş bəlli deyil.
|