Ölkənin ən böyük kapitallaşmış bankı çətinlik içində
 |
Bütövlükdə milli bank sistemində problemlər yaşanır
Şənbə, 31.07.2010
|
|
Qlobal maliyyə böhranının təsirləri zəifləsə də, yerli banklarda problemlər yaşanmaqdadır. Bank sektoru həssas olduğundan bu təsirdən hələ ki yaxa qurtara bilmir. Bəzi banklar vətəndaşların əmanətlərinin faizini və səhmdarlara rüblük dividendləri ödəməkdə çətinlik çəkir. Bu hal pul kütləsinin azlığı ilə əlaqələndirilir. Dividendləri ödəyə bilməyən banklar siyahısında Beynəlxalq Bank da var.
Amma bu bank ölkənin ən kapitallaşmış bankı sayılırdı. Təbii ki, Beynəlxalq Bankda müşahidə edilən problemlər adi vətəndaşlar, müəssisələr arasında narahatlıq doğurur. Hamı haqlı olaraq narahatlıq keçirir ki, əgər ölkənin birinci bankında problem yaşanırsa, o zaman kapitalının həcminə görə ölkənin 15-ci və ya 20-ci bankında problem yaşanmayacağına kim zəmanət verə bilər? Bu hal həm də onun göstəricisidir ki, Beynəlxalq Bankda müşahidə edilən problemlər yalnız bu bankın deyil, bütövlükdə Azərbaycan bank sisteminin problemidir.
Maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən Beynəlxalq Bank səhmdarlarının ümumi yığıncağı və qəbul edilən qərarlar müzakirə obyekti olaraq qalmaqdadır. Sözügedən toplantıda səhmlərin 80 faizinə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil olmaqla dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi və növbəti ödənişin həyata keçirilmə məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edilib. Diqqəti çəkən isə qərarın bankın artıq 3 rübdür səhmdarlara dividend vermədiyi barədə mətbuatda xəbərlərin yer almasından sonra verilməsidir. Məlumatlara görə, bu hal bankın tarixində ilk dəfədir baş verir.
Təbii ki, bu qərar bankda vəziyyətin yaxşı olmadığından xəbər verir. Belə bir qərarın qəbulu rüblük dividendlərin ödənilməsi ilə bağlı problemin qalmaqda olduğunu göstərir. Bankın növbəti ödənişin həyata kesirilmə məsələsinə 2011-ci ildə baxılması barədə qərarı isə o deməkdir ki, bu il ərzində bank öz səhmdarlarına dividend ödəyə bilməyəcək.
Xatırladaq ki, Beynəlxalq Bankın maliyyə vəziyyətinin ağır olması bir sıra beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapıb. Belə ki,"Fitch Ratings" beynəlxalq reytinq agentliyi hələ ötən ilin sonlarında Beynəlxalq Bankın bütün kreditlərinin təqribən üçdə birinin - 27,8 faizinin problemli, "pis borc" sayıldığı barədə məlumat açıqlamışdı. Beynəlxalq normalara əsasən, bu göstəricinin beş faizi keçməsi "həyəcan təbili" üçün kifayət idi. Məlumat üçün bildirək ki, Beynəlxalq Bank ölkənin ən kapitallaşmış bankıdır.
Bank bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır. Bankın nizamnamə fondunun 50,20% dövlət müəssisələrinin, 3,27% qeyri-dövlət müəssisələrinin, 38,63% fiziki şəxslərin, 7,90% xarici təsisçilərin payına düşür. Maliyyə qurumunun nizamnamə kapitalı 240 milyon manat təşkil edir. Bu il iyulun 1-nə olan məlumata görə, bankın balans kapitalı 627,7 milyon manat səviyyəsindədir.
Azərbaycan bankları arasında xaricdə ilk dəfə Beynəlxalq Bank AAA+ reytinqi alıb. Ancaq Beynəlxalq Bankda müəyyən maliyyə problemlərinin mövcudluğu, eləcə də dividendlərin ödənilməsindəki problemlər maliyyə qurumunun xarici reytinqinə təsir göstərir. Beynəlxalq maliyyə qurumları bank sistemini qiymətləndirən zaman xüsusilə qlobal maliyyə böhranından sonra Azərbaycanda problemli banklar sırasında Beynəlxalq Bankın adını da qeyd edirdilər. Bunun nəticəsidir ki, Beynəlxalq Bankın reytinqi böhran başladıqdan sonra AAA+ reytinqindən BB reytinqinə qədər düşüb.
Nəzərə alsaq ki, Beynəlxalq Bankın uzun müddət reytinqi AAA+ reytinqi olub, o baxımdan bankın Amerika Birləşmiş Ştatlarında, Avropada ucuz maliyyə mənbələrinə birbaşa çıxış imkanları olub. Deməli, Beynəlxalq Bankın cəlb etdiyi vəsaitlərin faiz dərəcələri digər bankların cəlb etdikləri vəsaitlər üzrə faiz dərəcəsindən aşağı təşkil edib. Praktik olaraq bu hal Beynəlxalq Banka kifayət qədər manevr imkanları versə, kredit bazarında rəqabət üçün üstünlük qazandırsa da, ötən müddətdə bankın kredit bazarında mövqeləri ciddi şəkildə möhkəmlənməyib. Əksinə, problemli - yəni verilən və geri qaytarılmayan kreditlərin artımına gətirib çıxarıb.
"Banklar sağlamlaşdırılmalıdır"
MM iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bizimlə söhbətində yerli bankların bir hissəsində əmanət faizlərinin ödənilməsi ilə bağlı problemlər olduğunu təsdiqlədi. Bildirdi ki, Azərbaycan böhrandan ciddi zərər çəkməyib. Yəni antiböhran siyasəti maliyyə sektorunu mövcud zərbədən müəyyən dərəcədə sığortalaya bildi. Amma bütün bunlara baxmayaraq, maliyyə bazarında tərəddüdlər davam etdiyindən banklarda gərginlik yaşanır:
"Məsələn, hazırda 15-dən artıq bankda problem mövcuddur. Buna görə də bankların sağlamlaşdırılması istiqamətində geniş proqramlar hazırlanmalıdır". İqtisadçı millət vəkili hesab edir ki, əmanət faizlərinin ödənilməsinin dayandırılması ajiotaj yaratmamalıdır. Onun fikrincə, bir neçə il əvvəl sözügedən problem narahatlıq yarada bilərdi. Lakin "Əmanətlərin sığortalanması haqqında" qanun qəbul edildiyindən vəziyyət xeyli dəyişib.
Ə.Məsimli bir məqamı da vurğuladı ki, qanun yeni qüvvəyə minən zaman parlamentə xeyli şikayət daxil olurdu. Həmin şikayətlərdə bildirilirdi ki, qanun qəbul edilsə də, bank işçilərinin tələbləri qanunlardan öndə dayanır:
"Yəni bəzi bank işçiləri əmanətləri sığortalamaqda maraqlı deyil və bununla bağlı müxtəlif bəhanələr gətirilir. Əslində belə faktlar var və həmin çatışmazlıqların aradan qaldırılması yönündə aidiyyəti qurumlar müvafiq tədbirlər görməlidirlər".
Millət vəkili əmanətlərin sığortalanma məsələsində maarifçilik işinin zəif təşkilindən də gileylənir və bu yöndə silsilə tədbirlər həyata keçirilməsinin zəruriliyini vurğulayır:
"Hesab edirəm ki, xüsusi çarxların, reklam süjetlərinin, tok-şouların hazırlanaraq ictimaiyyətə təqdim olunması faydalı olar. Təbii ki, bu təqdirdə əmanətçi və bank arasında yaranan maliyyə anlaşılmazlığı ciddi fəsadlara yol açmaz". Beynəlxalq Bankda yaranan problemə gəlincə, Ə.Məsimli bunun obyektiv səbəblərlə bağlı olmasına inanmır:
"Bu bank beynəlxalq nüfuza malik bir qurumdur və xeyli sayda xarici partnyoru var. Düşünürəm ki, müştərilərlə bank arasındakı maliyyə anlaşılmazlığı obyektiv deyil, sırf subyektiv səbəblərlə bağlıdır". Yerli banklarda faiz dərəcələrinin yüksək olmasından da gileylənən həmsöhbətimiz deyir:
"Biz bununla bağlı iradlarımızı dəfələrlə bildirmişik. Xüsusilə istehlak kreditlərində faiz dərəcələri aşağı salınmalıdır. Əgər bu yöndə müvafiq işlər görülməsə, onda bankların qarşısı maşın dayanacağına çevriləcək..
|
|
|
Oxşar xəbərlər:
Beynəlxalq Bank dividendləri 2 dəfə azaltmaq istəyir
|
|
|