çap et  
Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib
Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib
Hərbi xidmət əleyhinə cinayətlərin sayı isə azalıb
Şənbə, 24.07.2010

C.Məzahiroğlu

Respublika Hərbi Prokurorluğunda 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Hərbi Prokurorluq mətbuat xidmətindən verilən məlumata görə, baş prokurorun müavini, respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə keçirilən kollegiyada hesabat dövründə qanunçuluğun möhkəmləndirilməsi, dövlətçilik maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli təhlil olunub.

Kollegiyada çıxış edən hərbi prokuror Xanlar Vəliyev prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirildiyini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, ordunun döyüş qabiliyyətinin xeyli yüksəldiyini və şəxsi heyətin nizam-intizamının gücləndiyini qeyd edib.

Hərbi prokuror bildirmişdir ki, döyüş şəraitində fərarilik halları qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin birinci yarısında qeydə alınan hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən tabelik qaydası əleyhinə olan, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, silahla davranış qaydalarını pozma kimi cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Döyüş şəraitində xidməti yerini tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb. Silahlı Qüvvələrdə baş vermiş cinayətlərin 99,2 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması tam təmin olunub.

Xanlar Vəliyev dövlət proqramına uyğun olaraq respublika hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin tərkibində xüsusi istintaq və maddi-texniki təminat şöbələrinin yaradıldığını, bilavasitə ölkə başçısının müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğunun yaradılaraq fəaliyyətə başladığını, Qazax Hərbi Prokurorluğu üçün isə yeni inzibati binanın istifadəyə verildiyini də xüsusi olaraq vurğulayıb.

Ötən dövr ərzində Hərbi Prokurorluq korrupsiya cinayətlərinə qarşı da ciddi mübarizə aparıb. Bu da əvvəlki illərlə müqayisədə cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrdə mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə və bu kimi digər cinayət hadisələrinin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb. Hərbi Prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə baş vermiş cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 51 faizinin istintaq zamanı ödənilməsi təmin edilib.

2010-cu ilin birinci yarısında Hərbi Prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 86 yoxlama aparılıb ki, bunun nəticəsində 1090 qanun pozuntusu aşkar edilib, 51 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb.

Kollegiyada həmçinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət hadisələrinin istintaqı barədə də məlumat verilib. Qeyd olunub ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə tövsif edilib. İş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan olunub. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.