Klipmeykerlikdən tədricən uzaqlaşan rejissor Aqil M.Quliyev bu gün reklam sahəsində çalışmağın onun üçün daha asan olduğunu deyir. Onun etirafına görə, bu fikri şou-biznes nümayəndələri ilə əməkdaşlığına şamil etmək olmaz:
"Düşünürəm ki, bu gün müğənnilər, modellər üçün aktyorluq kursları təşkil olunmalıdır. Bizdə bizneslə şou-biznesi bir az düzgün təqdim etmədikləri üçün tamaşaçı şüurunda uzaq və çox bədbin bir görüntü var. Bu insanlar əvvəlcə peşəkarcasına danışmağı öyrənib, bildiklərini düzgün şəkildə tələffüz etməyi bacarmalıdırlar. Onlar hələ də kamera qarşısında özlərini rahat hiss etmirlər".
Rejissorun qənaətinə görə, şou-biznesdə fəaliyyət göstərən insanların təxminən 20 faizi kamera qarşısında özlərini itirmir. Bu da savadlanmağın hesabınadır.
"Qalanlarında isə istedad var, savad yox. Hər bir insan, o cümlədən oxuyan, rəqs edən, səhnəyə çıxan hər kəs cümlə qurmağı bacarmalıdır. Qurulan cümlənin başlanğıcı, ortası və axırı olmalıdır. Lakin bir çoxlarında fikir tamamlanmır. Mənə elə gəlir ki, Azərbaycan şou-biznesində olanlara savad kursları keçməyə ehtiyac var. Belə olan təqdirdə mən də müğənnilərə klip çəkmək həvəsimi artıraram".
Azərbaycanda güclü mütəxəssislərin reklam sahəsində olduğunu deyən Aqil M.Quliyev klipdə, kinoda, teatrda müasir texnologiya ilə çalışan insanların - montaj ustaları, qrafika mühəndisləri, marketoloqlar, rejissorlar - digər sahə mütəxəssisləri ilə müqayisədə daha çox inkişaf etdiyini bildirdi.
"Tamaşaçı ilə reklam dil tapmalıdır. Ona görə də reklam janrında bütün işlər tamaşaçının onu rahat qavramasına qulluq edən əsərlərdir. Kinonun da əsası belədir, tamaşaçı baxıb ləzzət alsın, sabah da kinoteatrlara gəlmək üçün zəmin olsun", - deyə rejissor bildirdi.
Bəllidir ki, bizdə reklamın səviyyəsindən danışanda reklam əvəzinə yüksək səviyyəli, illüstrasiya olunmuş elanların olduğunu görürük. Bu barədə rejissor belə düşünür:
"Bu da bir mərhələdir, biz onu keçməliyik. Sonra daha cəlbedici reklamlar əmələ gələcək. Onu da bazar tələb etməlidir. Bizim gördüyümüz reklam çarxları maliyyə nöqteyi-nəzərindən özünü doğrultmasa, sifarişçilər reklamı dəyişərdilər. Bazar hələlik elan tələb edir. Biz yalnız çalışa bilərik ki, savadlı şəkildə, imkan çərçivəsində keyfiyyəti qaldıraq. Və özəlliyimiz odur ki, tamaşaçıya hadisəni çatdıraq. Təbii ki, reklam agentinin xəbəri necə çatdırmasının da rolu böyükdür".
|