Abşeron rayonu, Qobu qəsəbəsində baş verən silahlı insidentlə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal sakini Elxan Ağayevi güllələməkdə təqsirli bilinənlər - Xırdalan şəhər sakini İlqar Hacıyev və Bakı şəhər sakini Fərhad Mövsuni tutulub, onlardan hadisə zamanı istifadə etdikləri "Makarov" markalı tapança, 1 ədəd güllə darağı və 4 ədəd güllə götürülüb.
Aparılan araşdırma zamanı cinayət hadisəsinin törədilməsi barədə bəzi məlumatlar da üzə çıxıb. İlqar Hacıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun hadisəni Xırdalan şəhər sakini Töhfə Məmmədovanın sifarişi ilə törətməsi müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində Töhfə Məmmədova və cinayətkar qrupun digər üzvü, Bakı şəhər sakini Vüqar Qasımov da tutulublar.
İstintaqa ifadə verən Töhfə Məmmədova bildirib ki, Elxan Ağayev ilə yaxın münasibətlərdə olub. Onun sözlərinə görə, Elxan Ağayev bundan istifadə edərək mobil telefonu ilə onun çılpaq halda erotik pozalarda fotoşəkillərini və videogörüntülərini çəkib:
"Elxan həmin fotoşəkil və videogörüntülərlə məni şantaj edib. Bu şantajla Elxan Ağayevə Qobu qəsəbəsində 3 mərtəbəli ev tikmişəm. Son 8 ayda Elxan Ağayevə hər dəfə 1000-1500 manat olmaqla cəmi 15000 manata qədər pul vermişəm. Lakin Elxan bütün bunlarla kifayətlənməyib. Məni şantaj eləməyə davam edərək, biznes sahəsindəki gəlirlərimin hamısını əldə etməyə çalışıb".
Onun sözlərinə görə, Ağayevin şantajlarından bezərək, onu öldürtmək qərarına gəlib:
"Bu məqsədlə 2010-cu il iyun ayının əvvəllərində tanışım və ərimin uzaq qohumu Qasımov Vüqar Tofiq oğluna zəng edərək, onunla vacib məsələ barəsində danışmaq istədiyimi bildirdim. Vüqar Qasımova Elxan Ağayevin mənə mane olduğunu və təhqir etdiyini söylədim. Elxanı öldürtmək üçün kömək etməsini xahiş etdim. Vüqar da bu işi görmək üçün adam axtarıb tapacağına söz verdi".
Vüqar Qasımov isə ifadəsində qeyd edib ki, Töhfədən aldığı sifarişi həyata keçirmək üçün tanışı Hacıyev İlqar İdris oğluna mobil telefonla zəng edərək onu "Qələbə" kinoteatrının yanına görüşə çağırıb:
"Mən Töhfə Məmmədovanın sifarişini İlqara çatdırdım. İlqar Hacıyev 25000 manat pulun müqabilində Elxan Ağayevi öldürməyə razılıq verdi. Biz 25000 manat pulun 10000 manatının əvvəlcə verilməsi, 15000 manatının isə Elxan Ağayev öldürüləndən sonra verilməsi barədə razılığa gəldik. Sabahı gün Töhfə Məmmədova ilə görüşərək, 30000 manata Elxan Ağayevi öldürməyə razı olan adam tapdığımı, 10000 manatın əvvəlcə verilməsini, pulun qalan hissəsinin isə Elxan öldürüləndən sonra verilməli olduğunu bildirdim. Töhfə də mənimlə razılaşaraq, 10000 manat pul verdi. Həmin pulu alaraq İlqar Hacıyevə zəng edib onu "Qələbə" kinoteatrının yanına çağırdım. Pulu İlqara verdim. Bundan sonra isə özüm Elxanın barəsində məlumatlar toplamağa başladım. Elxanı izləyərək onun yaşadığı evinə, ofisi olduğu "Caspian Plaza"ya getdiyi vaxtları müəyyən etdim. Daha sonra bu barədə İlqar Hacıyevə həmin ünvanları göstərdim".
Onun sözlərinə görə, Töhfə Məmmədova və Vüqar Qasımovun qurduğu plana əsasən qadın iyulun 14-də Elxan Ağayevə zəng edərək, onu Qobu qəsəbəsində görüşə çağırıb:
"Lakin Töhfənin özü görüşə gəlmədi. Plana əsasən, bu görüş zamanı İlqar Elxan Ağayevi öldürməli imiş. Həmin gün Elxan saat 16 radələrində Qobu qəsəbəsindəki yeni tikilməkdə olan evinə gəlib. Onu izləyən İlqar Elxan Ağayevə yaxınlaşaraq qəsəbədə 1 sot torpağın qiymətinin neçəyə olduğunu soruşub. Elxan da bu məsələ ilə bələdiyyələrin məşğul olduğunu söyləyib. Elxan geri dönmək istəyərkən, İlqar "Makarov" tipli tapança ilə onu bel nahiyəsindən bir dəfə atəş açaraq, ağır yaralayıb. İlqar daha sonra hadisə yerindən qaçıb...".
|