Milli Qəhrəman, gizir Mübariz İbrahimovun həlak olmasından 40 gün keçməsinə baxmayaraq, hələ də düşmən onun meyitini qaytarmır. Beynəlxalq təşkilatların səyləri hələlik heç bir nəticə vermir. "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova məsələ ilə bağlı "Ayna"ya açıqlamasında bildirib ki, danışıqların fayda vermədiyinə əsas səbəb işğalçı Ermənistanın antihumanist davranışıdır.
E.Orucova bildirib ki, II Dünya Müharibəsindən sonra faşist Almaniyasının bəşəriyyətə qarşı törətdiyi qeyri-insani hərəkətlərdən sonra bu halların bir daha təkrarlanmaması üçün BMT-nin diqqət mərkəzində olan doktrinalarından ən başlıcası - "müharibə hüququ" və ya "silahlı münaqişə hüququ" adlanan humanitar hüquq qəbul olunub:
"Lakin Ermənistan dövlətinin müharibə edən tərəf kimi beynəlxalq humanitar hüququn (müharibə hüququnun) əsas mənbələrindən olan Hərbi Əsirlərlə rəftar haqqında 12 avqust 1949-cu il tarixli Konvensiyalarının və Onlara əlavə Protokolları ratifikasiya etməyinə baxmayaraq, öz əməllərində xalqımıza qarşı yürütdüyü kin və nifrəti bu gün də nümayiş etdirir. Bu gün işğalçı dövlət siyasəti yürüdən Ermənistan humanitar hüquqla bağlı məsələləri öz cinayətkar və çirkin siyasətinə məxsus tərzdə tənzimlədiyi səbəbindən və dünya ictimaiyyətinin və qədim demoktratik dəyərlərə mənsub olan dövlətlərin həqiqəti dərindən bildiklərindən, kimin işğalçı, kimin işğala məruz qalan olduğunu bilib, susduqları səbəblərindəndir ki, Mübariz İbrahimovun cəsədinin qaytarılması istiqamətində aparılan danışıqlar hələ də fayda vermir".
E.Orucova bildirib ki, cəsədlərdən, əsirlərdən qisas almaq ermənilərə xas olan davranışdır:
"Ermənilər Mübarizlə yanaşı, I Qarabağ müharibəsi zamanı əsir götürdükləri azərbaycanlıları 18 ildən bəridir ki, qaytarmaqdan imtina edir. Qarşı tərəfdə olduğunu inkar etdikləri Azərbaycan oğullarını qaytarmamaqda nəyə nail olmaq istədikləri hamımıza bəllidir. M.İbrahimovun meyitini saxlamaqla onlar Azərbaycan əsgərinin nəinki özündən, hətta meyitindən belə qorxduqlarını, meyitdən qisas aldıqlarını göstərirlər. Bu da bir daha Ermənistan rəsmilərinin - prezidentinin, müdafiə nazirinin, əsirlərlə əlaqədar Dövlət Komissiyası sədrinin və digərlərinin əxlaqını və mənəviyyatını nümayiş etdirir. Ümumiyyətlə, meyitdən hayıf çıxmaq, onu spekulyasiya obyektinə çevirmək hər bir dinə, ermənilərin üzdə tapındıqları xristian dininə də ziddir. I Qarabağ müharibəsi zamanı əsir və girov götürülüb, sonradan azad edilmiş soydaşlarımızın qarşı tərəfdə başlarına gətirilən, nəinki beynəlxalq hüquq normalarına, hətta adi insaniyyət normalarına sığmayan hərəkətlərini xatırlamaq istərdim".
Birlik sədrinin sözlərinə görə, dövlət rəsmiləri, o cümlədən İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova da həlak olmuş əsgərin cəsədinin bu günədək Azərbaycan tərəfinə qaytarılmaması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerə məktubla müraciət edib.
Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin fəaliyyətindən gileylənən E.Orucova bildirib ki, bu gün əsir və girovların qaytarılması sahəsində cavabdehlik daşıyan sözügedən beynəlxalq təşkilatlar təəssüf ki, I və II Dünya Müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə məşğul olurlar:
"Yəni beynəlxalq səviyyədə bu işlə məşğul olan yeganə humanitar təşkilatın - BQXK-nın mövqeyi artıq neçə illərdir bizə bəllidir. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, hər dəfə hərbi xidmətə çağırılmış gənclərimiz əsir və ya sərhədyanı ərazilərin dinc sakinləri girov götürülən zaman BQXK-nın yalnız yazılan məktublara senzura tətbiq edən poçtalyonluq missiyası həyata keçirdiyinin şahidi olmuşuq. Əgər BQXK I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş 100 nəfər Azərbaycan vətəndaşı olan hərbçinin siyahısını bizə təqdim edib, özlərini bu günə kimi qarşı tərəfdən tələb etməyibsə, biz onlardan heç nə gözləyə bilmərik. Arabir KİV-ə hesabat yayan zaman azad edilmiş erməni əsirlərinin sayını azərbaycanlı əsirlərin sayına əlavə edərək şişirdilmiş rəqəmlərlə fəaliyyətlərini qabartmaq istəyirlər. Nəhayət, keçən il İtkinlər Günündə şou təşkil edərək böyük ümidlərlə bölgələrdən və Bakı şəhərindən dəvət etdikləri, illərdən bəri həsrətlə əzizlərinin yolunu gözləyən əsir-itkin ailələrinin başına açdıqları oyunu yəqin ki, xatırlayırsınız".
Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bu məsələyə münasibətinə açıqlama verən E.Orucova bildirib ki, yerli ictimai birliklərin Ermənistanın müvafiq QHT-ləri ilə əlaqəsi olmadığından belə hallarda vasitəçi kimi iştirak edə bilmirlər:
"Lakin illərdən bəri Ermənistanın QHT-ləri ilə beynəxalq səviyyədə layihələr həyata keçirərək Ermənistan türmələrini gəzib orada azərbaycanlıların əsir saxlanmadığını iddia edən bəzi Azərbaycan QHT-ləri bu gün susurlar. Bu işlə qanunvericiliyə görə, yalnız dövlət səviyyəsində məşğul olunmalıdır. Lakin cəmiyyət də bu işdə dövlətə öz yardımını əsirgəməməlidir. Xüsusilə də biz - vətəndaş cəmiyyəti nümayəndələri hamımızın şərəf və qeyrət işimiz olan Mübarizin cəsədinin Vətənə qaytarılmasını gündəmdə saxlamalı və ictiamiləşdirməliyik".
P.S. Xatırladaq ki, 2008-ci ildə Qazax rayonunun Bala-Cəfərli kəndində ermənilər tərəfindən əsir götürülən və üçüncü ölkəyə göndərilən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Samir Məmmədovun ailəsinə yazdığı 5 məktubun hər birinin saxta olduğu və 3 əlifbadan istifadə olunduğu müəyyən olunmuşdu. Amma buna baxmayaraq, erməni xüsusi xidmət orqanlarının əməllərini gizlətməyə çalışan BQXK nümayəndələri ailəni və ictimaiyyəti inandırmağa çalışırdılar ki, S.Məmmədov həmin məktubları onların əməkdaşlarının iştirakı ilə yazıb...
|