![]() |
çap et |
|
|||
Prezident İlham Əliyev yerli və beynəlxalq jurnalist təşkilatlarının diffamasiyaya görə cəzanın ləğvi barədə çoxsaylı çağırışlarına münasibət bildirib. "Turan"ın məlumatına görə, srağagün axşam Mətbuat Şurasının yeni binasının açılışında dövlət başçısı deyib ki, hətta Avropanın inkişaf etmiş ölkələrində belə bu məsələyə dair birmənalı mövqe yoxdur.
"Biz bu qanunun qəbulunun əleyhinə deyilik. Əgər nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kimi cəzalandırmırlar, onda deyə bilərik ki, bu sahədə qeyri-rəsmi moratorium müşahidə olunur", - deyə Əliyev deyib. Prezident qeyd edib ki, bəzən beynəlxalq təşkilatlar qeyri-obyektiv olur və "xırda məsələ ilə bağlı böyük hay-küy salırlar". Qonşu ölkələrlə bağlı belə yanaşma yoxdur. Buna misal olaraq o, 2008-ci ildə prezident seçkilərindən sonra Ermənistanda 10 yürüşçünün öldürülməsini və repressiyaları xatırladıb. Avropa Şurasında və beynəlxalq mətbuatda bu mövzu çox tez qapandı: "Azərbaycanda isə müqayisəolunmaz dərəcədə çox bir xırda məsələ baş verən kimi dərhal beynəlxalq media orqanlarına çıxarılır. Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək", - deyə Əliyev bildirib. "Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Amma çox istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılsın", - deyə prezident vurğulayıb. Mətbuatın iqtisadi problemlərinə toxunan Əliyev etiraf edib ki, əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq söylənilən rəqəmlər göstərir ki, burada bölgü ədalətsiz aparılır. Sonra o bildirib ki, Azərbaycan dövləti və iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. "Mən prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır", - deyə o qeyd edib. Eyni zamanda o, mediada yalan informasiyanın verilməsinin qəbuledilməz olduğunu vurğulayıb: "Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir". O, mətbuatın siyasiləşməməsinin vacibliyini vurğulayıb: "Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək bizə uğur gətirə bilməz. Mən bunu da bilirəm, bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərirlər. Onların sifarişi ilə yazılan məqalələr də dərc olunur. Bu məsələ ilə də bağlı məndə kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə yolverilməzdir. İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə ümumiyyətlə son qoyulmalıdır. Burada mən sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin", - deyə dövlət başçısı qeyd edib. Əliyev həmçinin jurnalistlərin hüquqlarının tam şəkildə qorunmasına çağırıb: "Jurnalistlərə qarşı hörmətsizlik, zorakılıq edilməməlidir. Düzdür, biz Azərbaycanda artıq belə hallar ilə rastlaşmırıq. Ancaq hesab edirəm ki, bu sözlərin mənası öz təsirini göstərəcək. Jurnalist həmrəyliyi çox yaxşı şeydir və mən bunu bəyənirəm. Ancaq bəzi hallarda biz bunu görürük ki, jurnalist həmrəyliyi qanunu da, qanunvericiliyi də kənara qoyur və sadəcə olaraq, jurnalistlərin hüquqlarının qorunması məsələləri ilə bağlı fikirlər ortaya qoyulur. Biz burada hüquqların qorunması ilə bərabər, eyni zamanda, qanunun aliliyini də təmin etməliyik", - deyə o vurğulayıb. Prezident jurnalistləri Azərbaycanda vətənpərvərlik mövzusuna diqqəti artırmağa ağırıb: "Gənclərin tərbiyəsi ilə bağlı məsələlər, idman sahəsindəki uğurlarımız, ordu quruculuğu sahəsində aparılan işlər - bütün bunlar bir məqsədi güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik ruhunu və duyğularını daha da gücləndirək". O, Eynulla Fətullayeva işarə edərək deyib: "Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir. Yəni mən buna heç söz tapa bilmirəm. Bu məsələ ilə bağlı fikirləri sözlə ifadə etmək çətindir. Hesab edirəm ki, Azərbaycan mediasında belə hallara qarşı çox ciddi və operativ reaksiya verilməlidir. Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır", - deyə qeyd edən prezident İlham Əliyev həbsdə olan jurnalistlərin məsələsi ilə bağlı ictimaiyyət nümayəndələrinin, jurnalistlərin və beynəlxalq təşkilatların çoxsaylı müraciətlərinə isə çıxışında toxunmayıb. |