"Hesab edirik ki, dünyada mövcud olan münaqişələr bir-birindən fərqlənir və Kosovo da daxil olmaqla, onların nizamlanmasının vahid resepti yoxdur". Bu fikri Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov "Turan"a Haaqa məhkəməsinin Kosovonun Serbiyadan ayrılmasının qanuniliyi haqqında qərarını şərh edərkən bildirib.
Haaqa məhkəməsinin "konsultativ qərarına" baxmayaraq, Azərbaycan Serbiyanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu mövqe bu yaxınlarda Serbiya prezidenti Boris Tadiçin Azərbaycana səfəri zamanı da təsdiq edilib, - deyə Poluxov əlavə edib.
Qarabağ nizamlanmasına gəlincə, ATƏT-in mandatına uyğun olaraq, danışıqlar prosesi Minsk Qrupu çərçivəsində həyata keçirilir.
Poluxov həmçinin Serj Sarkisyanın Sankt-Peterburq görüşü zamanı Azərbaycan və Ermənistan prezidentlərinə nizamlanma üzrə yeni təkliflər təqdim edilməsi barədə dediklərini şərh edib. Onun sözlərinə görə, bu gün danışıqlar masasında yeganə sənəd "Madrid prinsipləri"nin yenilənmiş variantıdır. O, ötən ilin sonlarında Afinada MQ həmsədrləri tərəfindən Azərbaycan və Ermənistana təqdim edilib.
Sankt-Peterburq görüşünə gəlincə, o, ATƏT MQ "formatından kənar" keçirilib və burada "işgüzar təkliflər" irəli sürülüb. ATƏT-in MQ çərçivəsində keçirilən rəsmi danışıqlarda "Madrid prinsipləri"nin yenilənmiş variantı müzakirə olunur, - deyə Poluxov bildirib.
Xatırladaq ki, cümə axşamı Haaqa Beynəlxalq Məhkəməsinin çıxardığı qərara görə, Kosovonun müstəqilliyinin birtərəfli elan olunması legitimdir və beynəlxalq hüquqa zidd deyil. Bu qərar Kosovo hakimiyyətinin Belqrad ilə danışıqlar masasına oturmağa məcbur edilməsilə bağlı Serbiyanın məhkəməyə müraciətinə cavab olub.
Kosovonun müstəqilliyini BMT üzvü olan 69 ölkə tanıyıb. Lakin bunun beynəlxalq tanınması üçün BMT-nin 97 üzvü tərəfindən tanınması lazımdır. Kosovo diyarının alban əhalisi 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqil dövlət yaradıldığını bəyan ediblər. Bundan əvvəl diyarın statusu ətrafında təxminən on il mübarizə gedib.
Ekspertlərin fikrincə, bu qərar Dağlıq Qarabağ ətrafında münaqişədə presedent ola bilər. Belə ki, Beynəlxalq Məhkəmə ərazi bütövlüyü prinsipinə açıq şəkildə məhəl qoymayaraq, öz müqəddəratını təyin etməyə üstünlük verib. Qarabağın erməni əhalisi bu qərarı alqışlayıb və yəqin ki, siyasi dəstək üçün məhkəməyə müraciət edəcək. Azərbaycan öz ərazilərini erməni işğalından azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, bu cür müraciətin baş tutacağına şübhə etməmək olar.
|