Avqustun 3-də ABŞ Senatında bu ölkənin müxtəlif ölkələrdə 21 səfirinin namizədliyi üzrə səsvermə təyin olunub. Həmin şəxslərin sırasında Azərbaycana səfir təsdiqlənməli olan Metyu Brayzanın adı yoxdur. Lakin onun adı siyahıya son məqamda daxil edilə bilər. Bu onunla əlaqədardır ki, hələlik Brayza Senatda dinləmələr zamanı ona verilən sualların hamısını cavablandırmayıb. Bu barədə "Turan"ın Vaşinqton müxbirinə Senatdakı məlumatlı mənbə bildirib.
Ümumilikdə, bir qrup senatorun Brayzanın təyinatına mənfi münasibəti davam edir və hazırda maraqlı tərəflər bu məsələyə dair fəal danışıqlar və məsləhətləşmələr aparır. Vəziyyət erməni diasporunun fəal antitəbliğatı ilə mürəkkəbləşir. Erməni diasporu Brayzanın təyinatını hər vəchlə pozmağa çalışır. Eyni zamanda ermənilər Rikkiardonenin ABŞ-ın Türkiyə səfiri təyin olunmasını pozmaq niyyətindədir.
Tanınmış şərhçi Sibel Edmondsun İnternet məqaləsi Brayzaya qarşı antitəbliğata misal ola bilər. Qeyd edək ki, bu siyasi şərhçi Bakıda anadan olub, onun atası isə əslən Cənubi Azərbaycandandır. Uzun müddət Türkiyədə yaşadıqdan sonra ABŞ-a gedib. Məqalə ilə bu ünvanda tanış olmaq olar: http://www.boilingfrogspost.jom/2010/07/27/obama-appoints -a-not-too-long-agohatjhed-neojon-larva/
Məqalədə Brayzanın şəxsi həyatından faktlar göstərilir, onun diplomatik fəaliyyəti tənqid olunur.
Xatırladaq ki, prezident Obama mayda ATƏT Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın təyinatını açıqlayıb. İyulun 22-də Brayza Senat komissiyasında dinləmələrdə iştirak edib. Erməni diasporu Brayzanı Azərbaycan hakimiyyətinə yaxın münasibətdə ittiham edərək onun namizədliyinin əleyhinə çıxır. Hətta Brayzanın toyunda Azərbaycanın yüksək vəzifəli məmurlarının iştirak etməsi və guya, bu toya milyonlarla vəsait xərcləndiyi barədə iddialar hallandırılır.
|