102 saylı baza təhlükəyə çevrilir
 |
Ermənistan və Rusiya Azərbaycanın təhlükəsizliyinə zidd sənəd imzalayır
Şənbə, 31.07.2010
|
|
Rusiya və Ermənistan Rusiyanın Ermənistan ərazisindəki 102 saylı hərbi bazası haqqında müqavilədə dəyişikliklərin olması barədə protokol imzalayacaqlar. Bu barədə rus və erməni saytları məlumat yayıb. Protokol layihəsinə görə, baza haqqında müqaviləyə "Rusiyanın Ermənistan ərazisindəki hərbi bazası Rusiya Federasiyasının maraqlarının müdafiəsi funksiyasını gerçəkləşdirməkdən başqa, Ermənistan silahlı qüvvələri ilə birgə bu respublikanın təhlükəsizliyini təmin edir" dəyişikliyi ediləcək.
"Göstərilən məqsədlərə nail olunması üçün RF Ermənistanın müasir və müvafiq silahlarla, hərbi (xüsusi) texnika ilə təchiz olunmasına dəstək göstərir", - deyə protokol layihəsində bildirilir. Sənədə görə, "Rusiya hərbi bazasının hərbi birləşmələrinin tətbiqi tərəflərin qarşılıqlı razılaşması, 15 may 1992-ci ildə imzalanmış Kollektiv Təhlükəsizliyə dair Müqavilə, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci ildə RF və Ermənistan arasında imzalanmış müqaviləyə və tərəflərin qanunvericilik aktları əsasında gerçəkləşir". Xatırladaq ki, 1997-ci ildə imzalanmış müqavilə 25 illik hərbi yardım göstərmə planını nəzərdə tuturdu.
Bununla yanaşı, yeni protokol layihəsində 26-cı maddənin aşağıdakı redaksiyada verilməsi təklif edilir: "Müqavilə 49 il ərzində qüvvədədir və tərəflərdən hansısa əvvəlcədən (6 ay əvvəl) yazılı şəkildə etiraz məlumatı verməsə, ardıcıl olaraq növbəti 5 illik dövrlərlə uzadılır".
Xatırladaq ki, 2005-ci ilin dekabrında Rusiya və Ermənistan arasında bir neçə ikitərəfli sənədin imzalanmasından sonra bu ölkədə Rusiya bazasının fəaliyyətinin genişləndirildiyi bəyan edildi. Sənədlərə görə, Ermənistan 102 saylı bazaya torpaq sahələri və daşınmaz əmlak verdi. Rusiyanın Qafqazdakı hərbi qruplaşmasına tabe olan bu baza müxtəlif zenit-raket kompleksləri və MiQ-29 qırıcıları (20 ədəd) və bombardmançı təyyarələrlə təchiz olunub. Şəxsi heyətin sayı 5 minə yaxındır. Adıçəkilən bazada hava hücumundan müdafiə üzrə 2 alay fəaliyyət göstərir. SA-8, "Kruq", "S-75", S-125, S-300 tipli model və modifikasiyalara malik zenit qurğular bu alayların cəbbəxanasındadır.
Bu baza MDB Hava Hücumundan Müdafıiə üzrə Birgə Sistem çərçivəsində döyüş növbətçiliyi aparır.
Sənəd layihəsində qeyd olunan üç məqam Azərbaycanın təhlükəsizliyi ilə bağlı vəziyyətə birbaşa təsir göstərir:
- birincisi, Rusiyanın Ermənistandakı hərbi bazası rəsmən Ermənistanın müdafiəçisi kimi çıxış edəcək,
- ikincisi, Rusiya Ermənistan ordusunun müasir silah və hərbi texnika ilə təchiz olunmasına dəstək göstərəcək,
- üçüncüsü, Rusiya hərbi bazası Ermənistan ərazisində ən azı 49 il qalacaq.
Nəzərə alınmalıdır ki, bu günə qədər Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı olması ilə bağlı iki sənəd ortada idi. Birincisi, KTMT haqqında imzalanan sənəd, ikincisi isə Ermənistanın Hərbi Doktrinasının bir sıra müddəaları.
KTMT haqqında sənəddə müqaviləni imzalayan ölkələrdən hansı birinəsə xarici təcavüz olduqda onun birgə hərbi müdafiəsinə dair xüsusi müddəalar əksini tapıb. Ermənistanın 2007-ci ildə qəbul olunmuş Hərbi Doktrinasında isə Rusiya Ermənistanın dövlət təhlükəsizliyinin əsas təminatçısı və strateji müttəfiqi qismində göstərilib.
Məsələnin Azərbaycanın təhlükəsizliyi üçün əsas problem xarakteri Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması faktı ilə bağlıdır. Müşahidələr göstərir ki, sözügedən sənəd Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından ziyanlıdır. Əslində, bu gün Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasəti yürüdərkən əsas etibarilə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına arxalanır. Bu ölkənin ayrı-ayrı rəsmiləri bunu açıq-aşkar etiraf edirlər.
Qazaxıstan və Ukraynadan sonra postsovet məkanının üçüncü respublikası - Ermənistanda hərbi mövcudluğunun müddətini artırmaq niyyətində olan Rusiyanın səyləri xüsusi diqqət çəkir. Ekspertlərin fikrincə, hazırda Kremlin əsas məqsədi Ermənistanı Cənubi Qafqazın hərbi baxımdan ən güclü dövlətinə çevirməkdir. Moskvada düşünürlər ki, bununla da NATO-nun regiona təsirinin qarşısını ala və eyni zamanda hər üç Qafqaz ölkəsinin Qərbə meyillənməsini əngəlləyə biləcəklər. 49 il heç də az müddət deyil və bu müddətin təyin olunması yəqin ki, Rusiyanın hərbi-siyasi dairələri tərəfindən Cənubi Qafqazı 2060-cı ilə qədər müəyyənləşdirmək məqsədi güdür.
Azərbaycan tərəfi Rusiyanın Ermənistanla bağlı hərbi planlarına çox kəskin yanaşır. İstər Müdafiə Nazirliyi, istərsə də XİN Rusiyanın Ermənistanı intensiv silahlandırmasını yolverilməz hesab edir və bunun bölgədəki vəziyyəti gərginləşdirəcəyini deyir. Rusiyanın Ermənistana 2008-ci ildə 800 milyon dollarlıq silah-sursat yardımına dair məlumatlara Azərbaycanın dövlət rəsmilərinin kəskin münasibətləri xatırlanmalıdır.
Qərbin, xüsusilə NATO-nun bu sənəd layihəsinə münasibətinin kəskin olacağı şübhəsizdir. Çünki bu sənəd alyansın Cənubi Qafqaz planlarına birbaşa təsir edir və regionda sabitlik yaradılması, münaqişələrin nizamlanması istiqamətində yaxşı nəsə vəd etmir. Bütün bu məqamların NATO-nun ilin sonunda keçiriləcək növbəti sammiti zamanı müzakirələrə səbəb olacağı istisna deyil.
Sənəd layihəsinin ən təhlükəli hissələrindən biri Rusiyanın Ermənistan ordusunu silahlandırması ilə bağlıdır. Məqsəd nədir? Azərbaycanın ərazilərinin işğalı prosesini davam etdirməkmi?
...İndi bəlli olur ki, Rusiya hərbi mənbələrinin "Vedemosti" qəzeti vasitəsilə iyulun 29-da Moskvanın Azərbaycana S-300 raket kompleksini satacağı ilə bağlı yaydıqları məlumatın arxasında (axşam saatlarında məlumatı təkzib etmələrinə baxmayaraq) dünən yayılan məlumatın - Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı planlarının Azərbaycan ictimaiyyətində şok effekti yarada biləcək təsirini azaltmaq durub...
|
|
|
Oxşar xəbərlər:
Ermənistan dünyanı aldadır
Ermənistan ordusunun çağırışçı problemi
İrəvan bu günlərdə nəylə nəfəs alır?
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Tarkan rus dilini öyrənməyə söz verib
|
|
|