"Əl-Qaidə" lideri Hüsamə bin Ladenin ailəsinin İranda olduğunu Tehran artıq inkar edə bilmir. "Miqnyus"a istinadən məlumatlara görə, bin Ladenin dördüncü oğlu Ömər "əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirib ki, "əl-Qaidə" başçısının ailəsinin "20 üzvü zorla İranda saxlanılır".
Onun sözlərinə görə, Tehran həmin "girov"ların taleyi barəsində Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmaq istəmir: "Fikrimcə, ailə üzvlərimizin İrandan çıxma vaxtı yetişib. Ancaq onların ölkənin tərk etmək üçün və kimliklərini təsdiqləyəcək heç bir sənədi yoxdur. Odur ki, məsələyə üçüncü dövlətin qarışması vacibdir. Ailə üzvlərimizi qəbul edəcək dövlət Səudiyyə Ərəbistanıdır, İransa onları vermir. Osman (Tehranda saxlanılan qardaşı - S.S.) bir neçə gün öncə mənə zəng vuraraq xahiş etdi ki, onların azad edilməsi üçün çalışım, eləcə də onlara sığıncaq verəcək dövləti arayım".
Ehtimal edirlər ki, bin Ladenin 20 nəfərlik ailəsi Tehranda yaşayır. 2001-ci il sentyarbın 11-də baş vermiş məlum terror aksiyasından sonra onlar Əfqanıstandan İrana qaçıblar. İranda saxlanılanlar "dünyanın bir nömrəli terrorçusu" adını almış Hüsamənin arvadlarından biri Həriyyə Saber, oğlanları - Saad (30 yaş), Osman (27 yaş), Həmzə (19 yaş), qızı Fatimə (24 yaş) və onların həyat yoldaşları, uşaqlarıdır.
Ömər bin Ladenin dediyinə görə, ABŞ onları qəbuldan imtina etmir: "Qardaşlarıma qarşı ABŞ və istənilən başqa bir dövlət ittiham irəli sürməyib. Amerika ailə üzvlərimizin İslam Respublikasından çıxarılmasına da razılıq verib".
|